11:30 Oxunub: 253

Prezident İlham Əliyev: “Xalq-iqtidar birliyi bizim inkişafımızı şərtləndirir”

Prezident İlham Əliyev: “Xalq-iqtidar birliyi bizim inkişafımızı şərtləndirir”

“Dünya Bankının, Davos Ümumdünya Forumunun hesabatlarında göstərilir ki, elektrik enerjisinə əlçatanlıq əmsalına görə Azərbaycan dünyada ikinci yerdədir”.

APA-nın məlumatına görə bunu Prezident İlham Əliyev oktyabrın 28-də Ağdaş şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin istismara verilməsi münasibətilə təşkil edilmiş tədbirdə qeyd edib.

Dövlət başçısı qeyd edib ki, dünyada nə qədər inkişaf etmiş ölkə olsa da, onların arasında, bütün dünya ölkələri arasında Azərbaycan ikinci yerdədir: “Xalqın hökumətə inamına görə indi biz birinci onluqdayıq. Bu, nəyi göstərir? Bunu biz demirik, bunu geniş təhlil aparan dünyanın ən mötəbər qurumları deyir və bu da həqiqətdir. Bizim gücümüzün də mənbəyi budur. Çünki xalq-iqtidar birliyi bizim inkişafımızı şərtləndirir və bu dəstək bizə güc verir ki, biz öz sözümüzü deyək, öz mövqeyimizi müdafiə edək”.
Prezident İlham Əliyev əlavə edib ki, Azərbaycanın beynəlxalq gündəliyi də çox zəngindir: “Təkcə bu ay ərzində Azərbaycan iki önəmli təşkilata sədrliyi öz üzərinə götürüb. Oktyabrın ortasında Azərbaycan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrliyi öz üzərinə götürüb və biz bir il bu təşkilata rəhbərlik edəcəyik. Oktyabrın 25-də isə dünyanın ikinci böyük təşkilatı olan Qoşulmama Hərəkatına sədrlik etməyə başlamışıq. Qoşulmama Hərəkatından daha böyük təşkilat Birləşmiş Millətlər Təşkilatıdır ki, onun da sədri olmur. Orada Təhlükəsizlik Şurasının sədri olur və özü də rotasiya qaydasında. Ona görə biz bu gün işlək vəziyyətdə sədrliyi olan ən böyük beynəlxalq təşkilata sədrlik edirik və bu sədrliyi 119 ölkənin dəstəyi ilə əldə etmişik. Bu, nəyi göstərir? Onu göstərir ki, dünya ictimaiyyəti bizi dəstəkləyir, bizə inanır, bizə rəğbətlə yanaşır və bizim mövqeyimizi müdafiə edir”.

Ölkə başçısı xüsusi olaraq vurğulayıb ki, Azərbaycanın gələcəkdə ancaq inkişaf yolu ilə getməyi üçün bütün şərtlər var: “Mən tam əminəm ki, Azərbaycan bundan sonra da sabitlik, inkişaf və tərəqqi yolu ilə gedəcək, bu gün xalqı narahat edən bütün problemlər – sosial infrastruktur, sosial ədalətlə bağlı olan problemlər öz həllini tapacaq”.
XƏBƏR LENTİ