17:28 Oxunub: 147

Qarabağ münaqişəsi tarixdə qaldı

Qarabağ münaqişəsi tarixdə qaldı

Noyabrın 11-də Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü keçirilib. Sammitdə çox mühüm qərarlar qəbul edilib, önəmli mesajlar verilib. Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı isə sözün həqiqi mənasında digər çıxışlarla müqayisədə bütün diqqətləri özünə daha çox çəkib. Ölkə başçısı çıxışında Azərbaycan xalqının Qarabağın və Şərqi Zəngəzurun Ermənistan işğalından azad olunmasının ikinci ildönümünü böyük qürur hissi ilə qeyd etmiş, iki il əvvəl Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyulduğunu, tarixi ədaləti və beynəlxalq hüququn bərpa edildiyini və bununla da Azərbaycanın həm də BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini özünün icra etdiyini söyləmiş, Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndinin Ermənistan tərəfindən yer üzündən silindiyini, vaxtilə böyük və çiçəklənən şəhər olmuş Ağdamın “Qafqazın Xirosiması” adlandırıldığını, işğal zamanı məscidlərin dağıdıldığını, donuz və inəklərin saxlanılması üçün istifadə olunduğunu və bunun da bütün müsəlman dünyasına təhqir sayıldığını xatırlatmışdır.
Cənab Prezident çıxışında Ermənistanın işğal zamanı ərazilərimizdə bir milyondan çox mina basdırdığını, Vətən müharibəsindən ötən iki il ərzində 270-ə yaxın Azərbaycan vətəndaşının mina partlayışları zamanı həlak olduğunu və ya ağır yaralandığını da təəssüf hissi ilə vurğulamış, eyni zamanda, Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı quruculuq işlərinin apardığını, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına dönüşü üçün “Böyük Qayıdış” proqramının icrasına başlanıldığını, bu prosesdə Türkiyə şirkətlərinin podratçı kimi bir çox infrastruktur layihələrində fəal iştirak etdiyini xüsusilə qeyd etmişdir.
Cənab prezident onu da nəzərə çatdırmışdır ki, İkinci Qarabağ müharibəsinin başa çatmasından iki il keçməsinə baxmayaraq, Ermənistan sərhəddə hərbi təxribatlarını davam etdirir. Son olaraq sentyabr ayında Azərbaycan Silahlı Qüvvələri Ermənistanın hərbi təxribatının qarşısını almaq üçün qətiyyətli əks-hücum əməliyyatına başlamağa məcbur oldu. Ermənistan dünya ictimai rəyini çaşdırmaq üçün əsassız olaraq Azərbaycanı hərbi təcavüzdə günahlandırmağa çalışır. Bu əsassız iddiaları qəti şəkildə rədd edirik. Biz öz torpaqlarımızda vuruşmuşuq və Ermənistan ordusunu məğlub edərək onları əzəli torpaqlarımızdan qovmuşuq. Biz bu gün də Azərbaycan-Ermənistan sərhədi istiqamətində öz doğma torpaqlarımızdayıq.
Bəli, bu gün biz qürurla söyləyirik ki, Ali Baş komandanın rəhbərliyi ilə şanlı ordumuz ermənilər üzərində qələbəyə nail olub. Prezidentin də dediyi kimi “bu müharibə dünyaya Azərbaycan xalqının nə qədər böyük xalq olduğunu göstərdi. Biz öz torpaqlarımıza qayıdırıq. İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu Qələbə tarixdə əbədi qalacaq.
Bir sözlə, Qarabağ münaqişəsi artıq tarixdə qalıb, iki il əvvəl həll olunub. Buna görə də bu kontekstdə praktiki olaraq müzakirə olunacaq heç nə yoxdur və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması çox ciddi addımlar tələb olunduğu formatdır.

Təhminə Kərimova,
Salyan rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı
XƏBƏR LENTİ