12:30 Oxunub: 237

Azərbaycan Ordusu 44 günlük müharibədə tarixi Qələbəyə nail oldu

Azərbaycan Ordusu 44 günlük müharibədə tarixi Qələbəyə nail oldu

Terrorizmi dövlət siyasətinə çevirən Ermənistan bu gün vətəndaş müharibəsi girdabında çabalayır. Faşizm ideologiyasına sadiq qalan, günahsız insanları qətlə yetirməklə yola çıxan təcavüzkar və işğalçı Ermənistan hakimiyyətinin rəhbərləri cəfəng bəyanatları, təxribat xarakterli addımları ilə ölkəni hərbi, iqtisadi böhran məngənəsinə sürükləməkdə davam edir. Hər zaman terrorizmi, işğalçılığı müdafiə edən ermənilər küçələrə çıxıb, narazılıqlarını, məğlubiyyətləri ilə barışmadıqlarını bildirir, hesab sormaq üçün vaxtı ilə “demokrat qiyafəsində” peyda olan Nikol Paşinyanı axtarırlar. Bu gün təşvişə düşən ermənilər ölkələrinin kriminal şəxslərin, neofaşistlərin yuvasına çevriləndə susdu, Azərbaycana qarşı aqressiv və təxribatçı siyasət yeridiləndə, sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozaraq Azərbaycan ordusunun cəbhə zonasında yerləşən mövqelərini atəşə tutanda, mülki insanları qətlə yetirəndə, qadağan olunmuş silahlardan istifadə olunanda səslərini çıxarmadılar. Təkcə ermənilər deyil, hətta onların havadarları olan bəzi Qərb dairələri də səssiz qaldılar. Hakimiyyətdə olduğu ötən illər ərzində “korrupsiyaya qarşı mübarizə” adı altında siyasi rəqibləri ilə haqq-hesab çürütməyə başlayan, keçmiş prezidentlərdən birini həbs edən, digərinə qarşı cinayət işi qaldıran, aparıcı müxalifət partiyasının sədri, deputat Sarukyanı hələ də həbsdə saxlayan Paşinyanın davranışları Qərb dairələrini “narahat etmədi”. Havadarlarının başına şəkdiyi tumardan ruhlanan Paşinyan hakimiyəti Azərbaycan tərəfindən sarsıdıcı məğlubiyyətə uğradılmasına baxmayaraq, bu gün də ölkə daxilində baş qaldıran narazılığı söndürmək üçün amansız repressiyalara başlayıb. Nikol Paşinyanın istefası tələbi ilə çıxış edənlər “milli xəyanət” kimi təqdim olunur, hərbi vəziyyət zamanı mitinq təşkil etmək və dövlət sirrini açıqlamaqda təqsirləndirilirlər. Faktdır ki, bu gün böhran və fəlakət girdabında çabalayan Ermənistan həqiqəti, törətdiyi terror aktlarını, müharibə cinayətlərini dünya ictimaiyyətindən heç bir halda gizlədə bilməyəcək, həm tarix qarşısında, həm də beynəlxalq hüquq qarşısında cavab verəcək.

Ötən 30 ilə yaxın müddət ərzində erməni cəlladlarının düşüncələrində belə bir fikir formalaşmışdı ki, guya Azərbaycan öz torpaqlarına heç zaman sahib ola bilməyəcək. Hətta, erməni ideologiyasının qatı daşıyıcılarından olan, düşmən ölkənin sərsəm və savadsız baş naziri Nikol Paşinyan mədəniyyətimizin beşiyi hesab etdiyimiz Şuşada yallı oynadı və bizə qorxaq xalq dedi, bizə qıcıq verdi. Amma, bu başıboş baş nazir “burnundan uzağı” görə bilmədiyindən o, heç cür dərk edə bilmədi ki, Azərbaycan xalqı qorxaq xalq deyil, sadəcə olaraq biz münaqişənin danışıqlar yolu ilə həll olunmasının tərəfdarıyıq. Bu cür mövqenin ortaya qoyulmasında başlıca məqsəd, əsassız yerə qan tökməmək idi. Fakdır ki, uzun illər ərzində ölkə rəhbəri cənab İlham Əliyevin rəhbərliyi altında DQ münaqişəsinin sülh yolu ilə həll olunması məqsədilə ATƏT-nin Minsk qrupu çərçivəsində danışıqlar aparıldı, bu münaqişə dəfələrlə BMT-da və digər beynəlxalq təşkilatlarda müzakirəyə çıxarıldı. Təəssüflər olsun ki, düşüncələrində “Böyük Ermənistan” yaratmaq xülyasına düşən daşnaklar hər dəfə danışıqları pozdular, münaqişənin sülh yolu ilə həll olunmasını əngəllədilər. Hətta, düşmən ölkənin “başbilənlər”i ötən illər ərzində DQ aid olmayan ərazilərimizdə təxribatların törədilməsi yöndə addımlarını atdılar. Baş verənlər onu sübut edirdi ki, işğalçı Ermənistanın hərbi-siyasi rəhbərliyi heç də işğalçılıq siyasətindən əl çəkmək fikirində deyillər. Ötən ilin 27 sentyabrında növbəti dəfə düşmən təxribatı baş verdi. Bu belə olduqda müzəffər Azərbaycan ordusu əks-hücum əməliyyatlarını həyata keçirib, torpaqlarımızı tapdaqlar altında saxlayan, xalqımızın ünvanına aşağılayıcı ifadələr işlədən düşmən ölkənin rəhbərliyinə, onun işğalçı ordusuna tutarlı cavab verdi və doğma torpaqlarımızı düşmən tapdağından azad etdi. Sözsüz ki, həyata keçirilən uğurlu döyüş əməliyyatlarına Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərlik etməsi, ölkə rəhbərinin hər an qətiyyətli iradəsini ortaya qoyması, məhz parlaq qələbələr əldə etməyimizə əsas səbəb oldu. Belə bir səbəbdən də, mən möhtərəm Prezident başda olmaqla bütövlükdə xalqımızı, yenilməz ordumuzun hər bir zabit və əsgərini səmimi qəlbdən təbrik edib, hər kəsə uğurlu gələcək arzu edirəm.

Məzahir Əliyev
Qobustan rayon 7 saylı Yol İstismarı MMC-nin rəisi
XƏBƏR LENTİ