12:38 Oxunub: 270

Paşinyanın "müqəddəs" kitabı... - Kazimirov erməniləri necə dəstəkləyir?

Paşinyanın "müqəddəs" kitabı... - Kazimirov erməniləri necə dəstəkləyir?

Ermənistan Kazimirovun timsalında Rusiyanın təklif etdiyi planın tərəfdarıdır.

Redaktor.az bildirir ki, “Atlas” Araşdırmalar Mərkəzi Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiya prezidenti Vladimir Putinə hədiyyə etdiyi kitabda nələr olduğuna aydınlıq gətirib.

Təhlildə bildirilib ki, həmin kitabı rusiyalı diplomat Vladimir Kazimirov yazıb:

“Kazimirov 1992-1996-cı illərdə Rusiyanın ATƏT-in Minsk Qrupundakı həmsədri olub. Azərbaycan o illərdə Kazimirovun fəaliyyətindən narazı idi. Çünki, Kazimirov faktiki olaraq erməni separatçılarının mövqeyini müdafiə edirdi”.

Təhlildə Paşinyanın Putinə Kazimirovun kitabını verməkdə məqsədinin nə olduğuna da münasibət bildirilib:

“Birincisi, Paşinyan kitabı Putinə verərkən ətrafında jurnalistlərin olmasına çalışırdı. Paşinyan bununla Putinə demək istəyirdi ki, o, rusiyalı diplomatın kitabındakı tezislərlə razıdır. İkincisi, aydındır ki, Paşinyan həmin kitabı tam oxuyub və orada göstərilən tezislərin Dağlıq Qarabağ münaqişəsinin həlli üçün tətbiqini mümkün sayır”.

Təhlildə həmin kitabda olan detallara da aydınlıq gətirilib:

“Birincisi, Vladimir Kazimirov hesab edir ki, Azərbaycanın BMT-nin 4 qətnaməsinə istinad etməsi doğru deyil. Çünki, həmin qətnamələr Azərbaycan ordusunun məğlubiyyəti fonunda qəbul edilib. Yəni Kazimirov demək istəyir ki, Azərbaycan işğalın nəticələrini qəbul etməlidir. İkincisi, Kazimirov ilk baxışdan münaqişənin “mərhələli həlli”nin əleyhinə deyil. Ancaq Kazimirov Dağlıq Qarabağda yaşayan ermənilərin refererdum keçirilməsi haqqının olduğunu və bunun sazişdə əks olunmasını vacib sayır. Kazimirov yalnız bu şərtlər daxilində Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılması mümkünlüyünü yazır. Maraqlıdır ki, Kazimirov referendumun nəticəsini də özü üçün müəyyənləşdirib. O kitabında yazır ki, Dağlıq Qarabağın erməni əhalisi rəsmi Bakının vəd etdiyi geniş muxtariyyətə razılaşmayacaq, söhbət yalnız “müstəqillikdən” gedə bilər. Kazimirov Azərbaycanın problemi güc yolu ilə həll etmək istəyini tənqid edir. Göründüyü kimi, təqaüddə olan rusiyalı diplomat Vladimir Kazimirovun kitabında yazdığı fikirlər erməni separatçılarının və Ermənistan hakimiyyətinin xeyrinədir. Buna görə Paşinyan bu kitabı Putinə təqdim edib”.

Təhlildə bildirilib ki, Putinin Kazimirovun kitabını oxumağa vaxtı yoxdur:

“Buna baxmayaraq, Rusiyada Kazimirov kimilər az deyil. Məsələn, keçən həftə Rusiya parpalementinin Müstəqil Dövlətlər Birliyi üzrə komitəsinin sədrinin birinci müavini Konstantin Zatulin qanunsuz olaraq işğal altındakı torpaqlara gəldi və Xankəndində forumda iştirak etdi. Azərbaycan Xarici İşlər Nazirliyi bununla bağlı Rusiyaya nota verdi. Konstantin Zatulin ilk dəfə deyil ki, Dağlıq Qarabağa gəlir. O bunu az qala 25 ildir edir və erməni separatçılarının Azərbaycan torpaqlarını işğal etməsi siyasətini açıq şəkildə dəstəkləyir. Rusiya Dağlıq Qarabağın “müstəqilliyini” tanımır, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Rusiya Serbiyanın da ərazi bütövlüyünü dəstəkləyir, heç bir rusiyalı deputat Serbiyadan ayrılan Kosovoya səfər etməz. Hər hansı bir rusiyalı deputat Rusiyanın tanımadığı Kosovoya səfər etsə, Rusiya Xarici İşlər Nazirliyi dərhal bunun qarşısını alar. Bəs, niyə Azərbaycana münasibətdə eyni addım atılmır, Zatulinə izah edilmir ki, Dağlıq Qarabağa qanunsuz səfərlər və erməni separatizminə dəstək yolverilməzdir?”.

Xatırladaq ki, Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin liderlərinin Aşqabadda keçirilən son toplantısında, Ermənistanın baş naziri Nikol Paşinyan koridorda Rusiya prezidenti Vladimir Putinə yaxınlaşaraq “Qarabağda sülh” kitabını ona təqdim etdi.
XƏBƏR LENTİ