14:00 Oxunub: 196

Prezidentin yeni təyinatının hədəfi: Niyə Kamran Əliyev? - GƏLİŞMƏ

Prezidentin yeni təyinatının hədəfi: Niyə Kamran Əliyev? - GƏLİŞMƏ

Dövlət və idarəetmə aparatında çalışan məmurlar içərisində elələri var ki, ölkədə aparılan həyati əhəmiyyətli işlərə dəstək olmaq yerinə, özlərinin mənfur istəklərini ictimai maraqlardan üstün tutaraq, dövlətçiliyə və xalqa xəyanət edirlər.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısının həbs edilməsi haqda danışarkən deyib. Politoloq vurğulayıb ki, ölkədə siyasi islahatlar kursu uğurla davam etdirilir:

“COVİD-19-un tüğyan etdiyi bir zamanda Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti bu virusa qarşı ölkədə qəti tədbirlər həyata keçirməkdə və ciddi uğurlar qazanmaqdadır. Bu istiqamətdə vaxtında qəbul edilmiş qərarlar, görülmüş təxirəsalınmaz işlər ölkəmizin bu bəladan minimum itkilərlə çıxmasına zəmin yaratmaqdadır. Həm də bu məsələdə ölkəmiz təkcə postsovet məkanı deyil, eləcə də digər inkişaf etmiş dünya ölkələrinə nümunə göstərilir”.

Q.Hüseynlinin sözlərinə görə, bəzi məmurlar ölkə başçısının onlara verdiyi etimadı doğrultmur:

“Mənəviyyatını və əxlaqını itirmiş bu adamlar tutduqları yüksək postlara baxmayaraq, ölkə Prezidentinin yeritdiyi prinsipial xəttə, xalqın ümumi mənafelərinə xəyanət edir, rüşvət və korrupsiya hallarına yol verirlər. Xüsusilə, pandemiya dövründə xalqa ayrılmış sosial müavinətlərin mənimsənilməsi çox vicdansız əməldir.

Çoxsaylı şikayətlər, korrupsiya halları, rüşvətxorluq, dövlət əmlakını talama nəticəsində həbs olunmuş Ağstafa, Yevlax, Neftçala icra başçılarının aqibətindən nəticə çıxarmayan növbəti şəxslərdən biri də Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı oldu. Ölkə Prezidenti İlham Əliyevin dəfələrlə ictimaiyyət qarşısında vəzifəli şəxslərə, xüsusilə, icra başçılarına müvafiq tapşırıqlarına baxmayaraq, Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı dövlətin mənafeyinə ciddi zərbə vurmuş, pandemiya dövründə ehtiyacı olan şəxslərə dövlət tərəfindən ayrılmış maddi dəstəyi qanunsuz olaraq mənimsəmişdir. Kimliyindən, tutduğu vəzifədən asılı olmayaraq, hər kəs bilməlidir ki, ölkə Prezidenti tərəfindən verilmiş tapşırıqlardan düzgün nəticə çıxarmayan, vəzifə borcunu yerinə yetirməyib rüşvət və korrupsiya hallarına yol verən şəxslər bundan sonra da dövlət tərəfindən ciddi surətdə cəzalandırılacaqlar”.

Q.Hüseynli bildirib ki, Prezident İlham Əliyev Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevi videoformatda qəbul edərkən yenidən sərt xəbərdarlıq etdi:

“Əslində, bu xəbərdarlıq bundan öncə də dəfələrlə edilmişdi. Lakin son atılan effektiv addımlar ölkə başçısının öz maraqlarını dövlətin ali maraqlarından üstün tutan şəxslərə ciddi bir xəbərdarlıq mahiyyəti daşıyır. Prezidentin “korrupsiyaya və korrupsionerlərə qarşı amansız mübarizə aparılacaq” sözləri bir daha onu göstərir ki, aparılan kadr islahatları bundan sonra da davam etdiriləcək və qabaqlayıcı tədbirlər daha da kəskinləşəcək. Biləsuvar rayon İcra Hakimiyyətinin başçısının aqibəti çoxlarına ibrət olmalıdır. Bu, əyani xəbərdarlıq idi. Təsadüfi deyil ki, ölkə başçısı çıxışında bu halların təkcə yerli icra orqanlarında müşahidə edilmədiyini, eyni zamanda mərkəzi icra orqanlarında da belə halların araşdırıldığını vurğuladı”.

Q.Hüseynli həmçinin Prezident İlham Əliyevin Azərbaycan Respublikasının Baş prokuroru vəzifəsinə Kamran Əliyevi təyin etməsindən danışıb:

“Ölkədə aparılan siyasi, iqtisadi, hüquqi və kadr islahatlarının növbəti mərhələsi həyata keçirilməkdədir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yeni Baş prokuror təyin edib. Bu posta Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisinin namizədliyinin verilməsi Azərbaycanda korrupsiyaya qarşı aparılan ciddi mübarizənin daha vüsətlə aparılacağına dəlalət edir”.
XƏBƏR LENTİ