14 yan 16:45 Oxunub: 1

Prezident: “Əhali artmalıdır, amma bir gün bu, problemə çevriləcək”

Prezident: “Əhali artmalıdır, amma bir gün bu, problemə çevriləcək”

Ötən gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib.
Bizimyol.info xəbər verir ki, müşavirədə ölkənin iqtisadi, sosial həyatındakı problemlərdən danışan dövlət başçısı başlanmış layihələrin başa çatdırılmasının vacibliyini qeyd edib.

“İlk növbədə, başlanmış layihələr başa çatmalıdır. Çünki əvvəlki illərdə bir çox yarımçıq layihələr də qalırdı. Yarımçıq layihələr icra olunmadan biz yeni layihələrə başlayırdıq və beləliklə, gücümüz də səpələnirdi, maliyyə resurslarımız da imkan vermirdi ki, layihələri lazım olan həcmdə icra edək. Ona görə, ilk növbədə, başlanmış layihələr başa çatmalıdır. İnfrastruktur layihələrinə gəldikdə, demək olar ki, əsas infrastruktur layihələri Azərbaycanda icra edilib.

Düzdür, növbəti illərdə bu layihələrin icrasına ehtiyac var. Çünki bir daha qeyd etmək istəyirəm, əhalinin artımı bunu diktə edir. O ölkələrdəki əhali artmır, orada yeni infrastruktur layihələrinə də ehtiyac qalmır. Amma bizdə əhali artır, ona görə yeni məktəblər, uşaq bağçaları, xəstəxanalar, yol infrastrukturu, kommunikasiyalar - bütün bunlar daim diqqət tələb edir. Ona görə birinci vəzifə budur.

İkinci vəzifə ondan ibarətdir ki, investisiya proqramımız infrastruktur layihələrinin icrası ilə paralel olaraq iqtisadiyyatın real sektoruna dəstək verməlidir. O cümlədən bu infrastruktur layihələrinin real sektora olan təsiri də bir növ təhlil edilməli və mənə məlumat təqdim edilməlidir. Misal üçün, yeni infrastruktur tutaq ki, bu və ya digər rayonda iqtisadiyyatın real sektoruna nə dərəcədə müsbət təsir göstərmişdir.

Dövlət investisiya proqramının digər xüsusiyyəti ondan ibarətdir ki, bu, iş yerləri yaradan və mövcud olan iş yerləri saxlayan bir prosesdir. Keçən il ölkəmizdə 98 min yeni iş yeri yaradılıb. Bu, böyük bir rəqəmdir. Ancaq yenə də deyirəm, əhali 100 min artıb və hər il 100 min nəfər artacaq. Nə qədər çox əhali artsa, növbəti illərdə illik artım da çoxalacaq. Biz indi bunu əhalisi sürətlə artan ölkələrin timsalında görürük. Bu, böyük problemlər gətirir. Artan əhali böyük üstünlükdür, təbiidir və eyni zamanda, bizim iqtisadi siyasətimizin və ölkədə mövcud olan sabitliyin təzahürüdür. Ancaq, eyni zamanda, bu, özlüyündə böyük problemlər də ehtiva edir. Hazırda çox sürətlə artan ölkələrin problemləri təhlil edilməlidir. Bu, təkcə İqtisadiyyat Nazirliyinin işi deyil. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əmək resursları ilə bağlı, Kənd Təsərrüfatı Nazirliyi, digər aidiyyəti qurumlar, hesab edirəm ki, Nazirlər Kabineti bu məsələ ilə bağlı ciddi təhlil aparmalıdır və biz proqnozu bilməliyik. Bizim resurslarımızı dəqiq müəyyən etməliyik. Bizim mövcud ərazimiz, əkin sahələrimiz, təbii resurslarımız bəllidir. Onların gələcəkdə dəyişməsi mümkün deyil. Ona görə bütün bunlar hesablanmalıdır ki, 20 ildən sonra, 30 ildən sonra hansı vəziyyətlə üzləşəcəyik.

Yenə də deyirəm, hazırda əhalisi sürətlə artan ölkələrin təcrübəsi dəqiq təhlil edilməlidir. Beynəlxalq maliyyə qurumları ilə birlikdə biz uzunmüddətli strategiyanı işləməliyik. Mən yenə də deyirəm, indi bizim vəsaitə ehtiyacımız yoxdur. Amma biz beynəlxalq maliyyə qurumları ilə ona görə sıx əməkdaşlıq edirik ki, onlarda böyük təcrübə var. Onlar dünyanın bütün yerlərində fəaliyyət göstərirlər. Bu problem təkcə bizim problemimiz deyil. Düzdür, bu gün bu problem mövcud deyil. Əhali artmalıdır. Amma bir gün bu, problemə çevriləcək. Ona görə bizim iqtisadi artımımız artan əhaliyə uyğun olmalıdır”.
XƏBƏR LENTİ
Bu ərazidə işıq olmayacaq
21-01-2020, 11:30

Bu ərazidə işıq olmayacaq