12:48 Oxunub: 589

Qarabağ müharibəsində hərbçilərimiz “canlı tarix” yazdılar

Qarabağ müharibəsində hərbçilərimiz “canlı tarix” yazdılar

“Prezident İlham Əliyevin ölkə başçısı olaraq hansı iqtisadi-siyasi nailiyyətlərə imza atdığı, Ali Baş Komandan kimi ordumuzun döyüş hazırlığını, texniki təchizatının hansı səviyyəyə yüksəltdiyi hər kəsə məlumdur. Azərbaycan bu gün iqtisadi gücünə görə bütün Qafqazda lider dövlətə çevrilib. Azərbaycan ordusu dünyanın 50 ən güclü ordusu siyahısında qərarlaşıb. Vətən Müharibəsində düşmənin 44 gün içində darmadağın edilməsi faktı Ali Baş Komandanın qurduğu ordunun gücünün ən böyük isbatıdır. Ölkə başçısının siyasi fəaliyyəti əsrlər sonra da öyrəniləcək, təbliğ ediləcəkdir. Prezident İlham Əliyevin Azərbaycan xalqı, Azərbaycan dövlətçiliyi qarşısında ən böyük xidməti şübhəsiz ki, erməni işğalına son qoyması, 8 noyabr zəfəri ilə Azərbaycanın ərazi bütövlüyünü təmin etməsidir. Bu böyük zəfər bütün Azərbaycan tarixinin ən parlaq səhifələrindən biridir və tarixə qızıl hərflərlə həkk olunacaq. 8 noyabr zəfərinin önəmi sadəcə torpaqlarımızın işğaldan azad edilməsi ilə yekunlaşmır. Bu zəfər Azərbaycan xalqının özünə olan daxili inamının, mənəvi gücünün, tapdanmış heysiyyatının bərpası demək idi. Və bizə bu böyük sevinci, bu böyük qürur hissini məhz möhtərəm prezidentimiz yaşatdı. Belə bir səbəbdən də, Ali Baş Komandana qlobal miqyaslı fəaliyyətində yeni-yeni uğurlar arzulayıram. Xalqımızın hər bir fərdi kimi mən də əminəm ki, cənab Prezidentİn rəhbərliyi altında Azərbaycan bütün sahələrdə yeni-yeni uğurlara imza atacaq, həm regionda, həm də beynəlxalq aləmdə öz nüfuzunu daha da gücləndirəcəkdir. Hər bir övladın arzusudur ki, atasının yarımçıq qalmış arzularını reallığa çevirsin. Azərbaycan dövlətinin memarı Heydər Əliyevin ailəsində dünyaya göz açmış Prezident İlham Əliyevin həyat yolu hər birimizə yaxşı məlumdur. Son 200 ildə torpaqları əlindən alınan, parçalanan Azərbaycan dövlət olaraq İlham Əliyevin rəhbərliyi altında 2 əsrdən bəri ilk dəfədir ki, torpaqlarını işğaldan azad etdi. 2003-cü ilin prezident seçkilərindən sonra keçirilən andiçmə mərasimində qarşıdakı illərdə görüləcək işləri açıqlayan dövlətimizin başçısı demişdir ki, “Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm. Hər bir övladın arzusudur ki, atasının yarıda qalmış əməllərini yerinə yetirsin, atasının yarımçıq qalmış arzularını reallığa çevirsin”Bəli, cənab İlham Əliyev həm də atasının vəsiyyətini yerinə yetirmiş xoşbəxt, qibtəediləcək bir övlad oldu. Artıq ölkəmizin həyatında yeni dövr başlayır. İşğaldan azad olunmuş torpaqalrımızda görüləcək işlərlə bağlı imzalanan sənədlər, sərəncamlar da deyilənlərin təsdiqidir. Verilən sərəncamlar bir daha Prezident-Xalq-Ordu birliyinin, dövlətimizin başçısının hər zaman vətəndaşın yanında olub onların qayğıları ilə maraqlanmasının bariz nümunəsidir. Hər zaman xalqına arxalanan Prezidentə milyonların sevgisi şəksizdir. Biz bunun 44 günlük Vətən Müharibəsi dövründə bir daha şahidi olduq. Dövlətimizin Başçısı, Ali baş Komandan İlham Əliyevə vətəndaşlar tərəfindən ünvanlanan, bugünkü gün də ardı-arası kəsilməyən saysız-hesabsız təşəkkür və minnətdarlıq məktublarında da bu sevgini şərtləndirən amillər öz əksini tapır. Son 17 ildə Azərbayanın bütün sahələrdə qazandığı uğurlar bu fikri böyük inam və fəxrlə söyləməyə əsas verir ki, Prezident İlham Əliyev qurucu, Azərbaycan xalqının bütün istək və arzularını həyata keçirən, öz siyasətində dövlətin və xalqın maraqlarını ən ali məqsəd kimi qarşıya qoyan milyonların sevgisini qazanan, etimad göstərdiyi alternativsiz Liderdir. Dövlətimizin başçısı İlham Əliyev daim bəyan edir ki, “zaman, dövr dəyişir. Qarşıya yeni vəzifələr qoyulur. Təbii ki, onların icrası islahatların dərinləşdirilməsini bir tələb kimi qarşıya qoyur”.

Azərbaycanın bir qayda olaraq mötəbər beynəlxalq maliyyə qurumlarının hesabatlarında da ən islahatçı ölkə kimi yerini möhkəmləndirməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sistemli islahatların məntiqi nəticəsidir. Son 17 il bu məqama da işıq saldı ki, reallaşdırılan siyasətin mərkəzində vətəndaş amili dayanır. Məhz bu siyasətə sadiqliyin nəticəsidir ki, neft kapitalının insan kapitalına çevrilməsi bugünkü Azərbaycanın reallıqları sırasındandır. Ölkəyə rəhbərlik etdiyi 17 ildə qazanılan uğurlar, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin növbəti hərbi təxribatına cavab olaraq “İrəli!” əmri əsasında bütün qüvvə və bacarığını səfərbər edən Azərbaycan Ordusunun gücü, qüdrəti sayəsində xalqımızın milli qüruru özünə qayıtdı. Zəfər tarixini yazan cənab İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü bərpa edən müzəffər Ali Baş Komandan kimi adını əbədi olaraq tarixə yazdı. Prezident İlham Əliyevin qətiyyətli və prinsipial mövqeyi hərb meydanında olduğu kimi, diplomatiya cəbhəsində də uğurlarımızı şərtləndirir. Belə ki, Prezident İlham Əliyevin 44 günlük Vətən müharibəsi dövründə 30-a yaxın dünyanın nüfuzlu agentlik və televiziya kanallarına verdiyi müsahibələrinin birində jurnalistin “Tarixdə necə qalmaq istərdiniz?” sualına cavabını bir daha yada salım. Prezident İlham Əliyev həmin cavabında dedi ki, mənim rolumun gələcəkdə necə qiymətləndiriləcəyi artıq bizim nəyə nail olacağımızdan, Azərbaycan xalqının iradəsindən asılı olaraq müəyyən ediləcək. Ona görə düşünürəm ki, bu məsələni o adamların mülahizəsinə saxlamaq lazımdır ki, onların fikri məndən ötrü bu və ya digər qərarların, o cümlədən Dağlıq Qarabağ məsələsi ilə bağlı qərarların qəbul edilməsində həmişə əsas olub. Son zamanlar bütün xalq şahidi olur ki, cənab Prezidentin verdiyi bütün vədlər gerçəkliyə çevrilir. Azərbaycanı qarşıdakı illərdə daha möhtəşəm uğurlar gözləyir. Möhtərəm Prezidentimizin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərimiz tezliklə yenidən qurulacaq, yenidən canlanacaq, dirçələcək. Azərbaycanın ayrılmaz hissəsi və ən gözəl güşələrindən biri olan Qarabağ cənab Prezidentin dediyi kimi, əsl cənnət məkanına çevriləcək. Azərbaycan son 17 il ərzində Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş və uğurlu siyasəti nəticəsində inkişaf edərək regionun ən güclü dövlətinə çevrilib. Eyni zamanda son 17 ildə Azərbaycanın iqtisadiyyatına 260 milyard dollardan çox sərmayə yatırılıb. Beynəlxalq Valyuta Fondunun statistikasına görə, hazırda Azərbaycan iqtisadiyyatı alıcılıq qabiliyyətinə görə Cənubi Qafqaz regionunun ümumi iqtisadiyyatının 70 faizini təşkil edir. 44 günlük Vətən müharibəsi zamanı bütün dünya bir daha şahidi oldu ki, Azərbaycan həqiqətən də güclü dövlətdir, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzun illər ərzində həyata keçirdiyi ordu quruculuğu nəticəsində dünyanın ən güclü 50 ordusundan birinə çevrilən Azərbaycan Ordusu bu gün döyüş meydanında öz sözünü dedi və işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etdi. Sevindirici haldır ki, Azərbaycan pandemiya dövründə də iqtisadi sahədə yaxşı nəticələr göstərir. Dövlətimizin başçısının bu il mayın 12-də Sumqayıtda “Gilan Tekstil Park” MMC-nin Tibbi Maska Fabrikinin və Tikiş Fabrikinin nəzdində fəaliyyət göstərən qoruyucu kombinezonların istehsalı müəssisəsinin açılış mərasimindəki çıxışından bir parçanı yada salaq: “Bu gün dünyada 150-dən çox ölkə yardım üçün beynəlxalq maliyyə qurumlarına müraciət edib. Fəxrlə qeyd edim ki, Azərbaycanın bu siyahıda adı yoxdur. Biz o ölkələrdənik ki, öz gücümüzə dünyanı cənginə alan bu bəla ilə mübarizə aparırıq. Ümumdünya Səhiyyə Təşkilatına iki dəfə donor ianəsi etmişik. Belə ölkələrin sayı o qədər də çox deyil. Bu, bizim məsuliyyətimizi göstərir. Onu göstərir ki, biz pandemiyaya qarşı qlobal müstəvidə də fəal rol oynayırıq”. Cənab Prezidentlə bağlı, onun 17 ildə ölkəmizdə gördüyü quruculuq işlərilə bağlı, iqtisadiyyatın inkişafı ilə bağlı, xalqın rifahı ilə bağlı, Ordu quruculuğu ilə bağlı uzun-uzadı yazmaq, dayanmadan danışmaq olar.

Bütün fikirləri ümumiləşdirərək tam əminlə deyə bilərəm ki, cənab Prezident İlham Əliyev Azərbaycan xalqının alternativsiz Lideridir, ordumuzun alternativsiz Müzəffər Ali Baş Komandanıdır. Xalq öz Lideri ilə, ordu da öz Ali Baş Komandanı ilə fəxr edir. Cənab Prezident, illərdir ki, yaşadığımız utanc hissindən bizi xilas etdiyiniz üçün var olun! Qədirbilən xalqımız hər zaman Sizin arxanızdadır. Sizin rəhbərliyiniz altında cənnətə çevriləcək işğaldan azad olunmuş torpaqlara dönəcəyimiz günü səbirsizliklə gözləyirik. Bir daha Sizi əldə olunmuş parlaq qələbə münasibətilə təbrik edirəm, xalqımıza bundan sonrakı fəaliyyətində, görəcəyi işlərində bol-bol uğurlar arzulayıram. Biz bu qələbədən sonra “məğlub xalq” adını üzərimizdən götürdük və bu gün başıdik, alnıaçıq gəzə bilirik. Bu hissləri bizə yaşatdığınıza görə, bütövlükdə xalqımızı, bizim haqq işimizi müdafiə edən hər kəsi ürəkdən təbrik edirəm.

“Şirvan şərabları” MMC-nin icraçı direktoru Ceyhun Soltanov
Oxşar xəbərlər:
XƏBƏR LENTİ