15:03 Oxunub: 311

MSK sədri: "Rəsmi şikayət daxil olmasa da, sosial şəbəkələrdə bəzi məlumatlar var" - YENİLƏNİR

MSK sədri: "Rəsmi şikayət daxil olmasa da, sosial şəbəkələrdə bəzi məlumatlar var" - YENİLƏNİR

(14:50)

seçki proseduru ilə bağlı rəsmi şikayət daxil olmasa da, sosial şəbəkələrdə bununla bağlı bəzi məlumatlar var".



Bunu jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.

MSK sədri bildirib ki, Neftçalada 61 saylı seçki dairəsinin 33 saylı seçki məntəqəsinə polis dəvət ediblər:

"Bununla bağlı məntəqə dairə seçki komissiyasına müraciət edilib. Əgər komissiya Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq polisin müdaxiləsinə ehtiyac olduğu barədə qərar verərsə polis məntəqəyə daxil ola bilər. Biz indi bu halı araşdırırıq. Bizə verilən məlumata görə, bütün qanuni addımlar atılıb, buna baxmayaraq, özümüz araşdırma aparırıq".

O qeyd edib ki, cəmiyyətin diqqətini cəlb edən belə məsələlər olduqda əraziyə nümayəndə göndərərək araşdırma aparılır:

"Digər bir halın Bakının Sabunçu dairələrindən birində olduğu qeyd olunur. Oradan verilən məlumatlarda belə təəsürat yaradılır ki, ərazidə qeydiyyatda olmayan şəxslər səs verir və bunun qanunazidd olduğu görüntüsü yaradılır. Amma qanunvericilik baxımından bu tamamilə əsası olmayan iddiadır. Çünki Seçki Məcəlləsinin tələbinə görə, vətəndaş son 6 ayda yaşadığı ərazi üzrə siyahıya daxil edilir. Seçici siyahısına daxil edilmə üçün vətəndaşın harada qeydiyyatda olmağındansa harada yaşaması daha vacibdir. Çünki indi yüz minlərlə insan qeydiyyatda olmadığı ərazidə yaşayır. Seçki Məcəlləsinin də tələbi budur və dünya praktikasında da bu tələb əsas götürülür. Amma seçicinin adı seçici siyahısında yoxdursa və o həmin məntəqədə səs veribsə, bu artıq araşdırılmalıdır".





(14:41)

"Seçki məntəqələri seçkilərin ən yüksək səviyyədə keçirilməsinə hazırdır. Son günlərdə bütün ölkə üzrə 5049 məntəqənin hamısı yoxlanılıb".

Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Azərbaycanda seçkilərdə ilk dəfədir yeni nəsil şəxsiyyət vəsiqələri istifadə olunur.

MSK sədrinin sözlərinə görə, hər hansı çatışmazlığın olmaması üçün araşdırma aparılıb: "Yeni nəsil şəxsiyyət vəsiqələrinin tətbiqi ilə bağlı hələ ki, heç bir şikayət daxil olmayıb. Bizim hesablamalarımıza görə, heç bir problem çıxmamalıdır. Məlumatların oxunması üçün seçki dairələri və məntəqələrinə göndərilən qurğulardan istifadə çox sadədir. Ona görə ondan istifadə ilə bağlı heç bir problem ola bilməz. Amma seçkidə müəyyən maraqlı tərəflər olduğu üçün (bu dünyanın bütün yerlərində belədir) onlar müəyyən halları şişirdə bilərlər. Əlimizdən gələni etmişik ki, bu qurğuların istifadəsi ilə bağlı heç bir problem olmasın. Gəldiyimiz nəticə ondan ibarətdir ki, Azərbaycan seçicisinin öz Konstitusiya hüquqlarının həyata keçirilməsi üçün hər bir şərait yaradılıb".




(14:35)

"İndiyə qədər bələdiyyə seçkiləri ilə bağlı Mərkəzi Seçki Komissiyasına hər hansı bir rəsmi şikayət daxil olmayıb".

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Rövzət Qasımov deyib.

O bildirib ki, seçkilər rəvan şəkildə davam edir:

"Hələ ki, biz narahatlığın şahidi olmamışıq. Müşahidəçilər də bildirirlər ki, seçki prosesi öz qaydasında davam edir. "Qaynar xətt"ə müraciətlər daxil olur və bu müraciətlər də əsasən namizədlər tərəfindən texniki xarakterli, hansısa məsələlərin aydınlaşdırılması ilə bağlı olur. Mərkəzi Seçki Komissiyasının əməkdaşları dərhal müraciətlərə cavab verir, suallar cavablandırılır və lazımi köməklik göstərilir”.

R.Qasımov qeyd edib ki, seçkilərdə fəallıq əvvəlki illərlə müqayisədə daha yüksəkdir:

"Bələdiyyə seçkilərində fəallığı əvvəlcədən proqnozlaşdırmaq çətin olur, ancaq onu deyə bilərəm ki, ötən seçkilərlə müqayisədə fəallıq artıb. Eyni zamanda veb-kameralar vasitəsilə müşahidə fəal şəkildə davam edir”.




(14:30)

Bakının Nəsimi rayon ərazisində 93 yaşlı kişi səs verib.

1926-cı il təvəllüdlü Yusif Əzizov bələdiyyə seçkiləri ilə əlaqədar 21 saylı Nəsimi birinci seçki dairəsinin 12 saylı seçki məntəqəsində səsvermədə iştirak edib.

"Report"un əməkdaşı ilə söhbətində özünü gümrah hiss etdiyini bildirən 93 yaşlı Y.Əzizov 21 saylı Nəsimi birinci seçki dairəsinin 12 saylı seçki məntəqəsinə gələrək səsvermə hüququndan istifadə edib.

Qeyd edək ki, 21 saylı Nəsimi birinci seçki dairəsinin 12 saylı seçki məntəqəsində 90 yaşdan yuxarı cəmi bir seçici qeydə alınıb. Bu məntəqənin seçici siyahısında 1216 nəfərin adı var.

Məntəqə 247 saylı tam orta məktəbin binasında yerləşir.





(12:50)

Azərbaycanda ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr açıqlanıb.

Saat 12:00-dək olan məlumata əsasən, seçici fəallığının ən yüksək olduğu 2 saylı Şərur Seçki Dairəsidir. Burada 43 142 nəfərdən 11 907 nəfəri (27.60 faiz) səs verib.

Saat 12:00-a olan məlumata görə, seçici fəallığının ən aşağı olduğu dairə 47 saylı Mingəçevir Seçki Dairəsidir. Burada 37 732 nəfərdən 4 908 nəfəri (13.01 faiz) səs verib.

Qeyd edək ki, Azərbaycanda keçirilən bələdiyyə seçkilərində saat 12:00-dək olan seçici fəallığı 18.07 faiz olub. Səsvermə hüququna malik 4 972 356 seçicidən bu saatadək 898 542 nəfəri səs verib.




(12:25)

Azərbaycanda keçirilən bələdiyyə seçkilərində saat 12:00-dək olan seçici fəallığı açıqlanıb.

Mərkəzi Seçki Komissiyası (MSK) Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, 118 seçki dairəsi üzrə 5049 seçki məntəqəsində seçici fəallığı bu saatadək 18.07 faiz olub.

O, səsvermə hüququna malik 4 972 356 seçicidən bu saatadək 898 542 nəfərinin səs verdiyini diqqətə çatdırıb.



(11:20)

Azərbaycanda ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr açıqlanıb.

Saat 10:00-a olan məlumata əsasən, seçici fəallığının ən yüksək olduğu dairə 51 saylı Qusar Seçki Dairəsidir.

Bu seçki dairəsində seçici fəallığı 13,93 faiz olub.


Saat 10:00-a olan məlumata görə, seçici fəallığının ən aşağı olduğu dairə 40 saylı Kəpəz İkinci (Gəncə) Seçki Dairəsidir. Bu seçki dairəsində seçici fəallığı 4,38% olub.


Qeyd edək ki, Azərbaycanda keçirilən bələdiyyə seçkilərində saat 10:00-dək olan seçici fəallığı 10:00-dək 8.51 faiz olub. Səsvermə hüququna malik 4 972 356 seçicidən bu saatadək 423361 nəfərinin səs verib.




(10:44)

Azərbaycanda keçirilən bələdiyyə seçkilərində saat 10:00-dək olan seçici fəallığı açıqlanıb.

Mərkəzi Seçki Komissiyası (MSK) Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, seçici fəallığı bu saatadək 8.51 faiz olub.

O, səsvermə hüququna malik 4 972 356 seçicidən bu saatadək 423 361 nəfərinin səs verdiyini diqqətə çatdırıb.





(10:26)

Dekabrın 23-də müasir müstəqil Azərbaycanın tarixində növbəti bələdiyyə seçkiləri günüdür.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva səs vermək üçün Bakı şəhərinin 29 saylı Səbail seçki dairəsinin 6 nömrəli orta məktəbdə yerləşən 6 saylı seçki məntəqəsinə gəliblər.

Prezident İlham Əliyev səsvermə otağına daxil olub seçki bülletenini alaraq kabinəyə keçib və sonra bülleteni qutuya salıb.

Sonra birinci xanım Mehriban Əliyeva və Leyla Əliyeva səs veriblər.





(Yeni 10:16)

Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev bələdiyyə seçkilərində səsvermədə iştirak edib.

Nazir 29 saylı Səbail seçki dairəsinin 7 saylı seçki məntəqəsində səs verib.

Seçki məntəqəsinin sədri İmran Cəmiyev "Report”a bildirib ki, O.Şirəliyev Bakı vaxtı ilə saat 09:15 radələrində öz səsini verib.

Qeyd edək ki, 29 saylı Səbail seçki dairəsinin 7 saylı seçki məntəqəsinin seçici siyahısında 1320 nəfərin adı var. Səsvermə başlayandan indiyə qədər təqribən, 80 nəfər səs verib.

Bu məntəqədə 5 nəfər qeydiyyatdan çıxıb, 5 nəfər qeydiyyata düşüb. 18 yaşı yeni tamam olmuş seçicilərin sayı isə 10 nəfər təşkil edir.

Seçki prosesini yerli müşahidəçilər izləyirlər.

Xatırladaq ki, məntəqə Qərbi Kaspi Universitetinin binasında yerləşir.






Bu gün Azərbaycanda bələdiyyə seçkiləri keçirilir.

Saat 8.00-da 118 seçki dairəsində 5049 seçki məntəqəsi açılıb. Azərbaycan ərazilərinin işğalı ilə əlaqədar 7 dairədə bələdiyyə yoxdur.

Səsvermədə seçki hüququ olan 4 972 356 vətəndaş iştirak edə bilər.

1606 bələdiyyə üzrə 15 156 yer uğrunda 41 462 namizəd mübarizə aparır.

Namizədlərin üçdə biri 13 partiyanın nümayəndələridir: Yeni Azərbaycan, Demokratik İslahatlar, Böyük Quruluş, Vətəndaş Birliyi, Vahid Azərbaycan Xalq Cəbhəsi Partiyası, Milli Dirçəliş Hərəkatı, Demokratik Maarifçilik, Sosial Demokrat, Ümid, Ana Vətən, Vətəndaş Həmrəyliyi, Vəhdət və Respublikaçılar partiyaları.

Aparıcı müxalifət partiyaları ölkədə ədalətli seçki kampaniyası üçün minimum şəraitin olmadığını, həmçinin bələdiyyələrin real səlahiyyətlərinin olmadığını hesab edərək bələdiyyə seçkilərində iştirakdan imtina ediblər.

MSK-nın məlumatına görə, seçkilərdə 52 636 yerli və 17 beynəlxalq müşahidəçi akkreditə olunub.

1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb və online yayım aparılır.

Səsvermə saat 19.00-da başa çatacaq. Bələdiyyə şuralarında yerlərin sayı bələdiyyənin əhalisindən asılı olaraq 5 ilə 19 arasında dəyişir. Bələdiyyə seçkilərində kvorum yoxdur. Ən çox səs toplayan namizədlər seçilmiş sayılırlar.

İlkin rəsmi nəticələr səsvermə başa çatdıqdan sonra beş gün ərzində MSK tərəfindən elan ediləcək.

XƏBƏR LENTİ