16:33 Oxunub: 226

Belçikanın Qrutus sarayı yenidən öz qapılarını ziyarətçilərə açıb

Belçikanın Qrutus sarayı yenidən öz qapılarını ziyarətçilərə açıb
Brüqqe Belçikanın flamand hissəsinin n maraqlı və istirahət üçün ən sevimli şəhərlərindən biridir. Bu məkanda təkcə belçikalılar deyil, həm də əcnəbi turistlər dincəlməyi sevirlər. Lakin son illər şəhərin ən görməli yerlərindən biri olan Qrutus sarayının ziyarət üçün bağlanması Brüqqeyə gələnləri məyus edirdi.

AZƏRTAC xəbər verir ki, bu yaxınlarda sarayda bərpa işləri başa çatıb və onun içərisində fəaliyyət göstərən muzey Brüqqenin son beş ildə möhtəşəm mənzərəsini əks etdirən mədəniyyət obyektinə çevrilib.

Qrutus sarayı Lui və ya Lüdovik Qrutusun şəhər iqamətgahı olub. Yerli zadəganlara aid olan bu ailə orta əsrlərdə pivə bişirilməsində istifadə edilən dərman otlarının idxalı və satışı üzrə inhisarçı olub. Həmin inhisar ailəyə böyük sərvət gətirib və onun hesabına da Qrutus sarayı tikilib. Deyilənə görə, bu möhtəşəm bina həm yaşamaq, həm də paxıllıq edənlərin önündə ailənin sərvəti ilə öyünmək üçün ucaldılıb. Bir neçə əsrdən sonra saray lombard və hərrac evi kimi istifadə olunmağa başlayıb. Təsadüfi deyil ki, bu məqsədlə istifadə edilən bina tədricən dağılıb. Yalnız XIX əsrdə memar Lui Delasenserinin diqqətini cəlb edən sarayda əsaslı rekonstruksiya işləri aparılıb. Məhz həmin dövrdə ingilis turistlər Vaterloo döyüşləri meydanına ziyarət zamanı Brüqqedən aralıq məntəqə kimi istifadə etməyə başlayıblar. Şəhər beynəlxalq turizm xəritəsində öz yerini alıb və orta əsrlərə aid binalar təmir edilib, qotik intibah üslubunda yeniləri tikilib. İnsanlar, həmçinin öz evlərinin fasadlarının da bu üslubda təmiri üçün müraciət etməyə başlayıblar.

Brüqqe artıq turistləri təəccübləndirən və valeh edən bir şəhərə çevrilib. Burada muzeylər açılıb, sərgilər və digər mədəniyyət tədbirləri, müsabiqələr təşkil olunub, yerli arxeologiya cəmiyyəti yaradılıb. Şəhərin görkəmli sakinləri və ustaları peşəkar cəmiyyətlərə üzv olub, orta əsrlərin sənətkarlıq ənənələri dirçəldilib və inkişaf etdirilib. Arxeologiya cəmiyyəti üçün öz eksponatlarını nümayiş etdirməyə yer lazım idi və Qrutus muzeyi məhz bunun üçün əlverişli məkana çevrilib. Lui Delasenseri həmin vaxt şəhərin baş memarı idi və binanın rekonstruksiyası üçün sifariş də ona verilib.

Bu günlərdə yenidən açılan muzeyin konsepsiyasında da dəyişiklik olub. Yeni konsepsiya həqiqətən çox maraqlıdır və Brüqqenin bütün guşələrindən gətirilmiş eksponatlar şəhərin zəngin tarixini əks etdirir. Hər bir mərtəbə müəyyən dövrü əhatə edir. Birinci mərtəbədə XV-XVI əsrlərə aid eksponatlar var. Məhz bu dövrdə Brüqqe beynəlxalq ticarətin inkişafı nəticəsində varlı şəhərə çevrilib. Beynəlxalq ticarət yollarının kəsişməsində yerləşən şəhər İngiltərə, Almaniya, Skandinaviya, Baltikyanı ölkələri və Cənubi Avropanı birləşdirib. Burada beynəlxalq ticarət evlərinin nümayəndəlikləri fəaliyyət göstəriblər. Tacir gildiyaları şəhərin tərəqqisində mühüm rol oynayıblar. Həmin vaxt Brüqqedə 50 müxtəlif gildiya olub.

Şimali Niderlandın ayrılması və Sluis limanının itirilməsindən sonra Şimal dənizinə çıxışdan məhrum olan Brüqqe çətin vaxtlar yaşayıb. Həmin illərdə Niderlandın general-qubernatoru Habsburq Albert Ostend və Nyuportda kanalların tikintisi təşəbbüsünü irəli sürüb və Brüqqenin dənizə çıxışını təmin edib.

İkinci mərtəbədə olan eksponatlar XVII-XVIII əsrləri əhatə edirlər. Həmin dövrdə çay, tütün, şokolad, çini qablar və ipək yalnız varlıların ala biləcəyi məhsullar idi. Müəyyən vaxtda Avropa idxalının 40 faizi də “Ostend” şirkətinin payına düşüb. Böyük dövlətləri narahat edən bu fakt onların şirkəti müflis etdirməsi və onun yerini tutması ilə nəticələnib.

Yeni məhsullar yeni əşyalara da tələbat yaradıb: qəhvə qabları, isti şokolad üçün fincanlar və tütün qutuları da muzeyin rəflərində yer alıb. Eksponatlardan öyrənirik ki, varlı adamların qızları bal rəqslərində öz partnyorlarını müəyyən etmək üçün xüsusi xəritələrdən istifadə edirmişlər. Həmin dövrdə pariklər də dəbə minir, lakin o vaxtkı modanın mərkəzində krujeva olub.

Muzeydə gənc imperator V Karlın nadir portreti var. Burqundiya dövrünün bir çox əşyaları da sarayın açılışında məxsusi olaraq nümayiş etdirilib. Lüdovik Qrutusun şəxsi ibadətgahı da muzeyə birləşdirilib. O, qonşuluqdakı Məryəm Ana kilsəsinin bənzəridir.

Sarayın yuxarı mərtəbəsi isə XIX əsrə və qotik dirçəliş dövrünə həsr olunub. Bu, Brüqqenin Zebrüqqe limanı vasitəsilə Şimal dənizinə birbaşa çıxışını bərpa etdiyi dövr olub. O zamanın ustaları neoqotik üslubda yeni əsərlər yaradır və həmin illərin ənənəsinin yaşatmaq üçün qədim şüşəçilər və dərzilərin metodlarını öyrənirdilər.
XƏBƏR LENTİ