18:42 Oxunub: 257

“Merd petrol”dan dizel aldı, 2500 manat ziyana düşdü

“Merd petrol”dan dizel aldı, 2500 manat ziyana düşdü
Bu barədə Axar.az-a şikayətində Ramil Quliyev qeyd edib. O bildirib ki, bir neçə gün əvvəl Yasamal rayonunun Moskva prospektində - “Şamaxı yolu” adlanan ərazidə yerləşən “Merd petrol”dan həm avtomobili, həm də generatoru üçün 35 manatlıq dizel alıb. Bu həftənin əvvəlində avtomobilində nasazlıq hiss etdiyi üçün servisə müraciət edəndə isə məlum olub ki, dizelin tərkibində çirkli su olub.

R.Quliyev qeyd edib ki, dizel çirkli olduğu üçün ümumilikdə avtomobilin hissələrini sıradan çıxarıb və hazırda o hissələrin dəyişməsi üçün 2500 manatlıq vəsait tələb olunur.

R.Quliyev deyib ki, bu barədə yanacaqdoldurma məntəqəsinə müraciət etsə də, heç bir reaksiya verilməyib.

R.Quliyevin sözlərinə görə, hazırda “Merd petrol”dan aldığı dizeli saxlayır və diqqətlə baxıldıqda, gözlə də onun tərkibində çirkli su olduğunu müəyyən etmək olar.

Vətəndaşın şikayəti ilə bağlı saytımıza “Merd petrol” yanacaqdoldurma məntəqəsindən yalnız səlahiyyətli şəxsin açıqlama verəcəyi bildirildi və hər hansı izahdan imtina edildi.

Məsələ ilə bağlı Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov deyib ki, vətəndaş belə hallarla rastlaşdıqda yanacaqdoldurma məntəqsindən aldığı kassa qəbzini, dizeldən nümunəni və yaranan problemin sözügedən dizeldən törəməsi barədə servisdən sənədi təqdim edərək, Birliyə ərizə yazmalıdır:

“Bundan sonra dizelin ekspertizası üçün biz dövlət orqanları qarşısında məsələ qaldıracağıq. Vətəndaşa dəyən zərərin ödənilməsi üçün təmənnasız olaraq bütün mümkün işlər görüləcək”.

E.Hüseynov bəzi hallarda yanacaqdoldurma məntəqələrindən keyfiyyətsiz malların satılması barədə vətəndaş şikayətlərinin daxil olduğunu qeyd edib:

“Bu gün “İST petrol”dan da buna uyğun şikayət daxil olub. Avtomobilə keyfiyyətsiz yağ töküldüyü üçün mühərrik sıradan çıxıb və vətəndaşa maddi ziyan dəyib”.

Saytımız məsələnin araşdırılması üçün İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə də rəsmi sorğu göndərib.(Axar.az)
“Merd petrol”dan dizel aldı, 2500 manat ziyana düşdü
XƏBƏR LENTİ