14:08 Oxunub: 132

Qlobal iqlim dəyişikliyi Azərbaycana necə təsir edir? - Alimdən ŞOK AÇIQLAMALAR

Qlobal iqlim dəyişikliyi Azərbaycana necə təsir edir? - Alimdən ŞOK AÇIQLAMALAR
Qlobal iqlim dəyişiklikləri qaçılmaz prosesdir və bütün dünyanı əhatə edir. İqlim dəyişiklikləri nəticəsində temperaturun yüksəlməsi isə ciddi problemlərə yol açır. Azərbaycan da qlobal iqlim dəyişiklikləri və havanın temperaturunun yüksəlməsi problemindən kənarda deyil və ölkəmizdə bir sıra fəsadları artıq yaranıb. Qış aylarının mülayim, yay aylarının çox isti keçməsi məlum problemlərdəndir. Ümumiyyətlə, iqlim dəyişiklikləri Azərbaycan ərazisində özünü necə göstərir və gələcəkdə nə kimi fəsadlara yol aça bilər?

Lent.az mövzu ilə bağlı söhbəti Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Məhərrəm Həsənovla davam etdirib.

- Məhərrəm müəllim, ümumiyyətlə, iqlim dəyişmələri nədir və bu proses nədən başlayır?

- İqlim insan həyatının və fəaliyyətinin formalaşmasına təsir edən əsas amildir. İqlimin yaranması üç amildən asılıdır. Coğrafi enlik və ya oraya düşən Günəş radiasiyasının miqdarı, atmosferin ümumi sirkulyasiyası və ya hava kütlələri, səth örtüyü və ya relyef. Bu üç amilin təsiri ilə Yer kürəsinin, yaxud hər hansı ərazinin iqlimi formalaşır. İqlim elə bir amildir ki, tarix boyu dəyişməyə uğrayır. İqlimin dəyişməsində ilk növbədə astronomik səbəblərə fikir vermək lazımdır.

Yerlə Günəş arasında olan məsafənin dəyişməsi, yəni azalması, yaxud çoxalması iqlimə böyük təsir edir. İkinci yerin xəyali oxunun orbit müstəvisinə meyli ilə bağlıdır. İndiki halda bu meyl 23.5 dərəcədir. Əgər bu dəyişərsə, planetin iqlimində böyük dəyişikliklər baş verə bilər. Eyni zamanda, iqlimin müasir dəyişməsi də iki səbəb göstərilir. Bunlar təbii və antropogen amillərdir. Yer kürəsinin iqlimində istiləşmə, soyuqlaşma, buzlaşma kimi hadisələr hər zaman bir-birini əvəz edib. Xüsusilə XX əsrin 50-ci illərindən sonra iqlimdə baş verən dəyişikliklərin əsas səbəbi antropogen amillərdir. Antropogen amildə isə birinci səbəb kimi atmosferin çirkləndirilməsi götürülür. Antropogen amillər nəticəsində “istixana effekti” adlanan bir şərait yaranır. Yəni troposferin nisbətən aşağı qatlarında karbon və digər qazlardan ibarət bir təbəqə əmələ gəlir. Bu təbəqə Günəşdən gələn istiliyi Yer səthinə buraxır. Yer səthi qızandan sonra bu istiliyi atmosferə ötürməlidir. Yerdən atmosferə gördərilən istilik həmin təbəqəsinə dəyərək Yerə doğru qayıdır. Yəni yer istiliyi alır, lakin kənara ötürə bilmir. Nəticədə yeri əhatə edən hava təbəqəsinin temperaturu yüksəlir. Son 60-70 il ərzində bu problem qarşısıalınmaz bir proses kimi qarşıda durur.

- İqlim dəyişməsinə təsir edən antropogen amilləri aradan qaldırmaq real görünürmü?

- Əvvəllər iqlim dəyişmələri ilə ancaq alimlər məşğul olurdular. Lakin indi dünyada elə bir yığıncaq olmur ki, orada iqlim dəyişiklikləri ilk sıralarda qarşıda durmamış olsun. Siyasi məqamda iqlim dəyişmələrinin qiymətləndirilməsi məsələsi 1992-ci ildən başlayır. Braziliyada iqlimə həsr olunmuş xüsusi konqresdə atmosferə atılan qazların miqdarının azaldılması əsas məqsəd kimi qarşıya qoyuldu. Ancaq necə azaldılsın? Bunun bir mexanizmi olmalıdır. Azaltmağın bir yolu var, bu da sənaye müəssisələrinin sayının azaldılmasıdır. Amma bu zaman da əhalinin həmin sənaye məhsulu ilə necə təminatı məsələsi ortaya çıxır. Bunlar zəncirvari bir-biri ilə bağlıdır. Həmin konqresdə hər bir ölkə qarşısında müəyyən öhdəlik qoyuldu ki, atmosferə atılan qazların miqdarını müəyyən kvota daxilində azaltsınlar. Ölkələr 2012-ci ilə qədər götürdükləri öhdəlikləri yerinə yetirməli idilər. Atılan qazların miqdarını 1990-cı il səviyyəsinə endirib o səviyyədə saxlamalı idilər. Amma ölkələr bunu edə bilmədilər. Məsələn, Kanada Rio konvensiyasından çıxdı. Çünki öhdəliyi yerinə yetirə bilmədiyini gördü.

Atmosferi ən çox çirkləndirən ölkələr ABŞ, Kanada, Qərbi Avropa ölkələridir. Çünki ən çox sənaye məhsulları və avtomobillər həmin ölkələrdədir. Hazırda Hindistan, Çin kimi ölkələr sürətlə inkişaf edir. Həmin ölkələr də atmosferə böyük miqdarda zərərli qazlar atır. Təsadüfi deyil ki, 2019-ci il son 30 ilin ən isti ili kimi qəbul edildi. Havanın temperaturu bəzi yerlərdə normaya nisbətən 1,5o C-yə qədər yüksəldi. Bu, kiçik rəqəm təsəvvürü yarada bilər. Lakin havanın temperaturu 1840-cı ildən 1970-ci illərə qədər olan dövrdə dəyişməyib. Həmin illər ərzində Yer kürəsinin orta temperaturu müsbət 14 dərəcə olub. İndi birdən-birə 1,5 dərəcə yüksəlməsi böyük dəyişikliklərə səbəb olur. Məsələn, meşə yanğınları çoxalır. Bunun səbəblərindən biri insan amilidirsə, digəri yüksək temperaturdur, meşədə olan çürüntü materiallarının öz-özünə alışmasıdır. Arktika, Antarktida, Qrenlandiya buzlaqları göz qarşısında əriyir. Bunların əriməsi okeanlarda suyun səviyyəsini artırmaqla yanaşı, buxarlanmanı da artıracaq. İqlim qurşaqlarının sərhədləri dəyişəcək. Ən çox istiləşmə insanların və kənd təsərrüfatının daha çox inkişaf etdiyi mülayim qurşaqda müşahidə edilir.

- İqlimdə istiləşmənin bu templə davam etməsi gələcəkdə hansı fəsadlara yol aça bilər?

- İstiləşmənin davam etməsi əkin sahələrinin azalmasına, kənd təsərrüfatı torpaqlarının sıradan çıxmasına səbəb olacaq. Hazırda dünyada ildə bir neçə milyon hektara qədər əkin sahəsi sıradan çıxır. Bu amil özü insanları həyəcanladırmalıdır. Meşələrin, kolluqların qırılması yolu ilə əkin üçün yeni torpaq sahələri istifadəyə verilir. Bunlar hamısı gələcəkdə özünü güclü surətdə büruzə verən problemlər yaradacaq. Bu problemlərdən qaçmaq üçün gecikirik. İllər əvvəl mübarizə tədbirləri başlamalı və cəmiyyət bu prosesə uyğunlaşma tədbirləri görməli idi. Yaşıllıqların artırılması, su hövzələrinin qorunması kimi müəyyən tədbirlər görülür. Lakin bu işlərin görülmə miqyası onların sıradan çıxma miqyasından azdır.

- İqlim dəyişiklikləri Azərbaycanda özünü necə göstərir?

- Coğrafiya İnstitutunda 1954-cü ildən iqlimşünaslıq şöbəsi fəaliyyət göstərir. Həmin dövrdən başlayaraq şöbə ölkənin iqliminin öyrənilməsi ilə məşğuldur. Son dövrlər apardığımız tədqiqatlar göstərir ki, Azərbaycanda da iqlim dəyişmələri özünü büruzə verir. Azərbaycanda müxtəlif dövrlərdə havanın temperaturunun yayılması xəritəsi tərtib edilib. Bir-iki il bundan əvvəl həmin xəritəni yeni rəqəmlər əsasında tərtib etdik və gördük ki, Azərbaycanda və xüsusilə Aran rayonlarında temperatur yüksəlir. Tədqiqatlar göstərir ki, Azərbaycanda temperatur 0,4 dərəcə ilə 1,4 dərəcə arasında yüksəlib. Dünyada gedən istiləşmə prosesinə uyğun hadisə bizdə də gedir. Azərbaycanın 60 faizə qədər ərazisi dağlıqdır. Eyni zamanda, 60 faizə qədər ərazimiz quraq ərazilərdir. Bu da bizim mərkəzi Aran rayonları və Xəzər dənizinin sahil rayonlarıdır. Bunlar həm kənd təsərrüfatı, həm də məskunlaşma baxımından ən çox istifadə edilən ərazilərdir. İstiləşmə ilə əlaqədar Azərbaycanda isti qurşağın sərhəddi, quraq ərazilərin sahəsi daha da genişlənir.

BU ərazilərdə əkinçilik ancaq suvarma yolu ilə aparıla bilər. Bundan başqa, Azərbaycan su ehtiyatları az olan ölkələr sırasındadır. Ərazilərimizdə olan əsas çaylar qonşu ölkələrdə formalaşır. Onların da su anbarları var, sudan istifadə edirlər, daha sonra bizə buraxırlar. Su ehtiyatları azaldıqca, əkin sahələrinin suvarılmasında da problemlər yaşanır. Təsadüfi deyil ki, bu günlərdə ölkə prezidenti Ağcabədi rayonunda subartezian quyularının qazılması haqqında sərəncam verdi.

İqlim dəyişiklikləri Azərbaycanda yağıntıların azalmasında da özünü göstərir. Son 25 ildə Azərbaycan ərazisində atmosfer yağıntıları təxminən 14-84 mm civarında azalıb. 1 mm yağıntı bir hektar sahəyə bir ton su deməkdir. Bütün ölkə ərazisində yağıntının azalması müşahidə olunur. Yalnız Abşeron yarımadası, Bakı ətrafında 2-3 faiz artma və yaxud sabitləşmə müşahidə olunur. Azalmalar isə su ehtiyatlarından istifadə məsələsində problem olaraq qarşıda duracaq.

Hazırda ərazilərimizin təxminən 40 faizə qədəri şoranlaşıb. Bu da ilk növbədə suvarılmanın düzgün aparılmaması ilə bağlıdır. 30-40 ildir dünyanın heç bir yerində şırım üsulu ilə suvarma yoxdur. Hər yerdə damçı-yağış üsuludur. Biz bu üsula hələ indi keçirik. Eyni zamanda, kanallarımızın əksəriyyəti beton üzlülük deyil. Buraxılan suyun 30-40 fazi itkiyə gedir. Suyun itkiyə getməsi ilə yanaşı, kanalların ətrafında torpaq şoranlaşır. Azərbaycanın bir bəlası da torpaqlarının şoranlaşması, daha sonra səhralaşmasıdır. Bizim institutun əməkdaşları ölkənin ekoloji risk xəritəsini hazırlayıb. Azərbaycanın 12,4 faizi ekoloji riskli, 6,4 faizi isə güclü ekoloji riskli ərazilərdir. Sudan daha səmərəli istifadə etmək üçün kanallar beton üzlü olmalı, hər yerdə yağış-damcı üsulu ilə suvarma sistemi qurulmalıdır.

- İstiləşmə insan sağlamlığına hansı formada təsir edir?

- İqlimin dəyişməsi kənd təsərrüfatından başqa insan sağlamlığına da təsir edir. Yay aylarında temperaturun 35 dərəcədən yuxarı olan günlərin sayı artır. Bu isə insanların yaşayış səviyyəsinə mənfi təsir edir. Havada temperatur yüksəlirsə, havanın nisbi rütubətliliyi artır. Belə olduqda, havada oksigen azalır, insanın tənəffüs orqanlarında problemlər yaranır. Üstəlik, son dövrlərdə Azərbaycan ərazisinə, xüsusilə yay aylarında qatı tozlu hava kütlələri gəlir. Şimali Afrika və Ərəbistan yarımadalarından tropik hava kütlələri vasitəsilə gələn havanın tərkibində tozun miqdarı çox olur. Bəzən tozun miqdarı yol verilən həddən 40-50 dəfə yüksək olur. Bu da iqlim dəyişmələrinin nəticələridir və insanların sağlamlığına da təsir edir.

- İqlim dəyişikliyinin qarşısını almaq, yaxud problemdən çıxış yolu kimi hansı işlər görülməlidir?

- İqlim dəyişiklikləri həm təbii, həm də antropogen amillərin birgə təsiri olduğu üçün onun qarşısını almaq mümkün deyil. Lakin biz bunun təsirini müəyyən qədər yumşalda bilərik. Hələlik bunun ən real yolu yaşıllıqların, meşələrin artırılmasıdır. Əgər 50 metr enində meşə zolağı salınırsa, bu normal inkişaf edəndə 1,5-2 kilometr bir tərəfə, bir o qədər də digər tərəfə havanın nisbi rütubətini artırır. Azərbaycanda yaşıllıqların artırılması gələcəyə ünvanlanmış çağırışdır. Amma bununla kifayətlənmək olmaz. Azərbaycan meşəsi az olan ölkələr sırasındadır. Ərazimizin təqribən 11 faizi meşədir. Onun da çoxu dağ meşələridir. Düzən meşələr bizdə kürboyu Tuqay meşələri idi, onun da təqribən 60-70 faizi qırılıb. Bu meşələrin qayğısına qalmaq və artırmaq lazımdır. Meşələrimizdə böyük ərazilərdə talalar var. Bir qədər mühafizə olunsa, heyvan otarılmasının qarşısı alınsa, meşələrdəki həmin talalar özünü bərpa edər. Bu da ciddi problemlərdən biridir.

- Salınan yaşıllıqların ən çoxu 2 kilometr məsafədə havada dəyişiklik yaratdığını nəzərə alsaq, o zaman Bakıda bu baxımdan vəziyyət necədir?

- Bakının şəhərsalma məsələlərində hər zaman doğru olmayan hərəkətlərə yol verilib. 1920-ci illərə aid Bakının şəkilləri var, heç bir ağac yoxdur. İlk böyük park 20-ci əsrin əvvəllərində Nizami parkı dediyimiz yerdə salınıb. Qubernatorun əmri ilə Lənkərandan gələn hər bir gəmi torpaq gətirməli və həmin ərazilərdə ağac əkməliydi. Düzdür, Bakıda parklar var, lakin yaşıllıqların sahəsini artırmaq vacibdir. Bizdə bəzən 30-40 ilə əmələ gələn Eldar şamı meşəsini qırıb yerində ticarət mərkəzi tikirlər. 20 il bundan əvvəl Qara Qarayev metro stansiyasından indiki Əhmədli metrosuna qədər olan sahə meşəlik idi. İndi tək-tük ağac qalıb, onların yerində ticarət obyektləri tikilib. Bu proses davam etdikcə, iqlim dəyişməsinin təsiri də olacaq, hava da çirklənəcək. Bakının ərazisi yarımsəhradır. Bir ağacın əmələ gəlməsi böyük zəhmət tələb edir. Ağac əziyyətlə böyüdülür, amma bir də görürsən ki, gecə ilə ağac kəsildi, yerində ticarət mərkəzi tikilir. Yolu genişləndirmək üçün də ağacları kəsmək doğru deyil. Bakı üçün quraqlığa davamlı ağaclar lazımdır. Eldar şamı, sərv və müxtəlif şam növləri əkmək daha yaxşıdır. Yaxşı olar ki, meyvə verən ağaclar da əkilsin. Quraqlığa davamlı olan zeytun, püstə və badam ağacları əkilə bilər. Həm meyvəsindən istifadə etmək olar, həm də yaşıllıqdır. İydə ağacını Bakıda istənilən yerdə əkmək olar. Sürətlə inkişaf edir, həm də uzunömürlü ağacdır. Bakının yaşıllaşdırılmasına, ağacların qorunmasına məsuliyyət daşıyan qurumlar işlərinə doğru yanaşsalar, yaşıllıqları artırmaq olar.

- Azərbaycanı adambaşına düşən meşə sahəsinə görə necə qiymətləndirmək olar?

- Bakıdakı yaşıllıqlar dünya miqyasındakından azdır. Dünyada meşə sahəsinə görə hər adambaşına düşən rəqəmlər var. Azərbaycanda adambaşına yaşıllıq düşməsi ilə bağlı olan rəqəmlər dünyada mövcud olan rəqəmdən bir neçə dəfə azdır. Dünyada hər adambaşına 0, 5 hektar meşə sahəsi düşürsə, bizdə bu rəqəm 0,02 hektardır. Yəni dəfələrlə azdır.

Böyük zavod və fabriklərlə yanaşı, atmosferi çirkləndirən əsas amillərdən biri də avtomobillərdir. Bakıda 700-800 min işləyən avtomobil var, bu da çoxdur. Bakının relyefi amfiteatr şəklindədir. Elə küçələrimiz var ki, xüsusilə yay aylarında oradan keçmək çox çətin olur. Atmosferdə yığılan qazlar aşağı çökür. Şəhərsalmada həm relyef, amfiteatr xüsusiyyətləri, landşaft və iqlim nəzərə alınmalıdır. Şəhərdə elə binalar var ki, onların arasından keçəndə külək çox güclü olur. Amma həmin ərazidən kənarda elə deyil. Hündür binalar əraziyə qənaət üçün lazımdır, lakin onlar elə tikilməlidir ki, biri digərinə mane olmasın.
XƏBƏR LENTİ