18:05 Oxunub: 105

İLHAM ƏLİYEV: ADININ DÜNYA DİPLOMATİYA VƏ HƏRB TARİXİNƏ HƏKK ETMİŞ XOŞBƏXT PREZİDENT

İLHAM ƏLİYEV: ADININ DÜNYA DİPLOMATİYA VƏ HƏRB TARİXİNƏ HƏKK ETMİŞ XOŞBƏXT PREZİDENT
Qazax rayon vergilər idarəsinin rəisi Elmar Bağıyev: Öz əməlləri ilə xalqı və dövlətinin sonsuz sevgisini qazanmış lider xoşbəxtdir. Məsələyə bu xüsusda yanaşdıqda böyük qürur və fəxarət hissi ilə deyə bilərik ki, möhtərəm Prezidentimiz İlham Əliyev xoşbəxt dövlət rəhbəridir. Xalqı ona görə cənab prezidenti sevir ki, o, müasir Azərbaycan dövlətçiliyinin banisi ulu öndər Heydər Əliyev müəyyən etdiyi siyasi kursa sadiqdir və son 19 il ərzində ölkəmizi uca zirvələrə yüksəltməkdədir. Xalqı ona görə prezidentini sevir ki, o, heç bir vaxt hər hansı böyük dövlət və ya beynəlxalq təşkilatın diqtəsi ilə deyil, məhz lideri olduğu çoxmillətli və çoxkonfessiyalı Azərbaycan dövlətinin milli maraqlarından irəli gələn müstəqil siyasətin müəllifidir. Həmin siyasətin təntənəsi Azərbaycanın siyasi sabitliyində, iqtisadi gücündə, sosial rifahında, uğurlu xarici siyasətində, xüsusilə də tarix yazan güclü ordusunda öz təsdiqini tapır.
Zəmanəmizin dühası Heydər Əliyevdən “Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” qiymətini alan Prezident İlham Əliyev Azərbaycanın bugünkü və gələcək inkişafının təminatçısıdır. Cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan son 19 il ərzində özünün milli dövlət quruculuğu və idarəçiliyinin növbəti şərəfli mərhələsini yaşayır.
Prezident İlham Əliyevin Azərbaycan tarixinə yeni missiya ilə qədəm qoymuşdur. Bu missiyanın fəlsəfəsi daha əvvəl “Əsl siyasət konkret, real iş görməkdən ibarətdir” deyərək ictimai fəaliyyətə başlayan cənab İlham Əliyevin hələ 2003-cü ildə söylədiyi “Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam, hər bir Azərbaycan vətəndaşının qayğı və problemlərinin həlli yolunda bütün bacarıq və qabiliyyətimi əsirgəməyəcəyəm” fikirləri ilə real məzmun kəsb etməyə başladı.
Bu mərhələnin başlanğıc nöqtəsi 2003-cü il 15 oktyabr tarixli prezident seçkilərində cənab İlham Əliyevin xalqın mütləq əksəriyyətinin səsini toplayaraq (76,86 %) dövlətin ali rəhbəri seçilməsi ilə qoyuldu. Prezidentliyinin ilk 5 ili ərzində İlham Əliyevin dövlətçiliyimiz tarixində yeni missiyasının həll etməli olduğu vəzifələrə Azərbaycanda bir çadır şəhərciyinin belə qalmayacağı, məcburi köçkünlərin sosial müdafiəsinin təşkilinin əsas məsələ olacağı, yoxsulluğun aradan qaldırılması üçün daha səmərəli tədbirlər görüləcəyi, 600 min yeni iş yerinin açılması istiqamətində qısa zamanda real nəticələr əldə olunacağı, regionların iqtisadi inkişafı və aqrar islahatların ikinci mərhələsi ilə bağlı dövlət proqramları hazırlanacağı, sahibkarlığa dövlət qayğısının artırılacağı, transmilli layihələr çərçivəsində ölkənin yeni infrastrukturunun yaradılmasına nail olunacağı və s. daxil idi. İlham Əliyevin prezidentlik fəaliyyətinin qeyd edilən dövrü ərzində sadalanan bütün istiqamətlər üzrə nəzərəçarpacaq nailiyyətlər əldə olundu. 610 min yeni iş yerinin açılması, neft gəlirlərindən istifadə olunmaqla qeyri-neft sektorunun inkişaf etdirilməsi, sahibkarlığın inkişafına əlverişli şərait yaradılması, əhalinin aztəminatlı hissəsinin sosial müdafiəsinin gücləndirilməsi, hər bir azərbaycanlı ailəsi üçün rifahın və təhlükəsizliyin təmin edilməsi, dövlət strukturlarının işinin səmərəli, dünya standartlarına uyğun şəkildə qurulması, rəhbər işçilərin məsuliyyətinin artırılması, milli birliyin və həmrəyliyin möhkəmləndirilməsi, beynəlxalq standartlara cavab verən demokratik parlament seçkilərinin keçirilməsi, Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüquq prinsiplərinə uyğun, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə imkan verən müstəqil xarici siyasət kursunun yeridilməsi, Avropa və dünya strukturlarına inteqrasiyanın davam etdirilməsi həmin siyasətin real göstəriciləri hesab oluna bilər.
Növbəti seçkilərdə də xalqın mütləq əksəriyyətinin etimadı nəticəsində prezident seçilən İlham Əliyev iqtisadiyyatın bundan sonra da inkişaf etdirilməsi, siyasi islahatların keçirilməsi və ölkənin modernləşdirilməsini ölkəmizin qarşısında duran başlıca vəzifələr kimi müəyyənləşdirdi. İqtisadiyyatın şaxələndirilməsi, siyasi islahatlar, modernləşmə, enerji sektorunda asılılığın azaldılması, təhsil və güclü sosial siyasət ölkəmizin strateji xətti olaraq irəli sürüldü. Optimal məqsəd və vəzifələrin müəyyən edilməsi və onların yerinə yetirilməsi yollarının düzgün tapılması nəticəsində Azərbaycan hətta dünya iqtisadi-maliyyə böhranı illərində analoqu olmayan iqtisadi inkişaf tempinə nail ola bildi. Bu inkişaf kursu sistemli və davamlı xarakter kəsb edir.
Məsələyə bu prizmadan yanaşdıqda Prezident İlham Əliyevin bütövlükdə 19 il ərzində həyata keçirdiyi uğurlu daxili siyasət nəticə etibarilə Azərbaycanın beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsi mənafeyinə xidmət göstərmişdir. Təkcə daxili siyasətdə deyil, xarici siyasətdə də varislik prinsipi qorunub saxlanılmışdır. Başqa sözlə, Prezidenti İlham Əliyev ümummilli lider Heydər Əliyevin müəllifi olduğu coxvektorlu, müstəqil və milli maraqlara əsaslanan xarici siyasət kursunu sürətlə dəyişən dünyanın geosiyasi reallıqlarına adekvat olaraq çevik, innovativ və hücum taktikasına əsaslanmaqla davam etdirir. Milli dövlətçilik maraqlarının müdafiəsi həm ikitərəfli, həm də çoxtərəfli formatda həyata keçirilən bu siyasətin başlıca məzmununu təşkil edir. Həmin siyasətin uğurunu təmin edən çoxsaylı parametrlər sırasında birinci mövqedə dayanan amil Prezident İlham Əliyevin beynəlxalq siyasətin aktoru statusuna yüksəlməsi reallığı ilə bağlıdır. Bu statusuna tam adekvat olaraq İlham Əliyev həm daxili, həm də xarici siyasət kursunun həyata keçirilməsi prosesində dərin zəka, iti fəhm, analitik və innovativ düşüncə tərzi, sistemli analiz qabiliyyəti, prinsipiallıq və qətiyyət nümayiş etdirir. Hər dövlət başçısına nəsib olmayan bu unikal şəxsi keyfiyyətlərin daşıyıcı olan Prezident İlham Əliyev harada çıxış etməsindən və mövqe bildirməsindən asılı olmayaraq, şahmat dili ilə desək, həmişə ağ fiqurlarla oynayır və artıq start vəziyyətində qarşı tərəf və ya tərəflər üzərində ilkin üstünlüyünü təmin etmiş olur. Həmin “siyasi şahmat lövhəsi”ndə siyasət qrossmeysterinin - Prezident İlham Əliyevin rəqibinə “mat” elan etməsi labüddür. Bu zaman problemə sistemli və ardıcıl yanaşma tərzi, səlis və məntiqli ifadə üslubu, auditoriya ilə işləmək və onu ələ almaq qabiliyyəti, səs diapazonundan düzgün istifadə məharəti və nəhayət ecazkar cəzbetmə potensialı və bənzərsiz xarizması ilə dövlət başçısı ən qatı siyasi opponentlərini də “tərksilah” etməyə və onları “siyasi hipnoz” vəziyyətinə salmağa müyəssər ola bilir. Dəfələrlə bu həqiqətin şahidi olmuşuq. Həmin həqiqətlərdən bir neçəsi üzərində dayanaraq yuxarıda səsləndirdiyimiz fikir və mülahizələrimizi əsaslandıraq. Məlum həqiqətdir ki, 2009-cu ildə ABŞ başda olmaqla Qərb dövlətlərinin təzyiqi nəticəsində Türkiyə-Ermənistan sərhədlərinin açılması prosesi kritik mərhələyə daxil olmuşdu. Hətta iş o yerə gəlib çatmışdı ki, Qərb siyasi dairələri həmin il aprelin 6-7-də İstanbul şəhərində “Sivilizasiyalar alyansı” adlanan bir tədbir təşkil edib, orada ABŞ-ın yeni prezidenti Barak Obama və Dövlət katibi Hillari Klintonun Prezident İlham Əliyevlə görüşünü keçirməyi hədəfləmişdilər. Məqsəd bu görüş çərçivəsində Azərbaycanın dövlət başçısının məlum məsələdə tutduğu güzəştsiz mövqeyinə təsir edib, onu istədikləri istiqamətdə dəyişməkdən ibarət idi. Azərbaycan Prezidenti İlham Əliyev dünyanın fövqəldövlətinin rəhbəri ilə görüşdən unikal diplomatik manevr hesabına faktiki olaraq imtina etdi. Bununla da hələ 23 yaşında ikən SSRİ Xarici İşlər Nazirliyinin məşhur Beynəlxalq Münasibətlər İnstitutunda diplomatiya ixtisasının incəliklərini tədris etməsinin təsadüfi olmadığını bir daha sübut etdi. Bununla da əslində bütün dünyaya nümayiş etdirdi ki, Azərbaycan öz miqyası etibarilə böyük dövlət olmasa da, sözünün mənası və çəkisi böyükdür. Qətiyyəti və iradəsi böyükdür. Prezidenti və xalqı arasındakı birlik böyükdür. Son nəticədə, böyük dövlətlər arxasında xalqı dayanan Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsini nəzərə almaq məcburiyyətində qaldı. Türkiyə-Ermənistan sərhədi bu günə kimi bağlıdır. Onların açılması bağlanmasına səbəb olan amillər tam aradan qaldırıldıqdan sonra mümkündür. Bu, hər iki qardaş dövlətin rəhbərləri olan cənab İlham Əliyevin və cənab Rəcəb Tayyib Ərdoğanın zamanın sınağından şərəflə çıxmış ortaq mövqeyidir.
Prezident İlham Əliyevin bütün diplomatik addımları milli maraqlardan çıxış etməklə zərgər dəqiqliyi ilə hesablanıb və bir çox halda siyasi opponentlərin intellekti imkan vermir ki, onlara vaxtında düzgün adekvat reaksiya versinlər. Belə unikal və uzağagedən siyasi məqsəd daşıyan addımlardan birini Prezident İlham Əliyev 2011-ci ilin iyun ayında atdı. Azərbaycan Qoşulmamaq Hərəkatına üzv oldu. Bu xəbəri eşidən kimi radikal siyasi ünsürlər hay-həşir qaldırdılar ki, mövcud iqtidar Azərbaycanı Avroatlantik məkana inteqrasiya xəttindən uzaqlaşdırır. Bu az qala dövlətçiliyimizin itirilməsinə bərabərdir və s. Sonralar həmin ünsürlər öz aralarında etiraf etmək məcburiyyətində qalacaqlar ki, İlham Əliyevin bu siyasi gedişinin arxasında dayanan əsl mətləbi vaxtında dərk edə bilməyiblər. Mətləb isə ondan ibarət idi ki, mahir diplomat və dövlət xadimi olan İlham Əliyev Azərbaycanın dünyanın nəhəng universal beynəlxalq təşkilatı olan BMT TŞ-ya üzv olmasını əsas siyasi hədəf kimi müəyyən etmişdi. Bu hədəf xarici siyasət fəaliyyətinin çeviklik əmsalının kəskin artımı hesabına reallaşa bilərdi. Bu halda tərkibində 193 dövlətin olduğu BMT-dən sonra sayca ikinci mövqedə dayanan Qoşulmamaq Hərəkatına (QH) (120 dövlət) üzvlük həmin məqsədin reallaşması üçün əlavə və geniş imkanlar pəncərəsi aça bilərdi. Elə belə də oldu. 2011-ci il oktyabrın 24-də BMT TŞ-ya keçirilən seçkilərdə QH üzvləri Azərbaycanın lehinə səs verdilər. Azərbaycan 155 səs ilə iki il müddətinə BMT TŞ-nın qeyri-daimi üzvü seçildi. Azərbaycan Respublikası müstəqilliyinin 20-ci ildönümündə tarixinin növbəti şanlı səhifəsini yazdı. Onun müəllifi böyük intellekt, iradə və qətiyyət sahibi olan Prezident İlham Əliyev idi.
Prezident İlham Əliyevin müəyyən etdiyi müstəqil xarici siyasət kursu dünyada bir-birinə qarşı duran qütblər tərəfindən də müsbət qiymətləndirilir. Azərbaycanın müxtəlif güc mərkəzlərindən bərabər məsafədə mövqe seçməsi, ikitərəfli münasibətlərdə bərabər hüquq, qarşılıqlı hörmət, bir-birinin daxili işlərinə qarışmamaq prinsiplərinə sadiq qalması, eyni zamanda ikitərəfli əməkdaşlığın heç bir halda üçüncü tərəfi hədəfə almaması reallığı beynəlxalq aləmdə dövlətimizə və onun rəhbərinə olan loyal münasibətin formalaşmasını şərtləndirən əsas amillərdir.
Məhz iti fəhmi və diplomatik məharəti hesabına Prezident İlham Əliyevin son 19 il ərzində ölkəmizin və eləcə də Avropanın enerji təhlükəsizliyinin təminatı istiqamətində atdığı çoxkombinasiyalı siyasi gedişləri heyranlıq doğurur. Nəzərə alsaq ki, enerji təhlükəsizliyi dünyanın aparıcı dövlətlərinin milli təhlükəsizlik strategiyasının həlledici elementi statusunda çıxış edir. Bu baxımdan bir sıra nüfuzlu ekspertlərin “müasir dünyanın siyasi mənzərəsi daha hərbi bloklara mənsubiyyətlə yox, enerji ehtiyatlarına malik olub-olmamaq bölgüsü ilə müəyyən ediləcək”, - fikri təsadüfi sayılmamalıdır. Ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft diplomatiyasını uğurla davam etdirən cənab İlham Əliyev müxtəlif obyektiv və subyektiv çətinliklərin öhdəsindən gələrək 2006-cı ilə “Bakı-Tbilisi-Ceyhan, 2007-ci ildə “Bakı-Tbilisi-Ərzurum” kimi nəhəng neft və qaz marşrutlarının reallaşmasına nail oldu. Dövlət başçısının qeyd etdiyi kimi, “neft kəmərlərinin, xüsusilə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisi də tarixi hadisə idi. Təkcə ona görə yox ki, ilk dəfə olaraq Xəzər dənizinin nefti Aralıq dənizinin bazarlarına çıxarılırdı. Eyni zamanda, ona görə ki, bu kəmər yeni bir yol, yeni bir dəhliz açdı”. Söhbət ilk növbədə “Cənub” qaz dəhlizindən gedir. Onun yaradılması istiqamətində ilk addım olaraq 2011-ci ildə Avropa Komissiyası ilə Azərbaycan arasında Strateji əməkdaşlıq və enerji sahəsində Anlaşma Memorandumu, növbəti ildə isə TANAP-ın çəkilişinə dair Azərbaycan və Türkiyə arasında tarixi saziş imzalandı. Bu prosesdə ən əsas həlqəlardan biri sərmayə qoyuluşu ilə bağlı idi. 2013-cü ildə bu məsələ də öz müsbət həllini tapdı. “Şahdəniz-2” layihəsinə investisiya qoyuluşuna dair qərar qəbul edildi. 2014-cü ildə isə “Cənub” qaz dəhlizinin Bakıda təməlqoyma mərasimi keçirildi. 2015-ci ildə Qarsda TANAP-ın təməlqoyma mərasimi oldu. 2016-cı ildə analoji addım TAP layihəsi ilə bağlı atıldı. Nəhayət, 2018-ci il mayın 29-da “Cənub” qaz dəhlizinin, iyunun 12-də isə TANAP-ın rəsmi açılış mərasimləri oldu. 2019-cu ilin 30 noyabr tarixində isə TANAP-ın Avropa ilə birləşən hissəsinin açılışı oldu. Cənub Qaz Dəhlizinin son hissəsi olan TAP kəməri üzrə işlər 2020-ci ilin 15 noyabr tarixində tamamlandı. Azərbaycan qazının birbaşa olaraq Avropa bazarına çıxışı tam təmin olundu.
Prezident İlham Əliyev “Cənub” qaz dəhlizi layihəsinin uğurunu təmin edən səbəblərdən bəhs edərkən xüsusi olaraq aşağıdakı amilləri ön plana çəkmişdir: “Birincisi, bu layihə enerji təhlükəsizliyi, enerji şaxələndirilməsi və azad rəqabəti özündə ehtiva edir. İkincisi, bu layihədə istehsalçı, istehlakçı və tranzit dövlətlər arasında balans yaratmağa nail olmuşuq. Yəni burada uduzan tərəf yoxdur. Üçüncüsü, siyasət və enerji bir-birindən ayrı olmalıdır. Enerji siyasi alət kimi istifadə edilməməlidir. Hesab edirəm ki, “Cənub” qaz dəhlizi sazişində göstərdiyimiz nümunə nümayiş etdirir ki, enerji ilə siyasət ayrılanda uğur əldə edilə bilər.”
2017-ci il sentyabrın 14-də beynəlxalq ictimaiyyət Azərbaycanın enerji təhlükəsizliyi sahəsində yeni və tarixi bir səhifə yazdığına şahidlik etdi. Həmin gün Azərbaycanın unikal enerji strategiyasının memarı olan Heydər Əliyevin adını daşıyan mərkəzdə “Azəri”, “Çıraq” və “Günəşli” yataqları üzrə yeni sazişin imzalanması ilə bu yataqların işlənilməsi 2050-ci ilə qədər uzadıldı.
Ölkəmizin uğurlarını gözü götürməyən, qarayaxma və iftiralarla dövlətimizin müsbət beynəlxalq imicinə kölgə salmaq istəyən ermənipərəst qüvvələr və onlarla əlbir olan bəzi siyasi dairələr iddialar irəli sürürdülər ki, Azərbaycanın nefti tükənmişdir və xarici neft şirkətləri tezliklə öz ölkələrinə qayıdacaqlar. Cənab Prezidentin çıxışında səslənən təkzibedilməz arqumentlər və yeni kontraktın imzalanması faktı əleyhdarlarımızın yuxusuna haram qatmış oldu.
Prezident İlham Əliyevin uzaqgörən müdrik siyasəti sayəsində Azərbaycan son 19 il ərzində təkcə dünyanın enerji və nəqliyyat xəritəsini yenidən tərtib etmir, eyni zamanda dünyada ümumbəşəri dəyərlərin qorunması və təbliği istiqamətində fantastik nailiyyətlərə imza atır. Dünyada sivilizasiyalararası dialoq sahəsində ciddi problemlərin yaşanması, bu fonda konfliktlərin artması tendensiyasının müşayiət olunması, xüsusilə də islamafoboya kimi təhlükəli meyllərin bir sıra dövlətlərin və digər subyektlərin siyasətində özünə geniş yer alması reallığında Azərbaycanın mədəniyyətlərarası dialoq məkanına çevrilməsi faktı da qlobal əhəmiyyət kəsb edən məsələdir. Bu məsələlərin həlli istiqamətində Azərbaycanın təcrübəsi digər ölkələr üçün örnək ola bilər.
“Multikulturalizm bizim adət-ənənəmizdir. Multikulturalizm-dövlət siyasəti və ictimai sifarişdir. Multikulturalizm bizim həyat tərzimizdir”, - deyən Prezident İlham Əliyevin təşəbbüsü ilə “Bakı prosesi”nin əsası qoyulmuşdur. Bu təşəbbüs BMT çərçivəsində yüksək dəyərləndirilmişdir.
Böyük fəxr hissi ilə onu da vurğulayaq ki. Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunda daha yüksək artımın təmin edilməsi, ixrac imkanlarının genişləndirilməsi, rəqabətqabiliyyətli istehsalın stimullaşdırılması, investisiyaların təşviqi, sahibkarlara dövlət dəstəyinin gücləndirilməsi və biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində aparılan genişmiqyaslı islahatlar kursu beynəlxalq aləmdə də olduqca yüksək qiymətləndirilir.
Bu gün müzəffər Azərbaycan ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı Ermənistanın işğalçı silahlı qüvvələrindən azad etmək kimi müqəddəs vəzifəni şərəflə yerinə yetirmişdir. Noyabr ayının 8-də qədim Azərbaycan şəhəri, Qarabağın incisi Şuşanın müasir hərb elminin ən nadir və unikal əməliyyatlarından birinin həyata keçirilməsi nəticəsində azad olunması düşmənin müqavimət potensialını heçə endirdi. 8 Noyabr-Zəfər Günü xalqımızın qürur mənbəyinə çevrilmiş şanlı tarixdir. Həmin tarixin üç qəhrəmanı vardır: Müzəffər Ali baş Komandan, onun formalaşdırdığı yenilməz ordu və dəmir yumruğa çevrilmiş xalq. Bu reallıqda Prezident+Ordu+Xalq sözləri sinonimləşmiş, tarixi Zəfərin simvollarına çevrilmişdir.
Bu tarixi zəfəri ilə Prezident İlham Əliyev öz adını müzəffər sərkərdə olaraq təkcə mənsub olduğu ölkənin deyil, əslində dünyanın hərb tarixinə əbədi olaraq həkk etdi. Bu tarixi qalibiyyətin nəticəsində ordumuzun yenilməzliyi, qüdrəti və vətənpərvərliyi sözdə deyil, qanlı döyüş meydanlarında sübuta yetirildi. Xalq olaraq qəddimiz düz, başımızı uca oldu. Qürurumuz özümüzə qaytarıldı. Alnımızdan xəcalət təri birdəfəlik silindi. Birləşdik. Bütövləşdik. Ən qatı əleyhdarlarımız belə bu həqiqəti etiraf etmək məcburiyyətində qaldılar.
Azərbaycan 30 illik münaqişəni hərbi-siyasi yollarla həll etdi, ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. Dağlıq Qarabağ münaqişəsi keçmişdə qaldı. Azərbaycanda artıq Dağlıq Qarabağ adında inzibati ərazi vahidi yoxdur. Prezidentin 2021-ci il 7 iyul tarixli Fərmanı ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarını yaradıldı.
Böyük fəxr və qürur hissi ilə onu da qeyd edək ki, müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev cari ilin 12 noyabr tarixində Türkdilli Ölkələrin Əməldaşlıq Şurasının (Türk Şurası) İstanbulda keçirilən VIII Zirvə Görüşündə Türk Dünyasının Ali Ordeni ilə təltif olundu. Bu təşəbbüsün müəllifi qardaş Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan olmuşdur və Ali mükafatı da özü təqdim etmişdir.
Türk Şurasının tam hüquqlu üzvü olan dörd dövlətin-Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstan prezidentlərinin məlum seçimini şərtləndirən amilləri şərti olaraq üç qrupa bölmək olar.
Birincisi, Azərbaycan Respublikasının ərazilərinin işğaldan azad edilməsini və ərazi bütövlüyünün bərpasını təmin edən tarixi zəfər;
İkincisi, bu tarixi zəfərə imza atmaqla türk birliyinin formalaşması prosesinə mühüm töhfə;
Üçüncüsü, tarixi qələbə nəticəsində bölgədə davamlı sülh və sabitliyin əldə olunmasına yolun açılması.
Həqiqətən də müzəffər Ali Baş Komandan İlham Əliyevin böyük sərkərdəlik məharəti, güclü iradəsi və qətiyyəti, yenilməz ordumuzun şücaəti, xalqın Prezidentinə olan birmənalı dəstəyi və onun ətrafında monolit birliyi sayəsində əldə olunan qələbə öz miqyası və əhəmiyyəti baxımından bölgəmizin sərhədlərini aşır, Türk dünyası kimi daha geniş coğrafi arealı əhatə edir. Cənab Rəcəb Tayyib Ərdoğanın Ali Ordenin təqdimat mərasimində səsləndirdiyi fikirlər bu baxımdan olduqca böyük məna kəsb edir: ”Azərbaycanın ərazi bütövlüyünü yenidən təmin etməsi türk dünyasının birliyini və bərabərliyini genişləndirmişdir. Qarabağın azadlığının rəmzi olan “Xarıbülbül” türk dünyası üçün Zəfərin müjdəçisi olmuşdur”.
Xüsusi olaraq onu da qeyd edək ki, Prezident İlham Əliyevin ən yaxın məsləkdaşı, ölkəmizin Birinci vitse-prezidenti mərhəmətli Mehriban xanım Əliyeva 44 günlük Vətən müharibəsinin çətin və şərəfli günlərində torpaq uğrunda canını fəda etmiş şəhidlərlə bağlı rəsmi “İnstaqram” səhifəsində çoxsaylı paylaşımlar edərək, onların şücaətini əsl qəhrəmanlıq, rəşadət və qorxmazlıq nümunəsi kimi qiymətləndirmişdir. “Bu gün mən şəhidlərimizin ailələri ilə birlikdə kədərlənir, Vətən naminə canından keçməyə hazır olan oğullar tərbiyə etmiş valideynlərin qarşısında baş əyirəm. Şəhidlərimizin qanı nahaq yerə tökülmədi - biz tarixi ədaləti bərpa etdik, müqəddəs Qələbə qazandıq. Bu Qələbə xalqımızın tarixinə əbədi həkk olundu! Hər birimiz bu Zəfərin nəyin bahasına qazanıldığını yadda saxlamağa borcluyuq! Biz Vətən müharibəsi şəhidlərini heç vaxt unutmayacağıq”, - deyən ölkəmizin birinci xanımı Mehriban Əliyeva şəhidlərimizin əziz xatirəsinin hər zaman qəlbimizdə yaşayacağını vurğulamışdır.
Hörmətli Mehriban xanım Əliyeva Prezident İlham Əliyev ilə birlikdə işğaldan azad olunmuş müqəddəs torpaqlarımıza davamlı səfərlər edərək Ali Baş Komandanın erməni vəhşiliyi və barbarlığını ifşa edən fikirlərini çəkdiyi unikal videokadrlarla zənginləşdirmiş və tamamlamışdır. Bir çox hallarda bu kadrlar ilkin mənbə rolunu oynamaqla erməni faşizminin eybəcər simasını dünya ictimaiyyətinə tanıtmaq baxımından misilsiz əhəmiyyətə malikdir.
Eyni zamanda onu da vurğulayaq ki, tarixi qələbənin əldə edilməsi ilə bölgədə davamlı sülh, sabitlik və təhlükəsizlik mühitinin formalaşması üçün geniş imkanlar açılmışdır. Azərbaycan Prezidenti İlham Əliyev postmüharibə dövrünün problemlərini həll etmək üçün Ermənistanın siyasi rəhbərliyi ilə danışıqlar aparmağa hazır olduğunu bəyan etmişdir. Danışıqlarda ilk növbədə iki dövlət arasında sərhədlərin delimitasiya və demarkasiyasının müəyyən edilməsi, iqtisadi-nəqliyyat kommunikasiyalarının bərpası, o cümlədən Zəngəzur dəhlizinin işə salınması, minalanmış ərazilərin dəqiq xəritələrinin Azərbaycana təhvil verilməsi və ümumən tarix sülh müqaviləsinin imzalanması üçün münbit şəraitin yaradılması ətrafında məsələlərin müzakirə edilməsi mümkün variant olaraq nəzərdə tutulur. Taleyüklü razılaşmaların əldə edilməsi sülh müqaviləsinin imzalanması ilə nəticələnə bilər. Bu isə öz növbəsində bölgədə davamlı sülh, sabitlik və əməkdaşlıq mühitini formalaşdırar.
Prezident İlham Əliyevin Qarabağdakı antiterror tədbirlərinin yekunlarına dair xalqa müraciətindəki detalların incəlikləri regionun perspektivi ilə bağlı təsvirlər verir. İlham Əliyevin çıxışının preambulasında səsləndirdiyi bir fikir Azərbaycan dövlətinin məqsəd və məramından irəli gələn vəzifələri açıqlayır. Prezident bildirdi ki, Azərbaycan antiterror tədbirlərinin başlanması və uğurla başa çatması nəticəsində öz suverenliyini bərpa edib.
Bu bəyanat bütün çıxışın leytmotivini təşkil edir, yəni o deməkdir ki, regionda toqquşan maraqlara, Rusiya sülhməramlılarının müvəqqəti yerləşməsinə baxmayaraq, Azərbaycan Qarabağdakı bütün nöqtələrdə mütləq suverenlik iddiasının təminindən əl çəkmir və çəkməyəcək.
Bir sözlə, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan diplomatiyası Moskvada və Soçidə olduğu kimi, Brüsseldə də postmüharibə dövrünün həllini gözləyən məsələlərinin tənzimlənməsi istiqamətində milli maraqları ləyaqətlə müdafiə etmişdir.
Beləliklə, müharibəni udan Ali Baş Komandanın sülhü qazanacağı da sırf zaman məsələsidir. Bu, aksiomdur. İsbata ehtiyacı yoxdur.
Yaşasın Xilaskar Ali Baş Komandanımız! Yaşasın Müzəffər Ordumuz! Yaşasın Qalib Xalqımız!
Qarabağ bizimdir. Qarabağ Azərbaycandır!
XƏBƏR LENTİ