16:21 Oxunub: 282

"Həmişə şəhid ailələrinə arxa-dayaq olmağa hazırıq" - Aprel şəhidinin hərbiçi dostu

"Həmişə şəhid ailələrinə arxa-dayaq olmağa hazırıq" - Aprel şəhidinin hərbiçi dostu

Aprel döyüşlərində Mingəçevir şəhəri 4 şəhid verdi. Onlardan biri də qoşunların təmas xəttində erməni işğalçıları ilə döyüşlərdə şəhid olan Rahim Qara oğlu Tağıyevdir.

Yeniavaz.com xəbər verir ki, Rahimin şəhid olmasının 3-cü ildönümündə şəhər İcra Hakimiyyəti və ictimayyət nümayəndələri, şəhidin hərbiçi dostları və doğmaları onun şəhidlər xiyabanındakı məzarını ziyarət ediblər.

Yaxın dostu gizir Samiq Əzimov deyir ki, Rahimlə bir gündə hərbiyə gəlmişik: "Çox mərd, vətənpərvər bir oğul idi. İkimiz də bir gündə yaralandıq. Məni Gəncədəki hərbi hospitala, Rahimi isə Bakı şəhərinə apardılar. Sonradan onun ölüm xəbərini eşidəndə çox sarsıldım. Onun da 3 körpə övladı var idi. Həmişə övladlarından narahat idi. Bizim ana-bacılarımız elə bilməsinlər ki, onlar təkdir. Biz də onların övladlarıyıq, həmişə şəhid ailələrinə arxa-dayaq olmağa hazırıq. Biz əsgərlər Ali Baş Komandan cənab İlham Əliyevin əmri ilə döyüşə hər an hazır olan silahlı qüvvələrimizin ölkəmizin ərazi bütövlüyünü təmin edəcəyi günün çox da uzaqda olmadığına və qəhrəmanlarımızın qanının yerdə qalmayacağına əminik".

Şəhidin övladları Ülkər, Nihat və balaca Nicat ataları ilə fəxr etdiklərini, yaxşı oxuyub atalarının arzusunu yerinə yetirəcəklərini bildiriblər.

Qeyd edək ki, 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı ağır yaralanan Rahim Tağıyev Bakı şəhərində yerləşən Silahlı Qüvvələrin Baş Klinik Hospitalında ölüm ilə mübarizə apardı. Üç dəfə cərrahi əməliyyat olunan Rahim Tağıyev 3 ay 7 gün koma vəziyyətində qalsa da, sonda iyulun 10-u şəhid oldu. Allah rəhmət eləsin.
XƏBƏR LENTİ