10:07 Oxunub: 303

İqtisadiyyat İnstitutunda “Açıq qapı” günü

İqtisadiyyat İnstitutunda “Açıq qapı” günü

AMEA İqtisadiyyat İnstitutunun magistraturasına qəbulla bağlı “Açıq qapı” günü keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdə bu elmi müəssisənin direktoru, professor Nazim Müzəffərli institutun əsas fəaliyyət istiqamətləri, hökumət qurumları ilə əməkdaşlıq, magistratura təhsili və onun perspektivləri, gənclərə yaradılan şərait, karyerada yüksəliş imkanları barədə danışıb.

Sonra bakalavrlar qrup şəklində İqtisadiyyat İnstitutunun elmi şöbələrinin fəaliyyəti ilə yaxından tanış olublar.

“Açıq qapı” günü çərçivəsində AMEA-nın Elm və təhsil baş idarəsinin magistratura şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru Fikrət Feyziyev, İqtisadiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, iqtisadiyyat üzrə fəlsəfə doktoru Allahyar Muradov, elmi katib, iqtisadiyyat üzrə fəlsəfə doktoru Rəsmiyyə Abdullayeva, Təhsil şöbəsinin müdiri, dosent Gülsurə Mehdiyeva bakalavrların magistraturaya qəbulla bağlı suallarını cavablandırıblar.

Qeyd edək ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti 2019/2020-ci tədris ili üçün AMEA-nın magistraturasına 24 ixtisas, 88 ixtisaslaşma üzrə 138 plan yerini təsdiq edib. Bu yerlərdən 103-ü dövlət sifarişli, 35-i isə ödənişlidir. İqtisadiyyat İnstitutunun magistraturasına 4 ixtisas üzrə 4 plan yeri (dövlət sifarişli) nəzərdə tutulub. Bunlar iqtisadiyyatın tənzimlənməsi; təhsil, elm və sosial-mədəni sahənin iqtisadiyyatı; makroiqtisadi siyasət və əməyin iqtisadiyyatı ixtisaslarıdır. AMEA-nın magistraturasına qəbul olmaq istəyən bakalavrlar ümumi qaydada Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanının hər iki mərhələsində müsabiqə şərtlərini ödəyərək İqtisadiyyat İnstitutunun magistraturasında ixtisas seçmək imkanı qazanıblar. Müsabiqə şərtlərini ödəyən bakalavrlar iyunun 18-dək internet vasitəsilə ixtisas seçimi etməlidirlər.
XƏBƏR LENTİ