13:28 Oxunub: 223

Azərbaycanda olan Ukrayna aşiqlərinə sərt sual: "Bu ölkədə təriflənəsi nə var?"

Azərbaycanda olan Ukrayna aşiqlərinə sərt sual: "Bu ölkədə təriflənəsi nə var?"

“Ukraynada hansısa böyük dəyişikliklərin şahidi olmayacağıq”.

Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov Redaktor.az-a açıqlamasında Ukraynanın yeni prezidenti Vladimir Zelenskinin son addımlarına münasibət bildirib.



Politoloq hesab edir ki, Ukraynanın geosiyasi vəziyyəti bataqlıqda çabalayan quzunu xatırladır:

“Hər şey Zelenskinin rüşvətxorluğa, oliqarxlara qarşı mübarizəsini necə qurmasından asılıdır. Ukraynada oliqarxik sistemə, korrupsiyaya qarşı güclü mübarizə aparılsa, Zelenskinin addımları effektiv ola bilər. Zelenskinin yeni komandasına ancaq peşəkar kadrları yığması o demək deyil ki, həmin kadrlar Ukraynanı mütləq şəkildə inkişafa aparacaq. Bir tərəfdən Qərb təhsili görmüş peşəkar kadrlar idarəçiliyin effektivliyində daha yaxşı rol oynaya bilirlər. Lakin bu əslində stereotipdən başqa bir şey deyil. Çünki onun Nazirlər Kabineti Proşenkoda olduğu kimi Vaşinqtonda və Brüsseldə formalaşıb. Yeni komandada əməlli- başlı cavanlaşma getsə də, düzgün yazı yaza bilməyən 29 yaşlı qızın Təhsil naziri vəzifəsinə gətirilməsi kadr siyasətinə hansı prizmadan baxılmasından xəbər verir. Digər tərəfdən, hazırda Ukrayna böyük geostrateji çağırışlarla üz-üzədir. Faktiki olaraq, ölkə iki qapı arasında qalıb. Onun bir tərəfində əli baltalı Rusiya, digər tərəfində isə, əli zənbilli Qərb durub. Yanlış qərarların gətirdiyi nəticələr belə olur”.

Politoloq vurğulayıb ki, Zelenski hakimiyyətinin qarşısında duran vəzifələr olduqca çoxdur:

“Bu əslində Zelenskinin də günahı deyil. Ona təhvil verilən siyasi hakimiyyət sovetlər vaxtından oturuşmuş siyasi elementlərə malikdir. Həmin mənfi xüsusiyyətlərdən yaxa qurtarmaq elə də asan məsələ deyil. Bu asan olsaydı, ondan əvvəl hakimiyyətdə olanlar bunu bacarardı. İndi hakimiyyətin ən güclü fiquru olan Poroşenkodan qalma Avakovun DİN rəhbəri vəzifəsinə yenidən təyin olunması məcburiyyətlə bağlı idi. Artıq parlamentin qərarına əsasən Milli Qvardiya Avakova yox, prezidentə tabe olacaq. Yeni komandanın imicinə uyğun olmayan Avakovdan yaxa qurtara bilsələr, Kolomoyskinin iki qolunu da qarpız tutacaq”.

Z. Məmmədov istisna etmir ki, Rusiya hazırda qeyri-rəsmi yollarla Ukrayna hakimiyyəti ilə danışıqlar aparır:

“Ukrayna hökumətinin Rusiya ilə bağlı yanaşması Zelenski hakimiyyətinin Ukraynada nə dərəcədə effektiv olub-olmayacağını da müəyyən edəcək. Rusiya amili Ukrayna üçün kifayət qədər ciddidir. Zelenski Rusiyanın maraqlarını yəqin ki, nəzərə alacaq”.

Politoloq qeyd edib ki, MDB məkanında hamıdan daha qəliz regionda yerləşən, coğrafi cəhətdən kiçik Azərbaycan isə çevik və düzgün siyasi qərarlar nəticəsində təhlükəsizliyini qorumaqda davam edir:

“Azərbaycanda olan Ukrayna aşiqləri və onların donorları Kiyevdə indiyə qədər dəyişən bütün hakimiyyətləri öyərək, Azərbaycanda da eyni ssenarinin reallaşmasını istəyirlər. Bu ölkədə tərifləyəsi nəsə varmı? Ukrayna xalqı Kuçmadan sonra nə əldə etdi? İqtisadi- sosial inkişaf göstəricilərinə görə son 15 ildə iftixarla deyiləsi heç bir müsbət irəliləyiş yoxdur. Əvəzində cəmiyyətin müxtəlif ideologiyalara parçalanmasını, ərazi bütövlüyünün itirilməsini, oliqarxiyanın və banditizmin yerinin siyasi sistemdə daha da dərindən oturuşmasını qazanıb”.
XƏBƏR LENTİ