14:47 Oxunub: 230

Hər il 7 milyon insanın həyatına son qoyan xəstəlik

Hər il 7 milyon insanın həyatına son qoyan xəstəlik

Oktyabrın 29-u Ümumdünya İnsultla Mübarizə Günü kimi qeyd edilir, insultdan qorunma və maarifləndirmə məqsədilə tədbirlər keçirilir.

Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən Anews.az-a verilən məlumatda deyilir ki, hər il dünyada təxminən 16 milyon insan insult olur, onlardan 7 milyonu məhz insultdan ölür. Qalanları isə əlilə çevrilir. Amma insultun qarşısını almaq və xəstələrə yardım etmək mümkündür. Əsas məsələ xəstəyə ilk 3-4 saat ərzində yardım göstərməkdir.

Çoxları insult olduqlarını bilmədikləri üçün ölürlər. İnsult simptomları çox sadədir: insult olan insan anlaqsız danışır, güləndə ağız küncləri aşağı düşür, koordinasiyası pozulur, ətraflarından biri zəifləyir. Bu, təcili yardım çağırmaq üçün yetərlidir.

İnsult riskinin olub-olmadığını öyrənmək üçün mürəkkəb tədqiqatlar lazım deyil. Sadəcə yuxu arteriyalarının ultrasəs müayinəsini aparmaq, təzyiqi nəzarətdə saxlamaq, normal qidalanmaq və siqaretdən uzaq durmaq lazımdır. Üç əsas şey - hipertoniya, yüksək xolesterin və bədənin artıq çəkisi risk amilini artırır.
Həkimlərin qənaətinə görə, insult xəstəliyinə qadınlarla müqayisədə kişilərdə daha çox rast gəlinir. İnsult keçirənlərin sayı 55 yaşdan sonra iki dəfə artır. Lakin onu da qeyd edək ki, səhhətinə biganə qalmayan hər bir insan üçün bu xəstəlikdən qorunmaq asandır. Zərərli vərdişlərdən uzaq olan, düzgün qidalanan, sağlam həyat tərzi keçirən, siqaret və içkidən uzaq olanların insult keçirmək riski, demək olar ki, sıfıra bərabərdir. Vaxtlı-vaxtında həkim müayinələrindən keçmək də vacib şərtlərdəndir. Mütəmadi açıq havada gəzmək, orta sürətlə gündə heç olmasa yarım saat yerimək nəinki insult riskini azaldır, həmçinin insanın əmək qabiliyyətini artırır.

Mütəxəssislər belə hesab edirlər ki, yarmalar, meyvələr və balıq insult riskini 30 faiz azaldır.
XƏBƏR LENTİ