10:00 Oxunub: 270

İnqilab İrəvandan qondarma rejimə keçir: Qondarma rejimdə nə baş verir?

İnqilab İrəvandan qondarma rejimə keçir: Qondarma rejimdə nə baş verir?

Dağlıq Qarabağda gedən proseslər Ermənistandakıların davamıdır.

Ermənişünas Qafar Çaxmaqlı Redaktor.az-a açıqlamasında qondarma rejimdə gedən kadr dəyişikliklərinin səbəblərinə aydınlıq gətirib.

Çaxmaqlı hesab edir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan öz hakimiyyətini möhkəmləndirmək üçün qondarma rejimin rəhbərliyini özünə tabe etməlidir:



“Bu mənada Bako Saakyana qondarma rejimdəki kadrlar, vəzifəli şəxslər vasitəsi ilə təzyiqlər edir. Saakyanın “Dağlıq Qarabağın Təhlükəsizlik Şurasının katibi” vəzifəsindən azad etdiyi Vitaliy Balasardyan “hakimiyyət”ə iddialı olan şəxslərdən biridir. Paşinyan onu və digərlərini Bako Saakyanın üzərinə qaldrır. Saakyan Dağlıq Qarabağda keçmiş Ermənistan rəhbərinin ruporudur. Paşinyan da onun əlindən bu vəzifəni almaq istəyir. Buna görə də indidən tədbirlər görərək, 2020-ci ildəki seçkilərdə qələbəni təmin etmək niyyətindədir. Amma Nikol müqavimətlə üzləşir”.

Q.Çaxmaqlı qeyd edib ki, qondarma rejimdə müəyyən mənada hakimiyyət dəyişikliyi, vəzifəli şəxslərin yerdəyişməsi prosesləri həyata keçirilir:

“Paşinyan rejiminin möhkəmləndirilməsi üçün atılmış bu addımlar istənilən effekti verməyəcək. Paşinyan həm də Dağlıq Qarabağa verilən yardımların kəsilməsi iddiasını da qaldırıb. Bunu edərsə, gələcəkdə Dağlıq Qarabağ Ermənistanın nəzarətindən çıxa bilər. Amma düşünürəm ki, onun bunu etməsinə icazə verilməz”.

Q.Çaxmaqlı vurğulayıb ki, qondarma rejimdə gedən proseslər Azərbaycan müharibə ritorikasını seçənə qədər davam edəcək:

“Azərbaycan ermənilərin başının daxili işlərinə qarışmasından istifadə etməlidir. Torpaqlarımızı azad etmək üçün tək yolumuz anti-terror əməliyyatlarına başlamaqdır. Azərbaycan öz ərazisində olan qeyri-qanuni qüvvələri cəzalandıraraq, torpaqlarını işğaldan azad etməlidir”.

Politoloq Elxan Şahinoğlu da məsələyə münasibət bildirib. Politoloq hesab edir ki, işğal altındakı torpaqlarda olan yerdəyişmə prosesi olduqca maraqlıdır:



“Vəzifəsindən azad edilən Vitaliy Balasardyan 2020-ci ildə Dağlıq Qarabağda keçiriləcək “prezident seçkisinə” hazırlaşır. Ona görə də Bako Saakyan tərəfdarına “prezident” seçkisinə rahat hazırlaşmaq imkanı yaradıb. Ancaq Bako Saakyan son kadr yerdəyişməsiylə Ermənistanın baş naziri Nikol Paşinyanın ona qarşı artan təzyiqini yumşaltmağı da planlaşdırıb. Çünki, Paşinyan ən çox Balasardyanın açıqlamalarından narazı idi. Saakyan da Balasardyanı “təhlükəsizlik şurasının katibi” vəzifəsindən uzaqlaşdırmaqla həm Paşinyanın təzyiqlərindən yaxa qurtardı, həm də Balasrdyana imkan yaratdı ki, “seçkiyə” hazırlaşsın”.

E.Şahinoğlu vurğulayıb ki, V.Balasrdyan eks-prezident Robert Köçəryanın adamıdır, ona qulluq edir:

“Ona görə də Paşinyan Balasardyanın Dağlıq Qarabağdakı vəzifəsindən uzaqlaşdırılmasına nail olsa da, əslində bu rahatlığın ömrü uzun çəkməyəcək. Çünki böyük ehtimalla 2020-ci ildə Dağlıq Qarabağ separatçılarının başında yenə Köçəryanın adamı oturacaq, bu ya Balasardyan, ya da bir başqası olacaq.

Digər tərəfdən, Bako Saakyanın “mətbuat katibi” David Babayan “fövqəladə hallar naziri” Levon Mnatsakyanın vəzifəsindən uzaqlaşdırılmasını da qəribə şəkildə izah edib. Son addımları ilə separatçıların təmsilçiləri seçki günü Dağlıq Qarabağı daxildən qarışdırmaq istəyənlərin olduğuna işarə vururlar. Azərbaycanın Dağlıq Qarabağı daxildən qarışdırmaq imkanı yoxdur, bunu edə biləcək qüvvə Ermənistandadır”.

Politoloq qeyd edib ki, Levon Mnatsakyanın da Balasardyan kimi Paşinyandan və onun partiyasından xoşu gəlmir:

“L.Mnatsakyan 2018-ci ilin dekabrına qədər Dağlıq Qarabağda “müdafiə naziri” idi. O Paşinyanın lideri olduğu “Mənim addımım” blokunun deputatı Sasun Mikaelyanın “Ermənistanda inqilab Qarabağ müharibəsindən daha vacib idi” sözlərinə sərt şəkildə etiraz etmişdi. Bu etiraz Paşinyanın ciddi narazılığına səbəb olmuş və o, yenə Bako Saakyana barmaq silkələyərək “tərəfdarlarının danışıqlarına fikir ver” xəbərdarlığını göndərmişdi. Bako Saakyan o zaman Levon Mnatsakyanın vəzifəsini dəyişsə də, indi Paşinyanın acığına onu daha böyük “vəzifəyə” gətirdi”.

Politoloq bildirib ki, Bako Saakyanın vəzifəsindən azad etdikləri içərisində “müşaviri” Artur Aqabekyan da var:

“O da Vitaliy Balasardyan kimi gələnilki “prezident seçkisinə” hazırlaşır. Ancaq Artur Aqabekyan özü “seçkiyə” qatılmayacaq, keçmiş “dövlət naziri” Arayir Arutunyanı dəstəkləyəcək. Dağlıq Qarabağın keçmiş “müdafiə naziri” Samvel Babayan da “seçkiyə” hazırlaşır. Ancaq Babayan son 10 ildə Qarabağda yaşamayıb. “Dağlıq Qarabağ Konstitusiyasına” görə isə “seçkiyə” qatılan namizəd son 10 ildə bölgədə yaşamalıdır. Ona görə də Samvel Babayan ilkin mərhələdə separatçıların “Konstitusiyasından” həmin bəndin dəyişdirilməsinə çalışmalıdır”.

Xatırladaq ki, erməni separatçılarının lideri Bako Saakyan iyunun 11-də “Dağlıq Qarabağın Təhlükəsizlik Şurasının katibi” Vitaliy Balasardyanı və “fövqəladə hallar naziri” Levon Mnatsakyanı vəzifələrindən azad edib. Bako Saakyan başqa qərarıyla Levon Mnatsakyanı “daxili işlər naziri” təyin edib.
XƏBƏR LENTİ