21:21 Oxunub: 234

Məmurların "qara bazar"da əlləri varıydı – Deputat "exchange" problemindən danışdı

Məmurların "qara bazar"da əlləri varıydı – Deputat "exchange" problemindən danışdı

"2 ilə yaxındır ki, valyutadəyişmə məntəqələrinin yenidən açılmasının vacibliyini istər Milli Məclisin komitə iclaslarındakı çıxışlarımda, istərsə də mətbuata açıqlamalarımda vurğulayıram".

Bunu Sonxeber.az-a Milli Məclisin deputatı Rüfət Quliyev Bakıda valyutadəyişmə məntəqələrinin sayının olduqca az olması probleminə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, "exchange"lərin yox səviyyəsində olması ölkədə turizmin inkişafına mənfi təsir göstərir: "Strateji Yol Xəritəsində turizmə xüsusi yer verilib. Azərbaycanın bu sahədə çox böyük potensialı var, hazırda turizmdə inkişaf mövcuddur. Artıq Təkcə Rusiyadan Azərbaycana ildə 1 milyona yaxın turist gəlir. Bəs bu qədər turist pulunu haradan dəyişməlidir? Bakıda barmaqla sayılası qədər valyutadəyişmə məntəqələri fəaliyyət göstərir. Onların mütləq əksəri bankın filiallarının nəzdindədir, onlar da istirahət günləri işləmirlər. Bankın işləməməsi valyutadəyişmə məntəqəsinin işləməməsi anlamına gəlir".

Millət vəkili mövcud problemlə əyani şəkildə qarşılaşdığını bildirib: "Türkiyədən gəlmiş bir qonağım əlindəki manatı xarici valyutaya dəyişmək istəyirdi. Gecə saatlarında İstanbula uçmalıydı. Yalnız bir yerdə "Funikulyor" ərazisi yaxınlığında 24 saat işləyən "exchange" tapa bildik". Ümumiyyətlə belə olmamalıdır. Tezliklə bu problemi həll etmək lazımdır. Ola bilsin ki, belə məntəqələrin açılması üçün irəli sürülən şərtlər ağırdır. Belə olan halda həmin şərtləri yüngülləşdirmək lazımdır. Bakının özündə yüzlərlə valyutadəyişmə məntəqələri açılmalıdır. Bu həm də yeni iş yerlərinin açılması deməkdir. Əgər "exchange" sahibi günə 100-150 manat qazanacaqsa, o həm rahat işləyəcək, həm də vergisini rahat ödəyəcək. Biz turistlərə əziyyət verə bilmərik".

R. Quliyev problemin həll yollarından biri kimi valyutadəyişmə məntəqələrini bankın filiallarının nəzdində açıb lakin iş rejimini bankdan fərqli tətbiq etməyi təklif edir: "Bu sahədə də rəqabət olmalıdır. Həm bank filiallarının nəzdindəki, həm də sahibkarların açdığı "exchange"lər üçün şərit yaradılmalıdır. Ola bilsin ki, vergi ödəmələri ilə bağlı müəyyən problemlər ortaya çıxsın. Valyuta mübadilə məntəqələrinin açılması üçün verilən lisenziyalara daha bir bənd əlavə edilə bilər. Belə ki, lisenziyalar Bakının mərkəzi, şəhərin mərkəzindən kənar və regionlar olmaqla, üç yerə bölünsün. Lisenziyalar vergi ilə əlaqədar yerindən asılı olaraq alınsın. "Exchange"lərin mümkün hücumlardan qorunması üçün irəli sürülən şərtlərlə razıyam".

Deputat əlavə edib: "Niyə turistlərin ölkəmizə gəlməsinin qarşısını alırıq? Niyə onlara əziyyət veririrk? Onları "qara bazar"a getməyə niyə sövq edirik? Hüquq-mühafizə orqanları yaxşı ki, həmin bazarları yığışdırdı. Bəzi məmurların "qara bazar"da əlləri və maraqları varıydı. Bunlardan xəbərimiz var. Həmçinin, bank və maliyyə sistemində işləyən insanların da həmin bazarlarda maraqları varıydı. Özləri üçün kənardan qazanc əldə edirdilər. İnsanlar "qara bazar"a getməməlidirlər. Bu, həm insanlar üçün problemlər yaradır, həm də ölkənin imicinə mənfi təsir göstərir. Saxta pullar, dələduzluq kimi problemlər yaradır.

Qeyd edək ki, valyutadayişmə məntəqəsi Bakıda da fəaliyyət göstərəcəksə, o zaman 50 000 manat və 50 000 dollar girova ehtiyac olacaq. Abşeron rayonunda, Sumqayıt və Gəncə şəhərlərində valyuta dəyişmə məntəqələrinə sahib olmaq istəyənlər 25 000 manat və 25 000 dollar ödəməli olacaq. Digər bölgələrdə bu işi həyata keçirmək istəyənlər isə girov formasında 10 000 manat və 10 000 dollar ödəməlidirlər.
XƏBƏR LENTİ