16:23 Oxunub: 3 935

“Üç gün inildədi, sonra səsi kəsildi... sürüyüb apardılar...” – Şəhid əsgərin xanımından ürək dağlayan xatirələr

“Üç gün inildədi, sonra səsi kəsildi... sürüyüb apardılar...” – Şəhid əsgərin xanımından ürək dağlayan xatirələr

Lent.az -ın və Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin birgə layihəsi olan “Şəhid əmanəti” layihəsi çərçivəsində Azərbaycanın azadlığı və müstəqilliyi, torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhid olmuş həmvətənlərimizin vərəsələri - ailə üzvləri, övladları və doğmaları ilə söhbət edirik.


Layihəmizin növbəti yazısı şəhid İsrail Məmmədova həsr olunub.

Məmmədov İsrail Teymur oğlu. 1963-cü il avqustun 1-də Ermənistanın Ağbabalı rayonunun Çivinli kəndində anadan olub. 1988-ci ildə Ermənistanın apardığı etnik təmizləmə siyasəti nəticəsində ata-baba yurdundan qaçqın düşüb. Ailəsi ilə Bakıda məskunlaşıb. 1991-ci ilin oktyabr ayında Bakıdan yığılan könüllü dəstənin tərkibində Şuşaya yollanır. Elə həmin ilin dekabr ayında döyüşlərin birində döyüşçü yoldaşları ilə birgə ermənilərə əsir düşür və orada şəhid olur.

Qarabağ müharibəsi başlananda, məşum qarmaqarışıqlıq düşəndə biz çox balacaydıq. Valideynlərimizin bizim əlimizdən tutub ora-bura qaçmalarından qorxu, təlaş hissi yaşasaq da, müharibənin nə olduğunu tam anlamı ilə qavramırdıq. Biz ətrafımızda baş verənlərin nədən ibarət olduğunu hələ sonralar biləcəkdik.

Bəlkə valideynlərimizin yanımızda olması idi bizi ətrafda baş verənlərdən xəbərsiz edən, bəlkə də saf uşaq ağlımız. Amma bizdən fərqli olaraq, evinə əsgər ayağı, barıt qoxusu dəyən hər bir uşaq müharibəni dərisinə kimi yaşadı, hiss etdi. Əsgər övladları olan həmin uşaqların bir çoxu sonralar şəhid övladı statusu da qazanacaqdılar. Müharibənin bəlkə də ən pis tərəflərindən biri də bu idi. Müharibə olmayan yerlərdə belə onun dəhşəti, faciəsi yaşanırdı. Kişilər əsgər gedir, tabutda geri qayıdırdılar. Bəzən isə şəhid olurdular, amma qayıtmırdılar...

İndi görüşəcəyim ailə də belə ailələrdən biri olmuşdu. Şəhid İsrail Məmmədovun ailəsi Ermənistandan Bakıya pənah gətirmişdi. Bayılın dar küçələrinin birindəki ikiotaqlı həyət evinə sığınıb, həyatla mübarizə aparmağa çalışırdılar. Lakin Qarabağ müharibəsindəki amansız döyüşlər ailə başçısını Qarabağ müharibəsinə qədər aparmış, ailə başsız qalmış, İsrail Məmmədov isə müharibəyə gedəndən iki ay sonra ermənilərə əsir düşərək, 1991-ci ilin dekabr ayında orada öldürülmüşdü.

İpək xanım dəmir barmaqlıqlı pəncərənin sürahisinə dırmaşıb məni salamlayan nəvələrini yerə düşürüb, qapını üzümə açır. Balacalar “qonaq gəldi, qonaq gəldi” – deyib, o tərəf - bu tərəfə qaçışırlar. Nənələri mənə yer göstərir, gəlişimdən əvvəl masanın üstünə qoyduğu şəkillərin yaxınlığındansa özü əyləşir. İri çərçivəli şəkildən ortayaşlı, saqqalı əsgər baxışları bizə zillənir.

Şəhidin həyat yoldaşı İpək xanım taleyinə həmişəlik iz salan 20 yanvar hadisələrini xatırlamağa başlayır.

“İyirmi yanvar hadisələri olanda o, üç gün evə gəlmədi. Gələndən sonra da düz qırx gün saqqal saxladı. Bax, bu gördüyünüz şəkli də həmin vaxtı çəkdirmişdi. Uşaqların böyüyünün beş yaşı vardı, ortancılın üç, balaca oğlum isə yaş yarımlıq idi. Qaçqın idik, bu gördüyünüz ev yaman gündə, qapısız-pəncərəsiz idi. Bir sözlə, hamımız pəjmürdə idik. O hadisələrdən sonra evdə otura bilmirdi. Bir gün getdi yazıldı könüllülərdən ibarət batalyona. Orda da ona demişdilər ki, sənin üç körpə uşağın var, özün də qaçqınsan, gəlmə. Ailəmiz, qayınatam, qayınanam ona nə qədər dedilər, dilə tutdular, amma heç bir qüvvə onu fikrindən döndərə bilmədi. Dedi, Ermənistanda deyilsiniz ki, öz torpağımızda, evinizdə oturmusunuz, gedəcəyik də, qayıdacağıq da. Ondan sonra da birbaşa Şuşaya, Kərkicahana getdi. Onların gedişi müharibənin ən qaynar vaxtına düşdü.

İsrail axırıncı dəfə evə 1991-ci il noyabrın 28-də zəng vurdu. Onda mən 49 saylı məktəbdə işləyirdim. Ona deyiblər ki, balaca oğlun bərk xəstədir, gəl. Deyib, noyabrın 30-da evdə olacam. Amma əslində qayınatamgil onu aldatmışdılar ki, gəlsin, heç olmasa 1-2 gün uşaqlarını görsün. Elə evə zəng olan günün gecəsi onlar döyüşə gediblər, orda da mühasirəyə düşüblər. Sonralar orda olan uşaqlar danışırdılar ki, həmin döyüşə gedən uşaqların hamısı boyunlarına bir güllə asıb deyiblər ki, əsir düşsək, düşmən əlinə keçməyək”.

İpək xanımın dediyi kimi, əsgərlər həqiqətən də bir patron həmişə son nəfəs üçün özlərinə saxlayırlar. Mühasirəyə düşən doqquz nəfərin doqquzu da özünü güllə ilə vurur. Lakin düşmən heç nəyə baxmayaraq, onların bir neçəsini yaralı vəziyyətdə əsir götürür. İsrail də onların arasında olur. İpək xanım dəqiqliklə xatırlayır:

“Sonralar mən onunla əsir düşüb salamat qalan uşaqların bəziləri ilə görüşdüm. Onlar dedilər ki, əsir düşəndə İsrail sağ olub, ancaq yaralı olduğu üçün çoxlu qan itiribmiş. Hətta onu üst geyimləri, çəkmələrinin içərisi belə qanla dolu olub. İsrail gedə bilmədiyi üçün onun qolunu ondan bir az yüngül yaralanan Fərhad Fərhadovun qoluna bağlayırlar. Əsirlərin hamısını Xankəndinə apararaq ayrı-ayrı kameralara salırlar.


Yaralı əsirlərin bir-birləri ilə təmasları ancaq səs vasitəsi ilə olur. Kameralardan gələn inilti səslərindən bilirmişlər ki, hansı əsgər sağdır. Bir də yemək gətiriləndə imza üçün olan dəftərçədə yemək qəbul edən əsgərlərin imzalarından bilirmişlər bunu. Hansı əsgərin adının qarşısındakı imza yeri boş qalırmışsa, deməli, həmin əsgər artıq yaşamırmış...”

İpək xanım, eşitdiklərini səbir və mətanətlə nəql edir, əvvəl körpə olan balaları, həyat yoldaşının əmanətləri, indi isə ailə başçısı olan oğulları sağında, solunda əyləşib, ananlarının danışdığı hər kəlməyə diqqətlə qulaq kəsiliblər. Zahirən atasına çox bənzəyən oğullardan biri anasına diqqətlə baxır. Biz bilməsək də o, dəfələrlə şahidi olduğu söhbətin hansı məcraya gedib çıxacağını bilir. Kövrləməmək üçün dözümlə susur. İpək xanım isə davam edir:

“Dostları deyirlər ki, İsrail onların yaxınlığındakı kamerada üç gün inildəyib. Ancaq üç gündən sonra onun səsi kəsib. Gecənin bir aləmi onlar eşidiblər ki, İsrailin kamerasının qapısı açıldı və nəyisə sürüyüb apardılar. O gündən sonra onun səsini bir də heç kim eşitmir. Bizim də İsrailin ölümü haqqında gördüyümüz, bildiyimiz elə budur (ağlayır).

Sonralar onun haqqında çox maraqlandıq, çox axtardıq, amma heç bir xəbər ala bilmədik. Milli Qəhrəman Allahverdi Bağırovun yanına Ağdama dəfələrlə getmişik. Bizə yemək-içmək verirdi, söhbət edirdi, deyirdi mən də öyrənirəm. Allahverdi orda sağ qalanların, ölənlərin xəbərini verirdi. Amma İsrail haqqında heç bir xəbər çıxmadı. Rəhmətlik Allahverdi qayınatama demişdi ki, əgər İsrail sağ olsaydı, mən onu geri ala bilərdim. O, haqlıydı. Çünki İsrailin əsirlikdə olan və sağ qalan döyüş dostlarını Allahverdi ala bilmişdi.


Uzun müddət onu axtardıq. Hətta bizi aldadırdılar ki, İsraildən xəbər var, İsrail sağdır. Amma sonralar bilirdik ki, pul üçün belə ediblər”.

İpək xanımla İsrail bir-birlərini sevib ailə qurublar. Səkkizinci sinifdə oxuyanda özündən böyük bacısı qonşu kəndə ərə gedir. Yetkin qız olan İpək xanım bir gün bacısıgilə qonaq gedəndə ondan üç yaş böyük olan İsrail İpək xanımı görür və ona vurulur:

“İsrail məni yeddinci, səkkizinci sinifdən sevmişdi. Mən məktəbə gedəndə gəlib keçəcəyim yolda durub, gözləyirdi. Bilirdim ki, bacımgilin qohumudu. Yadıma gəlir, neçə dəfə bizim kəndin oğlanları ilə davaları da düşmüşdü. Amma o, hər gün avtobusla məni görmək üçün kəndimizə gəlir, sonra da geri qayıdırdı. Səkkizinci sinifdə oxuyurdum, elçi gəldilər, nişan qoydular, İsrail əsgərliyə getdi. Qayıdandan sonra toyumuz oldu. Sonra da qaçqın düşdük, İsrail müharibəyə getdi. Bizim cəmi beş illik evliliyimiz oldu. İsrail gedəndən sonra mən uzun illər onun yolunu gözlədim. Gecələr paltarlı yatırdım. Fikirləşirdim ki, gecə birdən gələr, qapını döyər, mən paltarımı geyinənə qədər gec olar, paltarlı olum ki, tez qapını açım. Çox çətinliklər gördüm. Uşaqlar bağçaya getdilər, sonra məktəbə. Amma mən heç vaxt onlara demədim ki, atanız ölüb və ya şəhid olub. Özlərini qanana qədər mən onlara dedim ki, müharibədədir. Uşaq idilər, onlara ölüm məsələsi çatmırdı. Böyük oğlum üçüncü sinifdə oxuyanda bir dəfə mənə dedi ki, ana, bizi aldatma, atam şəhid olub”.

Söhbətin bu yerində İpək xanımın bacısı Rəhilə xanım da söhbətə qoşulur:

“İsrail müharibəyə gedəndə balaca oğlu hələ qucaqda idi. Uşaqlar böyüdükcə bilirdilər ki, ataları qayıtmayacaq. Bir gün böyük oğlu anasından soruşub inanmamışdı, bizə gəldi mənə dedi ki, xala atam şəhid olub? Mən də cavab verdim ki, yox, sağdır, bir gün gələcək. Onda ağladı dedi ki, yox, siz məni aldadırsınız, mən bilirəm ki, mənim atam şəhid olub”.

İpək xanım bacısının sözlərindən kövrəlir. İyirmi beş yaş dövrünə geri qayıdır:

“Deyiləsi mümkün olmayacaq qədər əziyyət çəkdim. Buraları yaxşı tanımırdım. Çörək almağa gedəndə qapımıza nişan qoyurdum ki, qayıdıb gələndə evimizi tapa bilim. Uşaqlar üzümə baxa-baxa qalırdılar, bilmirdim onlara nə deyim. İndi özüm də şəhid ailələri ilə əlaqəli cəmiyyətdə işləyirəm. Hər dəfə tədbirlərə gedəndə, şəhidləri yad edəndə əlimdəki qərənfilləri hara qoyacağımı kəsdirə bilmirəm. Şəhidlər xiyabanını dolaşıb qayıdırıq, güllər mənim əlimdə qalır, iş yoldaşlarıma deyirəm ki, mən bu gülləri hara qoyum?!”

İsrail bəy cəbhəyə gedəndə ortancıl oğlu Elxanın dörd yaşı olub. Anası danışdıqca yəqin ki, həmin günlər onun gözünün qarşısından film kimi ötüb keçir. Bəlkə də İpək xanımın danışdıqlarının, dediklərinin bir çoxunu o, indi bizimlə olan söhbətdə eşidir, xəbər tutur. Amma öz yadında qalanları da danışmağa başlayır:

“Cəbhəyə getməzdən əvvəl yadıma gəlir ki, atam üç gecə evimizdə olmadı. Harasa getdi, qayıdanda əynində hərbi paltar vardı, üzünü də saqqal basmışdı. Çiynində avtomat silahı da vardı. Mənə də dedi ki, oxuyun, prokuror olun. Anam ağlayırdı ki, atam getməsin. Atam isə deyirdi ki, niyə ağlayırsan evində üç İsrail böyüyür, gedib torpaqlarımızı alıb qayıdacağıq. Sonuncu dəfə evdə son dəfə bir gecə qaldı. Anam dedi, paltarlarını yuyum, dedi yox, birdən səhərə qədər qurumaz. Sonra bizi dizinin üstündə oturdub, söhbət elədi, dedi tez vaxtda geri qayıdacam. Nənəm gəldi gecəylə, açıqca dedi ki, balalarını küçələrdə diləndirəcəm, getmə. O, müharibəyə gedəndən sonra biz gecələri yatmağa qorxurduq, ancaq səhərlər hava işıqlanandan sonra yatırdıq.

Məktəb illərində, valideyn iclaslarında həmişə gözüm atamı axtarıb. Hamının atası gəlirdi, bircə mənim atamdan başqa. Amma üçüncü, dördüncü sinifdən sonra artıq onunla bağlı nə baş verdiyini anladıq. Atamın dostları var, indi də biz onlarla görüşürük. Onlar bizi bu gün də görəndə qucaqlayıb ağlayırlar. Deyirlər, halal olsun sizə, onun istədiyi kimi övladlar oldunuz”.


Həddindən artıq ailəcanlı adam olan İsrail Məmmədov oğullarını nə qədər çox sevsə də vətəni hər kəsdən çox sevmişdi. Torpaq uğrunda mübarizə həm də onun üçün bir ləyaqət məsələsi idi. Sonuncu dəfə evə zəng vuranda anasına deyib ki, uşaqların ayaqlarının ölçüsünü de, Bakıya gələn kimi onlara çəkmə alacağam. Ancaq İpək xanım deyir ki, həmin zəng onun ailəsinə son zəngi olur.

“Sonralar oğlanlarım əsgərə getdilər. Hamının atası gedib gəlsə də mən tək gedirdim, onların bütün problemlərini həll edirdim. Mən olduqca qürurlu adam olmuşam, heç kimin yanında əyilməmişəm. Uşaqlarım atasız olduqları üçün tapdanmasın deyə var gücümlə əlləşirdim ki, onlar üçün yaxşı olsun. Həmişə çalışırdım ki, onlar doyunca istədikləri şeylərdən yesinlər. Fikirləşirdim ki, birdən onlar cılız qalarlar, kimsə də deyər ki, yetimdirlər. Heç bir şey unudulmur. Bu yaşamaq deyil, sürünməkdir”.

Elvin bəy, şəhidin ən kiçik oğlu anasının və qardaşının söhbətlərinə qulaq asır. O, atasının üzünü heç vaxt görməyib. Onu şəkillərdən, söhbətlərdən tanıyıb. Özü də bu haqda belə deyir:

“Mən onun üzünü görməmişəm. Bu olduqca çətindir. Amma mən onu həmişə yaxınlığımda hiss etmişəm”.

Oğlu Elxan danışdıqca İpək xanım kövrəlir. Diqqətlə onları süzüb, deyir:

“Onlar ağıllı uşaqlar oldular. Elə əvvəl gündən məni incitmədilər. Mən məktəbdə işləyirdim, evə gələndə görürdüm ki, evləri təmizləyiblər, Elxan balaca qardaşını yedirdib, sonra da yatırdırdı, qablara qədər yuyub, evi tərtəmiz edirdilər. Mən çox ağlamışam, amma heç vaxt onların yanında göz yaşı axıtmamışam. Səkkiz martda bütün tanıdığım qadınlara hədiyyə alınanda mən susmuşam. Gözüm həyat yoldaşımı axtarıb. Onu qınadığım məqamlar da çox olub, lap çox. Amma İsrailin şəhidliyi həmişə mənim qarşımda müqəddəs sipər olub. Mən həmişə fikirləşmişəm ki, o, müqəddəs əməl uğrunda gedib, vətəni, bizi qoruyub. Ona görə də onun bu müqəddəsliyinin şəhidliyinin qarşısında ləyaqətlə bütün əziyyətlərə dözmüşəm. Allaha çox şükür edirəm ki, İsraildən sonra əzilmədim, uşaqlarım heç kimin qarşısında sınmadılar. Atalarının adına layiq oldular”.

Samirə Əşrəf
XƏBƏR LENTİ