13:58 Oxunub: 190

"Ticarət Mərkəzlərində qızlara oturmağa icazə vermirlər"- Millət vəkili

"Ticarət Mərkəzlərində qızlara oturmağa icazə vermirlər"- Millət vəkili



"Heç kim 8 saatdan çox işləməməlidir".

Ölkə Prezidenti İlham Əliyev bunu fevralın 3-də "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda deyib.

O, həmçinin "Mənə verilən məlumata görə, bəzi hallarda işçiləri vaxtından çox işlədirlər" deyərək sözlərinə belə davam edib:
"Bizim 8 saatlıq iş günümüz var. Heç kim ondan artıq işləməməlidir. Amma daha çox pula qənaət etmək üçün 10 saat, 12 saat, ondan da çox işlədirlər. Buna son qoyulmalıdır və Nazirlər Kabineti buna nəzarət etməlidir. Xüsusi müşavirə keçirilsin ki, bu məsələlər müzakirə olunsun və əgər belə hallara yol verilirsə, o sahibkar cəzalandırılacaq.
İşçilərə də müraciət edirəm. Siz də əmək müqaviləsi olmadan işləməyin. Mən bilirəm ki, bəzi hallarda sizi məcbur edirlər. Amma bilin ki, əgər əmək müqaviləsi olmasa, sabah pensiya, tibbi sığorta ala bilməyəcəksiniz. Ona görə sahibkarlar vergisini ödəməli, bütün qanuni tələblərə riayət etməli və məsuliyyətli olmalıdırlar. İmkanlı sahibkarlar, əlbəttə ki, öz sosial məsuliyyətini də dərk etməlidirlər. Eyni zamanda, əsassız olaraq işçiləri ixtisar etməməlidirlər. Çünki ixtisar edilən hər bir iş yeri bir ailəni çörəksiz qoyur. Buna getmək olmaz".

Bununla bağlı Sonxeber.az-a danışan Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə Mübarizə komitəsinin sədr müavini, deputat Aydın Mirzəzadə ölkə başçısının dünənki çıxışının proqram xarakterli olduğunu bildirib:

"Cənab Prezidentin dünənki çıxışı proqram xarakterli idi. İnsanların sosial məsələlərinin diqqət mərkəzinə çəkilməsi əhəmiyyətli idi. Onun işçilərin iş saatından artıq işlədilməsi, onların əmək hüququnun pozulması məslələrinə yer verməsi hamı tərəfindən dəstəkləndi".

Deputat həmçinin Ticarət Mərkəzlərində işləyən qadın işçilərin iş saatı və onların fiziki olaraq yüklənməsinə də münasibət bildirib:

"Mən parlamentdə çıxışlarımın birində ticarət mərkəzlərində qızlara az maaş verilməsi, onların iş zamanı oturmağa belə icazə verilməməsi ilə bağlı məsələ qaldırmışdım. Hesab edirəm ki, bu ciddi məsələdir. Ticarət mərkəzlərində işləyənlərin əksəriyyəti qadınlardır. Onlara oturmağa belə icazə vermirlər. Bununla bağlı əvvəlki Əmək və Sosial Müdafiəsi nazirinə də öz fikirlərimi bildirmişəm. Mən düşünürəm ki, belə məsələlərin artıq üzərinə getməyin vaxtı çatıb. Əvvələr iş yerlərinin yaradılması vacib idisə, düşünürəm ki, indi işçilərin hüquqları yüksək səviyyədə qorunmalıdır. Artıq bu məsələdə güzəştə gedilə bilməz. Əgər işçi iş saatından artıq işlədilirsə, sahibkar birinci Əmək Məcəlləsinin qanunlarını pozmuş hesab edilir".
XƏBƏR LENTİ