12:37 Oxunub: 257

Ali Baş Komandanın qətiyyəti qələbəmizi şərtləndirən səbəb oldu

 Ali Baş Komandanın qətiyyəti qələbəmizi şərtləndirən səbəb oldu


2020-ci ilin 27 sentyabrında erməni təxribatına lazımi səviyyədə cavab verən Azərbaycan ordusu, bir daha yenilməz ordu olduğunu sübuta yetirdi. Yəni, müzəffər Ordumuz döyüş meydanlarında qalibiyyətini, şücaətini, nəyə qadir olduğunu təkcə düşmən ölkəyə deyil, hətta bütün dünyaya da göstərə bildi. 44 gün ərzində davam edən Vətən müharibəsində əldə etdiyimiz parlaq qələbəmiz, birbaşa 10 noyabr Bəyanatının imzalanmasını şərtləndirdi və Ermənistanı kapitulyasiya aktına imza atmağa məcbur etdi. Ötən 30 ilə nəzər salsaq o halda görərik ki, nankor qonşumuz olan işğalçı Ermənistan dövləti ötən illər ərzində bir işğalçı dövlət olaraq ona göstərilən diqqət və qayğıdan ərköyünləşdi, beynəlxalq hüquq normalarına əməl etmədi, xülyalarla yaşayıb yeni ərazilər uğrunda müharibə planı hazırladı. Azərbaycan Respublikası isə ötən müddət ərzində daha da gücləndi, haqqı-ədaləti dünyaya çatdırmaqla məşğul oldu, beynəlxalq təşkilatların qərar və qətnamələrində əsl həqiqətin öz əksini tapmasına çalışdı. Məhz, belə bir kontekstdən yanaşdıqda açıq-aydın görmək olur ki, bu gün bir tərəfdə yenilməz ordusu olan qalib Azərbaycan, digər tərəfdə isə ordusu tamamilə məhv edilmiş, iqtisadiyyatı çökmüş, xaos, anarxiya burulğanında boğulan məğlub işğalçı Ermənistan dayanıb.

Bəli, bu gün bir kimsədə zərrə qədər də şübhə yoxdur ki, Azərbaycan dövləti azad edilmiş rayonlarda tezliklə geniş quruculuq işlərinə başlayacaq, həmin ərazilərdə müvafiq mədəniyyət infrastrukturu yaradılacaq və bütün tarixi-mədəni abidələr bərpa olunacaq, bir sözlə həyat yenidən qaydaya salınacaq. Qeyd edək ki, Dağlıq Qarabağda və ətraf rayonlarda tarixi-mədəni, dini abidələrimizin dağıdılmasında işğalçı Ermənistanla bərabər, bir çox beynəlxalq təşkilatların da məsuliyyəti var. Çünki, işğal olunmuş ərazilərimizdə və tarixi Azərbaycan torpaqları olan Ermənistan ərazisində, xalqımıza məxsus maddi-mədəni irsin məhv edilməsi siyasəti, yalnız Azərbaycan xalqına qarşı deyil, birbaşa ümumbəşəri sivilizasiyaya qarşı törədilmiş vəhşilikdir. Faktdır ki, 10 noyabr Bəyanatından sonra əldə olunmuş razılığa görə ermənilər Kəlbəcərdən, Ağdamdan, Laçından çıxarkən təkcə tarixi abidələri, maddi-mədəni irsimizi deyil, hətta ekologiyanı da məhv etməyə çalışdılar. Baş verənlərin hər biri erməni barbağlığı demək oldu. Nəinki bu gün, bütün yüzilliklər boyu çoxəsrlik tariximizin bu şanlı səhifəsi daim qürur hissi ilə xatırlanacaq və qeyd ediləcək.

10 noyabrda Azərbaycan və Rusiya prezidentinin, həmçinin Ermənistan baş nazirinin imzaladıqları birgə bəyanatla möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyev hərbi sahədəki möhtəşəm uğurlarımızı məharətlə siyasi-diplomatik müstəviyə keçirməyə nail oldu. Bu sənəd Azərbaycanın qələbəsinin təsdiqi olmaqla yanaşı, işğal altında olan digər torpaqlarımızın müharibəsiz, qansız, şəhidsiz geri qaytarılmasını təmin etdi. 9 bəndlik bəyanat, orada əksini tapan müddəalar möhtəşəm qələbəmizin təqdimatı oldu. Dövlətimizin başçısının qeyd etdiyi kimi, bundan sonra heç kim bizi o torpaqlardan tərpədə bilməz! İmzalanmış bəyanata əsasən 15 noyabr 2020-ci il tarixədək Kəlbəcər rayonu, 20 noyabr tarixədək Ağdam rayonu və Qazağın işğal altında olan kəndləri, 01 dekabra kimi isə, Laçın rayonu geri qaytarıldı. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Şuşa şəhərlərində, adları çəkilən rayonların, eyni zamanda Xocalının, Xocavəndin, Tərtərin, Ağdərənin kənd və qəsəbələrində olduğu kimi Kəlbəcərdə, Ağdamda, Laçında, ümumiyyətlə işğaldan azad olunmuş bütün ərazilərimizdə üçrəngli zəfər bayrağımız dalğalanmaqdadır. 30 il düşmən tapdağında olan torpaqlarımız artıq öz tarixi sahiblərinə qayıdıb. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! Qarabağ bölgəsi bu gün yenidən doğulur, canlanır, dirçəlir. Razılaşmaya uyğun olaraq ermənilərin Kəlbəcəri tərk etdiklərini təsdiqləyən videoreportajlar təqdim olunub. BBC-nin videoreportajında diqqət çəkən məqamlardan biri ermənilərin aparılması mümkün olan hər şeyi, hətta unitazı belə özləri ilə götürmələri, evləri tamamilə dağıtmaları, yandırmaları, ümumiyyətlə, işğal olunmuş ərazilərdə maddi-mədəni sərvətlərimizi talan və qarət etmələri öz əksini tapır. Azərbaycanın mədəni irsinə qarşı erməni barbarlığının bir adı var ki, o da vandalizmdir. Dünya erməni vəhşiliyinin ölçüyəgəlməz dərəcəyə yüksəlməsinin canlı şahidi oldu.

Azərbaycan dövlətinin qətiyyəti, rəşadətli ordumuzun gücü sayəsində Azərbaycan 30 il ərzində gözləyən o “kor gözlər”i, “kar qulaqlar”ı açdı, işğalçı Ermənistanı çökdürməklə ona havadarlıq edən dövlətlərə tarix, hüquq və hərb dərsi keçdi. Ermənilər işğaldan azad edilmiş ərazilərimizi tərk edərkən özləri ilə apara bilmədikləri hər şeyi yandırır, məhv edirdilər. 90-cı illərin əvvələrində ölkəmizə rəhbərlik edənlərin səriştəsizliyindən, idarəçilik təcrübələrinin yoxluğundan, ordumuzun zəifliyindən bəhrələnərək torpaqlarımızı işğal edən ermənilər, elə ilk anlardan bu ərazilərin tarixi sahibinin Azərbaycan olduğunu bildikləri üçün orada tikinti deyil, dağıntı işləri həyata keçirirlər. Dövlətimizin başçısı İlham Əliyev Rusiyanın İnterfaks agentliyinə müsahibə verərkən bir faktı xüsusi qeyd etmişdi ki, “Füzuli şəhərini işğaldan azad edəndə orada bayrağımızı ucaltmaq üçün bircə salamat bina tapa bilmədik. Təsəvvür edirsinizmi? Bütün şəhərdə, halbuki orada 10 minlərlə insan yaşayırdı. Bircə bina da qalmayıb. Mənə zəng vurdular, dedim ki, bayrağı dirək üzərində qaldırın. Görün, onlar nə ediblər. Ağdamın, Cəbrayıl rayonunun xarabalıqlarına baxın. Hər şey dağıdılıb. Elə bil buradan vəhşilər keçiblər. Elə bil bunlar insan deyilmiş. Onlar hər şeyi söküb-dağıdıblar. Evlərin damlarını, pəncərə çərçivələrini, hətta unitazları da. Bu, sadəcə, quldurluqdur”. Azərbaycan Ordusu möhtəşəm qələbəsi ilə tarixi torpaqlarımızı azad etməklə yanaşı, həm də ermənilərin əsl simasını ortaya qoydu, Ermənistanın işğalçılığı, vandalizmi həyata keçirdiyi siyasətin əsas xəttinə çevirdiyini təsdiqlədi. Düşünürük ki, dünyanın 30 ildən sonra “açılan gözləri, eşidən qulaqları” ədalət meyarının bundan sonra bütün dövlətlərə eyni mexanizm əsasında tətbiq olunmasına yardımçı olacaq. Quldur, cinayətkar və terrorist bir ölkə – Ermənistan beynəlxalq hüquq çərçivəsində layiq olduğu cəzasını alacaq.

Bütün bunlara baxmayaraq 44 gün ərzində davam edən Vətən müharibəsində müzəffər Azərbaycan Ordusu düşmənin başına elə bir zərbə vurub parlaq qələbə əldə etdi ki, Ermənistan tərəfi həmin zərbənin ağrı-acısını uzun müddət unuda bilməyəcək. Ona görə də şəxsən Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyev başda olmaqla, müzəffər Azərbaycan Ordusunu və bütövlükdə xalqımızı ürəkdən təbrik edib, hər kəsə sülh və əmin-amanlıq arzulayıram. Bu parlaq qələbə xalqımızın cənab Prezidentin, ordumuzun bir cəbhədən çıxış etməsi səbəbindən baş verdi. Tarix bir daha sübut etdi ki, ulu əcdadlarımızdan bizə miras qalan dədə-baba torpaqlarımızı bir heç bir kimsəyə verə bilmərik. Çünki, həmin torpaqlara sahib olmaq, qorumaq bizim qürur mənbəyimizdir, xalqımızın varlığıdır.

Rəfail Tağıyev
H.Z.Tağıyev adına Bakı Toxuculuq Tikiş Birliyinin rahbəri
XƏBƏR LENTİ