13:47 Oxunub: 246

“Qarabağ”a meydan oxudu

“Qarabağ”a meydan oxudu

“Dundalk”ın müdafiəçisi Şon Hoar bu gün “Qarabağ”la keçirəcəkləri Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab görüşü ilə bağlı iddialı açıqlamalar verib.

Qol.az-ın xəbərinə görə, İrlandiya mətbuatına müsahibəsində 25 yaşlı oyunçu “Qarabağ”ı keçmək üçün baxımlı futbol sərgiləyəcəklərini və rəqibə istənilən mövqedə müqavimət göstərməyə hazır olacaqlarını vurğulayıb.

Ş.Hoar Ağdam klubunun ev oyunlarındakı gücündən xəbərdar olduqlarını və matça tam kökləndiklərini bildirib: “Məğlub olsaq belə, Avropa Liqasında oynamaq şanslarımızı saxlayırıq. Lakin biz mübarizəni məhz Çempionlar Liqasında davam etdirmək istəyirik. İstənilən hədəfə çatmaq üçün onu arzulamaq lazımdır. Əgər bunu etməsən, məqsədə nail olmaq qeyri-mümkündür”.


“BİZİ KİÇİK İRLAND KLUBU SAYIRLAR, AMMA...”

Mərkəz müdafiəçisi həmçinin onları “kiçik irland klubu” adlandıranlara da cavab verib: “Unudurlar ki, bir neçə il əvvəl “Dundalk” Çempionlar Liqasında üçüncü mərhələyə yüksəlib. Bu uğuru indi də təkrarlaya bilərik. Biz təcrübəli kollektivik və bunu etmək bizim üçün mümkündür. Bəziləri elə düşünür ki, biz bu turnirdə çıxış edən kiçik irland klubuyuq. Ancaq bunun belə olmadığını oyunumuzla sübut etmək istəyirik. Beləliklə özümüzə inanmalıyıq. Bakıya kiçik İrlandiya klubu kimi çıxış etməyə gəlməmişik”.

"QARABAĞ" TOPSUZ QALANDA ÖZÜNÜ İTİRİR"

Bununla yanaşı Hoar “Qarabağ”ın gücündən də danışıb: “Onların hər bir oyunçusu “Barselona” üslubunda oynamağı bacarır. Güclərinə bələdik. Amma “Qarabağ” kimi topla oynamağı sevən komandalar topsuz qalanda özlərini itirirlər. Rəqibin hücumunu yarımmüdaifədə qarşılayıb dəf etməyə çalışacağıq. Hər il Çempionlar Liqasında oynamaq üçün çox çalışmaq lazımdır. Avrokuboklar çərçivəsində irəliləmək istəyirik. Bu turnirə yay tətili, bir neçə ölkəyə səyahət etmək üçün gəlməmişik”.

Xatırladaq ki, “Qarabağ” - “Dundalk” matçı bu gün 21:00-da “Dalğa Arena”da keçiriləcək. Bu komandaların İrlandiyadakı ilk görüşü 1:1 hesabı ilə yekunlaşıb.
XƏBƏR LENTİ