09:50 Oxunub: 319

Uşaqlara ət yeməklərini bu qaydada verin - Pediatr RƏYİ

Uşaqlara ət yeməklərini bu qaydada verin - Pediatr RƏYİ
Uşaqlara ət yeməklərinin nə zamandan vermək lazımdır?

Azerbaycaninsesi.com e-tibb.az-a istinadən pediatr-neonatoloq, uzman həkim Altay Abdullaoğlunun məqaləsini təqdim edir:

Ət böyüyən orqanizmin inkişafında və immun sisteminin qurulması üçün çox vacibdir. Ət məhsulları içərisində qırmızı ət tərkibində çox vacib zülallar, vitaminlər olan çox dəyərli qidadır. Həmçinin tərkibində dəmir və B12 vitamini olduğuna görə qan azlığının müalicəsində çox faydalıdır.

Körpələrə ət 6-cı ayından etibarən tədricən verilir. İlk başlayanda uşağın udmasını asanlaşdırmaq ətçəkən maşından 1-2 dəfə keçirilmiş formada verilir. Daha böyük aylarda isə artıq kiçik hissələrə bölünmüş, didilmiş və buxarda bişirilmiş halda verilməlidir. Mal və toyuq ətini həftədə ən azı 3-4 dəfə vermək lazımdır. Əti şorbalara əlavə olunmuş, ya da püre şəklində vermək olar. Ətin bulyonu da daxil olmaqla əti heç bir qida əvəz edə bilməz! Çox vaxt valideynlər toyuğun ayaqlarını, əti və s. qaynadıb suyunu verirlər, ancaq ətin özünü vermirlər. Ancaq ən faydalısı və doğrusu ətin suyunu deyil, özünü verməkdir.

Qaraciyər - tərkibinə görə çox qiymətli ət məhsuludur. Vitaminlər, minerallar, amin turşularla zəngin olduğu üçün enerji mənbəyi hesab olunur. Qanazlığına, görmə qabiliyyətinə, immun sisteminə çox faydası var. Qaraciyəri təqribən 9-cu aydan etibarən həftədə 1 dəfə olmaqla vermək düzgündür. Quzu, dana ciyərindən istifadə etmək olar. Suda qaynadılmış halda tərəvəz yeməklərinə əlavə edərək və ya paştet şəklində də uyğundur.

Balıq əti də uşaqlar üçün çox faydalıdır. Bir çox minerallar, A, D vitaminləri, Omeqa-3 yağı və zülallara zəngindir. Balığın allergiya yaratma riski olduğuna görə onu qida siyahısına nisbətən gec: 8-9 aylarda daxil etmək gərəkdir. Balığı yaxşı bişmiş və ya buxarda bişirilmiş kotlet şəklində vermək olar. Balıqlardan gündəlik istifadə etdiyimiz- xanı, treska, kütüm, losos və. s növlərini istifadə etmək uyğundur. Balıq istifadəsi zamanı tıxlarının (qılçıq) yaxşı təmizlənməsinə diqqət etmək vacibdir.

Çox vaxt valideynlər balıq yağına meyl edirlər. Ancaq bilmək lazımdır ki, doğru olan balığın özünü verməkdir və digər əlavələrə də ehtiyac yoxdur.
XƏBƏR LENTİ