12:18 Oxunub: 319

Yeni fermer kartları hansı üstünlüklərə malik olacaq? - Ekspert AÇIQLADI

Yeni fermer kartları hansı üstünlüklərə malik olacaq? - Ekspert AÇIQLADI

Bu ilin sonuna qədər Azərbaycanda fermer kartlarının paylanmasına başlanılacaq.

Həmin kartlar məhz subsidiya alan fermerlər üçün nəzərdə tutulub. Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Dövlət Aqrar Ticarət Şirkəti “Kapital Bank”ın dəstəyi ilə fermer kartlarını təqdim edəcək.

Yeni fermer kartları hansı üstünlüklərə malik olacaq?



İqtisadçı ekspert Vüsalə Əhmədova Redaktor.az-a açıqlamasında bildirib ki, yeni fermer kartları bir çox üstünlüklərə malik olacaq və fermerlərin rahatlığını təmin edəcək:

“Kartı əldə etmək üçün kənd təsərrüfatı məhsulları istehsalçısı olan kiçik və orta fermer təsərrüfatı sahiblərinin Dövlət Aqrar Ticarət Şirkətinin saytına daxil olaraq forumu doldurmaları tələb olunacaq. Fermer kartları “Kənddən şəhərə” mağazasına təchizatçı qismində üzv olan fermer və sahibkarlara veriləcək. Yeni kartların əvvəlkilərindən fərqi kartdakı məbləğin həm nağdlaşdırılması, həm də kart vasitəsilə nağdsız ödənişlərin həyata keçirilməsi ilə bağlıdır. Kartdakı məbləğin yalnız 25%-nin nağdlaşdırılması mümkün olacaq. Bundan əlavə, kartdan vəsait çıxarılan zaman fermerlərdən hər hansı bir komissiya tutulmayacaq. Bu, bölgələrdə nağdsız ödəniş sisteminin inkişafını təmin etmək məqsədini daşıyır”.

İqtisadçı vurğulayıb ki, fermerlərə gübrə almaları üçün 70%-lik güzəşt də həmin fermer kartları vasitəsilə veriləcək:

“Yeni aqrar subsidiya qaydalarına müvafiq olaraq, kənd təsərrüfatı subsidiyaları 3 növə ayrılır. Bu növlərə bitkiçilik, heyvandarlıq, kənd təsərrüfatı istehsal vasitələrinə ayrılan subsidiyalar daxildir. Bitkiçilik sahəsində subsidiyaların hesablanmasında istifadə edilən baza məbləği 200 manat təşkil edir. Baza məbləğinin əkin əmsalına vurulması ilə əkin subsidiyasının məbləği müəyyən edilir. Əkin subsidiyasının 25%-nin nağd, 75%-nin isə nağdsız formada istifadə edilməsi nəzərdə tutulur. Beləliklə, subsidiyaların böyük hissəsinin nağdsız qaydada ödənməsi nəzərdə tutulur”.



“Kapital Bank”ın mətbuat katibi Pərviz Sədrəddinov isə açıqlamasında qeyd edib ki, kartlar verilməsi əsasən ərazi üzrə kart mərkəzləri tərəfindən həyata keçirilir:

“Bu cür xüsusi kartlar dövlət və ya müvafiq nazirlik tərəfindən sifariş olduqdan sonra hazırlanır. Kartlar hazır olandan sonra sahiblərinə verilməsi ilə bağlı elan paylaşılır”.

Qeyd edək ki, nəzərdə tutulan kartlar vasitəsilə fermerlər bir çox funksiyaları həyata keçirə biləcəklər. Bütün ödənişlər nağdsız qaydada həyata keçiriləcək.
XƏBƏR LENTİ