15:59 Oxunub: 235

Ölümcül virusun ən təhlükəli tərəfi – XƏSTƏLİYİN ŞTAMMI alınmalıdır

Ölümcül virusun ən təhlükəli tərəfi – XƏSTƏLİYİN ŞTAMMI alınmalıdır

“Yeni koronovirusun ən pis cəhəti inkubasiya dövrünün 10-14 gün çəkməsidir. İnsanlar bu qədər vaxtda heç bir siptom olmadan aramızda gəzə və başqalarını da virusa yoluxdura bilərlər”.

Bu barədə Lent.az -a ölkənin baş infeksionisti Cəlal İsayev açıqlama verib.

Həkimin sözlərinə görə, Azərbaycanda xəstəliyin yayılma ehtimalı hələ ki azdır: “Çinlə iqtisadi münasibətlərimiz o qədər geniş səviyyədə deyil. Təyyarə uçuşları dayandırılıb. Düşünürəm ki, bu baxımdan təhlükədən kənarda qala bilərik. Amma yeni koronovirus həm insan sağlamlığı, həm də iqtisadi münasibətlər üçün həddindən artıq təhlükəlidir”.

Həkimin fikrincə, ən əsas məsələ Azərbaycan tərəfindən xəstəliyin formulasının alınmasıdır: “Rusiya, Türkiyə kimi ölkələr Çindən həmin virusun ştammını alıb. Çin hökuməti ilə danışıqlar aparıb, xəstəliyin analiz zamanı çıxan ştammını, yəni formulasını almaq lazımdr ki, həkimlərimiz qan analizi zamanı həmin formula ilə qarşılaşdıqda xəstənin məhz bu virusa yoluxduğunu müəyyən edə bilsinlər. Bu virusu aşkar etmək o qədər də çətin deyil. Bizdə ştampın alınıb-alınmaması ilə bağlı heç bir məlumat yoxdur. Dövlət orqanları əhalini sakitləşdirmək üçün normal açıqlamalar verməli, formulanın alınması ilə bağlı müəyyən işlər görməlidirlər. Yenə də deyirəm: əgər bizdə virusun ştammı yoxdursa, həkimlər yoluxan insanda qripin hansı növü olduğunu başa düşməyəcək”.

C.İsayev xəstəlikdən qorunmaq üçün maskaların taxılması, əlcəklərin geyilməsinin rol oynaya biləcəyini, amma bütün əhalinin maska və əlcəkdən istifadə edəcəyinin inandırıcı olmadığını deyir: “Ən əsası insanların kütləvi toplaşdığı yerlərdən kənarda qalmaq, risk qrupuna aid insanları gördükdə (Asiyadan gələn turistlər) onlardan aralı gəzməkdir. Dövlət orqanları məsələni ciddi nəzarətə götürməlidir. Başqa ölkələrdən gələnlərin hava limanında yeni avadınlıqlarla yoxlanılması təmin olunmalıdır. Həmin aparatlar ilkin mərhələdə olmasa da, xəstəliyə yoluxmadan bir həftə, on gün keçdikdən sonra bədənin temperaturunun yüksəkliyini qeydə alır. Bundan sonra analiz vasitəsilə insanın həmin xəstəliyə yoluxub-yoluxmadığını bilmək olar. Ən azından, ilkin proflaktik tədbirlər kimi effekt verə bilər”.

Həkim qeyd edib ki, xəstəliyin proflaktikası üçün dezinfeksiya aparmaq olar: “Prosesə hava limanından başlamaq lazımdır. Məktəbdə, dövlət idarələrində insanların toplaşdığı və çalışdığı yerlərdə hər hansı bir şübhə ehtimalı yaranarsa, gecikmədən dezinfeksiya aparılmalıdır”.

C.İsayevin fikrincə, Azərbaycanda hər hansı bir məhlədə, məktəbdə, hansısa bir qurumda insanların qripə kütləvi yoluxması faktı ilə qarşılaşılırsa, yeni koronovirusun yayılması ilə bağlı fakir yürütmək olardı: “Hələlik görünən odur ki, bu cür məlumatlar daxil olmayıb”.

Baş infeksionist mövsümi qripin yayılması məsələsinə də toxunub və bildirib ki, bu, hava ilə bağlıdır: “Yanvar ayı olmasına baxmayaraq, havanın mülayim keçməsi mövsümi xəstəliklərin yayılmasında mühüm rol oynayır. Mövsümi qrip anlayışı əsasən yaz və payız aylarında önə çıxır. Amma qış mövsümünün olmasına baxmayaraq, havanın qış fəslindən fərqli olması mövsümi qripə yoluxmaları kifayət qədər yüksəldir”.
XƏBƏR LENTİ