14:47 Oxunub: 199

İlin 11 ayının yekunu: prosesin qalibi İlham Əliyevdir - TƏHLİL

İlin 11 ayının yekunu: prosesin qalibi İlham Əliyevdir - TƏHLİL



2019-cu ilin başa çatmasına bir ay qalır. İlin 11 ayında Azərbaycanda müşahidə olunan hadisələri təhlil etsək, prosesin qalibinin prezident İlham Əliyev olduğunu birmənalı söyləyə bilərik.

Bunu siyasi, iqtisadi analitiklər birmənalı qeyd edirlər. İlin əvvəlindən şəhid ailələri ilə görüşlər, rayonlarda əhali ilə birbaşa təmaslar, maaşların, pensiyaların artımı, kadr dəyişiklikləri, struktur islahatları, yüksək vəzifələrə təyin etdiyi şəxsləri publika önündə qəbul etməsi, üstəgəl, müxalifətin mitinq cəhdlərinin hakimiyyətə ciddi təsir edə bilməməsi və sair məsələləri təhlil etdikdə prosesin prezidentin nüfuzunu artırdığı açıq şəkildə ortadadır.

Ekspertlər bildirir ki, 2019-cu ilin sosial inkişaf, əhalinin sosial müdafiəsi baxımından başqa illərdən fərqlənən il olacağını bəyan edən prezidentin cari il ərzində təqdim etdiyi iki sosial paket sosial siyasətin yüksək səviyyədə reallaşmasını, ölkədə sosial inkişaf, sosial rifahın yüksəldilməsi istiqamətində bir-birinin ardınca inqilabi xarakterli addımların atılmasını təmin edib.

Dövlət başçısının bu ilin ilk aylarında təqdim etdiyi birinci sosial islahatlar paketi nəticəsində minimum əmək haqqı martın 1-dən 40 faizədək artırılaraq 130 manatdan 180, pensiyanın minimum məbləği isə 40 faizədək artırılaraq 116 manatdan 160 manata çatdırılıb. Bu gün həmin artımlardan 830 min insan yararlanır. Həmçinin aprelin 1-dən 14 kateqoriyaya aid şəxslər üzrə sosial müavinətlər, 9 kateqoriyaya aid şəxslər üzrə isə Prezidentin aylıq təqaüdlərinin məbləği orta hesabla 100 faiz artırılıb. Sosial təminat sisteminin əhatə dairəsi daha da genişləndirilib, 2 yeni təqaüd növü - sağlamlıq imkanları məhdud uşaqlara və I dərəcə əlilliyi olan şəxslərə qulluq edənlərə Prezidentin aylıq təqaüdü təsis olunub. Habelə aylıq sosial müavinət alan I dərəcə əlilliyi olan şəxslər üçün Prezidentin aylıq təqaüdü pensiya alan I dərəcə əlilliyi olan şəxslərə də şamil edilib. Sayı 80 minədək olan müharibə veteranlarına aylıq təqaüdlər təsis olunub. Sosial müavinət və təqaüd artımları, təsis olunan yeni təqaüdlər 300 mini əlilliyi olan şəxslərdən ibarət 600 minədək vətəndaşın rifahını yaxşılaşdırıb. Bunlardan əlavə, məcburi köçkünlərin aylıq müavinəti 50 faiz artırılıb, 800 min vətəndaşın problemli kreditləri həll olunub, tələbələrin təqaüdlərində əhəmiyyətli artımlar edilib.

Sosial paket 3 milyona yaxın insanın rifahına mühüm dəstək kimi cəmiyyət tərəfindən yüksək dəyərləndirilir.

“Minimum aylıq əmək haqqının artırılması haqqında” 18 iyun 2019-cu il tarixli sərəncama əsasən, ölkədə minimum əməkhaqqının məbləği cari il sentyabrın 1-dən 40 faizədək artırılaraq 180 manatdan 250 manata çatdırılıb. Bununla da cari ildə reallaşan iki sosial paket nəticəsində Azərbaycanda minimum əmək haqqının məbləği 93 faiz artırılmış olub. Bununla ölkəmizdə ilk dəfə olaraq minimum əmək haqqının məbləği yaşayış minimumunu (180 manat) üstələyib.

Beləliklə, Azərbaycan minimum əmək haqqının səviyyəsinə görə təkcə qonşu yox, MDB-yə üzv ölkələrlə müqayisə edildikdə alıcılıq qabiliyyəti indeksi üzrə ikinci yerə sahiblənmiş olub. Bu artım digər tərəfdən özəl sektora da böyük təsir göstərir. Çünki bu amil özəl sektorda da işçi qüvvəsinin rəqabət qabiliyyətini gücləndirir və əmək bazarına müsbət təsir edir.

18 iyun 2019-cu il tarixində imzalanan digər sərəncamlarla eyni zamanda dövlət sektorunda işləyən müəllimlər, dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışanlar, hərbi qulluqçular, hüquq-mühafizə orqanları əməkdaşları, həm ümumi, həm də xüsusi növ üzrə dövlət qulluqçuları, hakimlər və digərlərindən ibarət 400 min nəfərin əməkhaqları da cari il sentyabrın 1-dən 20-100 faiz səviyyəsində artırılıb. Ümumilikdə, ikinci sosial paket 1 milyon 350 min nəfəri əhatə edir ki, onlardan da 1 milyonu dövlət, qalanları özəl sektorda işləyənlərdir.

Siyasi ekspert Elxan Şahinoğlu bildirdi ki, prezident 2019-cu il başlayandan indiyə qədər sosial-iqtisadi yönümlü addımlarla yanaşı, siyasi məzmun daşıyan, idarəetməyə təsir göstərən ciddi addımlar da atıb: “Prezident İlham Əliyev bir çox addımlar atıb. Bunlardan ən önəmlisi kadr islahatlarıdır, idarəetmədə gəncləşmə siyasətidir, köhnələrin yenilərlə əvəz olunmasıdır. İkinci istiqamət, siyasi və iqtisadi islahatların dərinləşdirilməsidir. Prezident özü də rəqəmlərə müraciət edərək qeyd edib ki, kənd təsərrüfatı naziri dəyişəndən sonra bu sahədə irəliləyiş qeydə alınıb, vergilər naziri dəyişəndən sonrakı dövrdə daha çox vergi yığılıb, bunun hesabına maaş və pensiyalar artırılıb. Son illər aşağı səviyyəli rüşvət demək olar ortadan qaldırılıb. ASAN Xidmətin geniş yayılması bu məsələdə öz sözünü deyir. Bütün bu addımlar islahatların dərinləşdirilməsi öz təsirlərini göstərməkdədir. O ki qaldı müxalifətin keçirdiyi aksiyaların hakimiyyətə ciddi bir təhlükə yaratmamasına müxalifətin cəhdlərinin effektini öldürən amillərdən biri məhz prezidentin bu il apardığı islahatlar, atılan addımlardır. Şəxsi fikrim belədir ki, hakimiyyət gələn ilə böyük üstünlüklə və əminliklə gedir. Belə vəziyyətdə isə məncə, növbəti parlament seçkiləri demokratik keçiriləcək”.
“Yeni Müsavat”
XƏBƏR LENTİ