13:50 Oxunub: 254

Keçmiş SSRİ ərazisində yeni münaqişələr yaratmaq planları qurulur - TƏHLİL

Keçmiş SSRİ ərazisində yeni münaqişələr yaratmaq planları qurulur - TƏHLİL

Keçmiş SSRİ respublikalarının bir çoxu uzun illərdir separatizmdən, qonşu respublika ilə ərazi münaqişələrindən əziyyət çəkirdi. Son vaxtlar bu sıraya sanki yeni problemlər də daxil olmaqdadır. Azərbaycanla Gürcüstan arasında sərhəd problemi, Qırğızıstanla Tacikistan arasında artıq silahlı insidentlə müşahidə olunan sərhəd gərginliyi yaşanır. Keçmiş SSRİ məkanında münaqişələri indi kim körükləyir? Rusiyanın özünün kifayət qədər problemləri var, hətta ərazisində milli münaqişələrə də ara-sıra rast gəlirik. Belə bir vəziyyətdə Rusiyaya sözügedən respublikaların bir-biri ilə münaqişəsi hansı məntiqlə sərf edir?

Politoloq Məhəmməd Əsədullazadə “Yeni Müsavat”a bildirdi ki, SSRİ dağıldıqdan sonra bu arealda işğal və separatizmin alovlanması əsasən Rusiyanın siyasətindən qaynaqlanırdı. Çünki Rusiya postsovet məkanında təsirini saxlamaq üçün Cənubi Qafqazda və Mərkəzi Asiyada milli və etnik ərazi münaqişələrini alovlandırırdı. Burada həm də məqsəd Qərbin regiona açılışına mane olmaq və regiona təzyiqlər etməklə orbitində saxlamaq idi. Hazırda bu münaqişələr davam edir və burada eynən katalizator rolunu Moskva həyata keçirir.

2008-ci ildə Gürcüstana hücum və işğal planı, Ukraynanın ayrılmaz hissəsi olan Krımın anneksiya edilməsi, Donbas münaqişəsi bunun əyani göstəricisidir. İndi də çalışırlar ki, münaqişə zonalarının sırasını artırsınlar: “Postsovet məkanında ən uzun və daha da ciddi problem olan Ermənistanın işğalı nəticəsində hələ də davam edən Qarabağ münaqişəsidir. Məhz Moskva Ermənistan üzərindən Azərbaycana qarşı vəkalət müharibəsi aparmaqla Cənubi Qafqazda dominant siyasətini artırır. Ölkəmizin Qərblə əməkdaşlığına mane olmağa çalışır. Fikir versək, bu kimi işğal və separatizm əsasən Rusiyanın Qərblə toqquşduğu nöqtələrdə baş verir. Cənubi Qafqaz Şərqi Avropa. Bundan əlavə, Gürcüstanla sərhəddə Keşikçidağ məbəd kompleksində baş verən təxribatlar da hesab edirəm ki, Rusiyadakı xüsusi dairələrdən idarə olunurdu. Məqsəd iki strateji dövlət arasında münaqişə yaratmaqla birgə enerji və nəqliyyat layihələrinə zərbə vurmaqdır. Yəni dünya nizamı formalaşır və Rusiya da bu nizamda mühüm rol alır. İndi Mərkəzi Asiya uğrunda geopolitik savaş yeni müstəviyə doğru irəliləyir. Türkmənistan prezidentinin ölüm xəbərinin yayılması, ardınca Tacikistan və Qırğızıstan arasında sərhəddə silahlı münaqişə məhz 20 il əvvəl dondurulmuş münaqişəni zamanı gələndə ortaya çıxarmaqdır. Kreml bu münaqişələrdən istifadə edərək Mərkəzi Asiyanı Qərbə güzəştə getməyəcəyi mesajını verir”.

Politoloq hesab edir ki, baş verənlər beynəlxalq strateji qarşıdurmanın məntiqi nəticəsidir: “Kreml və Vaşinqton bu regionlar uğrunda siyasi-iqtisadi və mövqe savaşı aparır. Avropa İttifaqı Mərkəzi Asiya üzrə yeni siyasi-iqtisadi strateji plan qəbul edib. Bu onu göstərir ki, Mərkəzi Asiya, Cənubi Qafqaz və Şərqi Avropa yeni münaqişə mərhələsinə keçir. Azərbaycan da bu regionda və baş verən siyasi maraqlar toqquşması nəticəsində öz ərazilərini işğaldan azad edə bilmir”.
XƏBƏR LENTİ