16:18 Oxunub: 241

Azərbaycanda vəkillərin sayı yetərlidirmi? - Qeyri-peşəkar vəkillər VƏTƏNDAŞI ÇƏTİN DURUMA SALIRLAR

Azərbaycanda vəkillərin sayı yetərlidirmi? - Qeyri-peşəkar vəkillər VƏTƏNDAŞI ÇƏTİN DURUMA SALIRLAR

Ölkəmizdə vəkillərin sayının azlığı ilə bağlı cəmiyyətdə bir fikir formalaşıb.

Belə ki, dünya ölkələri ilə müqayisədə Azərbaycanda adambaşına düşən vəkil sayı çox hesab olunmur.

Maraqlıdır, görəsən bu yanaşma nə dərəcədə doğrudur? Doğrudanmı, ölkədə vəkil qıtlığı yaşanır?

Mövzu ilə bağlı vəkil Emin Kiçikbəyov Redaktor.az-a açıqlamasında bildirib ki, vəkillərin sayını heç də az hesab etmək olmaz. Əksinə, vəkilliyə qəbul prosedurlarının sadələşdirilməsi bu sahəyə marağı daha da artırıb:

“Mövcud vəziyyətdə vəkillərin sayı 1600 nəfərdən çox artırılıb və eyni zamanda vəkilliyə qəbul prosedurları sadələşdirilib. “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 fevral tarixli Sərəncamından sonra həyata keçirilən tədbirlər nəticəsində vəkilliyin inkişafı göstərir ki, bu peşəyə maraq xeyli artıb. Hətta, hüquqşünaslar da vəkil olmaq istəyirlər. Təkcə Bakıda deyil, regionlarda fəaliyyət göstərən hüquqşünaslar da vəkil olmaq arzusundadırlar. Bütün hallarda vəkillərin minimal peşə standartları, onların vəkillik peşəsinə daxil olmalarının institusional normativləri, şübhəsiz ki, mövcud olmalıdır”.



Vəkil vurğulayıb ki, bu sahədəki əsas problem qeyri-hüquqşünasların sayının çoxalmasıdır:

“1-ci və apellyasiya instansiyası məhkəmələrində vətəndaşları çoxsaylı qeyri-hüquqşünaslar ordusu təmsil etməkdədir. Nəticədə bu cür təmsiletmənin fəsadları vətəndaşların haqlı narazılıqlarına səbəb olur. Həmçinin bu cür qeyri-peşəkar təmsiletmənin nəticəsində kassasiya instansiyasında vətəndaşı təmsil edən vəkillərin hüquqi müdafiə imkanları da tükənmiş olur. Çünki müdafiə taktikası əvvəlcədən peşəkar tərəfindən qurulmur”.

Vəkil vasitəsilə təmsil olunmanın müsbət addım olduğunu bildirən E. Kiçikbəyov bildirib ki, yüksək keyfiyyətli hüquqi yardım baxımından 3 imtahan vermiş vəkil ortaya daha səmərəli iş çıxara bilir:

“Keyfiyyətli hüquqi yardım peşəkarlar tərəfindən həyata keçirilməlidir. Vəkilin qanun pozuntusuna yol verməsi nəticəsində təmsil edilən şəxsin əmlakına bilavasitə zərər dəyərsə, buna görə vəkil maddi məsuliyyət daşıyır və bu məsuliyyətə zəmanət vermək məqsədi ilə yaradılmış vəkillərin sığorta bank hesabından şəxsə vurulmuş zərər ödənilir”.

Vəkillər Kollegiyasının üzvü olaraq öz peşəsindən razı olan E. Kiçikbəyova görə, indiki şəraitdə vəkilliklə bağlı ciddi problemlər müşahidə olunmur:

“Vəkillik institunun fəaliyyətinin inkişaf etdirilməsi və ölkədə vəkillərin sayının artırılması Vəkillər Kollegiyasının Rəyasət Heyətinin birbaşa diqqətindədir. Və demək olar ki, hər il bir neçə imtahanlar keçirilir. Yəni vəkillərin sayı nəzərdə tutulan saya çatdırılacaq. Vəkillər Kollegiyasının sədri Anar Bağırovun gördüyü işlər göz qabağındadır. Ölkəmizdə vəkillik günü-gündən inkişaf edir və daha da inkişaf edəcək. Vəkilliklə bağlı hələlik bir nöqsan görmürəm. Nöqsanlar varsa, bu problemlər zamanla aradan qaldırılacaq”.
XƏBƏR LENTİ