17:25 Oxunub: 178

Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır

Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın,  Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır

Azərbaycan xalqı olaraq möhtəşəm tarixi hadisə ərəfəsindəyik. Belə ki, bu il noyabrın 21-də ümummilli lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının yaradılmasının 30-cu ildönümü tamam olur. Bu dövrdə partiyamız böyük inkişaf yolu keçib. Bu gün Yeni Azərbaycan Partiyası Azərbaycanın siyasi sisteminə xalqımızın mənafeyini təcəssüm etdirən güclü siyasi təşkilat kimi daxil olub. Partiya 30 ilə yaxındır ki, qarşısına qoyduğu məqsədlərə nail olunmasında böyük nailiyyətlər əldə edib. Hazırda 800 min nəfərə yaxın üzvü olan partiya Prezident İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətin aparılmasında, onun təbliğində yaxından iştirak edir.
Cəmiyyət daim yeniləşir, ictimai münasibətlərin inkişaf səviyyəsi yeni çağırışlar və reallıqlar yaradır. Bütün bunlar da öz növbəsində YAP-ın hakim partiya kimi qarşısında yeni tələblər və vəzifələr qoyur. Burada bir məqamı xüsusilə qeyd etməliyik ki, YAP həm cəmiyyətin irəliyə doğru, keyfiyyətcə yeni inkişaf mərhələlərinə daxil olmasını və onun mütərəqqi inkişafını təmin edən aparıcı siyasi qüvvə kimi çıxış edir, həm də yaratdığı yeni çağırışları və reallıqları özü tənzimləyərək, gələcəyə istiqamətlənmiş məqsəd və vəzifələr müəyyənləşdirir.
Məhz bundan irəli gələrək, YAP-ın 2021-ci il martın 5-də keçirilmiş VII qurultayında partiyanın qarşısına yeni hədəflər və vəzifələr qoyulmuşdur. Yeni Azərbaycan Partiyasının Sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qurultaydakı genişməzmunlu çıxışında partiyanın yarandığı vaxtdan indiyə kimi müstəqil dövlətçiliyin və demokratik siyasi sistemin möhkəmlənməsi, ölkəmizin davamlı inkişafı, milli birliyin və vətəndaş həmrəyliyinin təmin olunması istiqamətində göstərdiyi fəaliyyətlə bağlı dəyərli fikirlər irəli sürmüşdür. Prezident İlham Əliyevin dediyi kimi: “Partiyamızın VII qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir. Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. Partiyamızın böyük ənənələri var”.
Prezident İlham Əliyev qurultaydakı çıxışı zamanı YAP-ın müasir dövrün çağırışlarını özündə əks etdirən yeni proqramının hazırlanmasının vacibliyini bildirmişdir.
Qeyd edək ki, Azərbaycan dövlətinin bütün sahələrində əldə olunan uğurlar YAP-ın yeni proqramının hazırlanmasını şərtləndirən mühüm faktorlardır. Prezident İlham Əliyevin çıxışlarından irəli gələn vəzifələri rəhbər tutaraq və ölkəmizin davamlı inkişafı, Azərbaycanın xarici siyasət sahəsində strateji maraqları, dördüncü sənaye inqilabının ictimai həyata göstərdiyi təsirləri və 44 günlük Vətən müharibəsində şanlı qələbənin yaratdığı reallıqları nəzərə alaraq, YAP-ın “Biz birlikdə güclüyük!” devizi altında yeni proqramı işlənib hazırlanmış və partiyanın İdarə Heyətinin 29 dekabr 2021-ci il tarixli qərarı ilə təsdiq edilmişdir.
Prezident İlham Əliyevin apardığı siyasətin məqsəd və vəzifələri eyni zamanda onun sədri olduğu partiyanın məqsəd və vəzifələri deməkdir. Buna görə də Prezident İlham Əliyevin təsdiq etdiyi, cəmiyyətin müxtəlif sahələrinin inkişafını nəzərdə tutan milli prioritetlər, dövlət proqramları, konsepsiyalar, İnkişaf strategiyaları və fəaliyyət planlarındakı müddəalar partiyanın proqramında öz əksini tapmışdır.
YAP-ın proqramında partiyanın inkişaf tarixinə və uğurlarına nəzər salınır, onun Heydər Əliyev yoluna və irsinə sadiqliyi, qarşısına qoyduğu məqsəd və vəzifələri böyük məsuliyyətlə, layiqincə yerinə yetirdiyi vurğulanır. Hüquqi dövlətin və vətəndaş cəmiyyətinin, bazar iqtisadiyyatı münasibətlərinin inkişafı istiqamətində YAP-ın fəaliyyətinin tarixi-siyasi əhəmiyyəti qeyd olunur. Bildirilir ki, xalqımızın Heydər Əliyevə dərin inam və etimadı nəticəsində YAP yarandıqdan sonra respublikanın bütün bölgələrində onun təşkilatlanması prosesi başladı, partiyanın sıraları sürətlə genişləndi. Heydər Əliyevin müdrik siyasəti sayəsində müstəqil dövlət quruculuğunda əldə olunan uğurlar, Azərbaycanın dünya birliyində mövqeyinin möhkəmlənməsi YAP-ın xalq arasındakı nüfuzunu getdikcə artırdı.
Bütün bunlar sübut edir ki, YAP möhtəşəm zirvələrə yol açan, dünənin, bu günün və gələcəyin partiyasıdır. YAP-ın yeni proqramı müasir dövrün çağırışlarını və ölkəmizin davamlı inkişafını nəzərə almaqla özündə mütərəqqi dəyər və meyarlar, prinsiplər, hədəflər və vəzifələri birləşdirir. İnanırıq ki, onların qorunması və yerinə yetirilməsi Azərbaycanın demokratik, hüquqi və dünyəvi dövlət kimi tərəqqisinə böyük təkan verəcək, onun dünya birliyində mövqeyini daha da möhkəmləndirəcəkdir.

Pirverdi Cəfərov,
Salyan rayon Yenikənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndə


XƏBƏR LENTİ