18:00 Oxunub: 417

İcra başçılarının həbsi: İkinci dalğa olacaqmı? - GƏLİŞMƏ

İcra başçılarının həbsi: İkinci dalğa olacaqmı? - GƏLİŞMƏ

Azərbaycanda korrupsiyaya qarşı mübarizə çərçivəsində icra hakimiyyəti başçılarına qarşı həbslərin 8 ayı tamam olur.

Yenisabah.az xatırladır ki, ilk dəfə ötən il dekabrın 18-də Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev və müavini Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı saxlanılıb.

Proses sonrakı aylarda da davam edib və Yevlax rayonunun sabiq icra başçısı Qoca Səmədov, Neftçala Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev, Biləsuvar rayonunun icra başçısı Mahir Quliyev, İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev və eləcə də bu rayonların bəzi vəzifəli şəxsləri korrupsiya, rüşvətxorluq, vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri ilə həbs olunublar. Hazırda onların istintaqı davam edir.

DTX-nın keçirdiyi bu əməliyyatlar cəmiyyətdə rezonans doğurub. İctimai müzakirələrdə icra başçılarının həbsi müsbət qarşılanıb və əməliyyatların davam etdirilməsinin zəruri olması barədə fikirlər səsləndirilib. Əməliyyatların peşəkarlıqla keçirildiyi , həbs olunanların cinayət başında yaxalandığı, dəlil və sübutların ortada olduğu qeyd edilib. İctimai rəy hesab edir ki, yerli icra hakimiyyətlərində anti-korrupsiya əməliyyatları hakimiyyətin uzun illər ərzində bu sahədə atdığı addımların ən doğrusudur. Ekspertlərin fikrincə, korrupsiyaya bulaşmış məmurlar sərt şəkildə cəzalandırılmayacağı təqdirdə bu sahədə hər hansı nailiyyət əldə etmək mümkün olmayacaq. “Bu icra başçıları eyni gündə həbs edilməyib. Əgər ilk əməliyyat 2019-cu ilin dekbarında keçirilmişdisə, sonrakı əməliyyat təxminən 1 ay sonra baş sonra baş tutdu. Məlum oldu ki, Nizaməddin Quliyevdən sonra həbs edilən İsmayıl Vəliyev baş verənlərdən nəticə çıxarmayıb. Eyni sözləri Mahir Quliyevlə Vilyam Hacıyev barəsində də söyləmək olar.

Əgər özlərindən əvvəl həbs edilən həmkarlarının taleyindən nəticə çıxarmayıblarsa, kim zəmanət verə bilər ki, digər icra başçıları bundan nəticə çıxaracaq. Ona görə də əməliyyatların davam etdirilməsi lazımdır”, - deyə ekspertlər bildirib.

İcra başçılarının cinayət işi ilə bağlı istintaqın gedişi barədə hər hansı məlumat olmasa da, belə ehtimallar səsləndirlir ki, yaxın vaxtlarda materiallar məhkəməyə göndərilə bilər.

Həmçinin gözlənilir ki, yerli icra hakimiyyətlərində əməliyyatların ikinci dalğası başlasın. Çünki yenə də bir sıra rayonlardan şikayətlərin ardı-arası kəsilmir. Hakimiyyətin də bunun fərqində olduğu müşahidə edilir. İqtidar ideoloqları anlayır ki, koronavirus pandemiyasının əsəbləri tarıma çəkdiyi bir dönəmdə hansısa icra başçısı korrupsiya əməliyyatı və başqa qanunsuz əməlləri ilə cəmiyyətdə ciddi gərginlik yarada bilərlər. Bu baxımdan, güman ki, DTX yenidən yerli icra hakimiyyətlərinə “baş çəkməyə” başlayacaq.
XƏBƏR LENTİ