12:39 Oxunub: 307

"Rusiya və Türkiyə Liviyada ortaq məxrəcə gələcək"-RƏY

"Rusiya və Türkiyə Liviyada ortaq məxrəcə gələcək"-RƏY



Bu gün Moskvada Liviyada savaşan iki tərəf – Faiz Sərrac və general Xəlifə Xəftər arasında atəşkəs imzalanacaq. Bazar günü saat 1-dən etibarən Liviyada atəşkəs elan olunub.
Moskva görüşündən əvvəl isə Faiz Sərrac İstanbula gedərək Türkiyə prezidenti ilə görüşüb. Bu gün Moskvada keçiriləcək prosesdə isə tərəflərlə yanaşı Rusiya, Türkiyə XİN rəhbərləri həmçinin Misir və BƏƏ nümayəndələri iştirak edəcək. Liviyada atəşkəs çağırışını Türkiyə və Rusiya prezidentləri ötən həftə edib, əvvəlcə X.Xəftər rədd etsə də sonradan atəşkəsə razılaşıb. Qeyd etmək lazımdır ki, hazırda Liviyada savaşan iki tərəfdən birini – Faiz Sərrac hökumətini Türkiyə hökuməti dəstəkləyir, yanvarın 2-də Türkiyə Liviyaya Sərrac hökumətinə dəstək üçün qüvvə göndərməklə bağlı qərar qəbul edib. Liviyada ikincə əsas qüvvə olan Xəlifə Xəftərə isə BƏƏ, Misirlə yanaşı Rusiya dəstəkləyir. Xəftər Rusiyada hərbi təsir aldığı üçün Moskvanın onun üzərində ciddi təsiri var, üstəlik Xəftərə 2 min nəfərə yaxın "Vagner" silahlıları yardım edir. Beləliklə, hazırda Liviyada savaşan iki tərəfin arxasında Rusiya və Türkiyə var. Bu isə Suriya ssenarisini xatırladır. Rusiya və Türkiyə Suriyada rəqib olsalar da, faktiki olaraq prosesləri birgə idarə edirlər. Məhz bu birgəlik nəticəsində Türkiyə kürdləri, Rusiya isə Amerika qüvvələrinin Suriyanın şimalından çıxara bildi. İndi isə oxşar situasiya Liviyadadır. Türkiyə və Rusiya savaşan tərəflərə nəzarət etməklə faktiki olaraq ölkəyə təsir edir, ehtimal ki, Ankara və Moskva yaxın dövrdə atəşkəs və sülh danışıqlarını başlatmaq, bununla da Liviyanı ABŞ və Avropanın təsir dairəsindən çıxarmağı planlayırlar.
Mövzu ilə bağlı politoloq Məhəmməd Əsədullazadə açıqlama verib. O, bildirib ki, Liviyada vətəndaş müharibəsi BMT tərəfindən tanınan Liviya Milli Razılıq Hökumətinin başçısı Faiz Sərrac hökuməti ilə Xəlifə Xəftər arasındakı silahlı toqquşma davam edir:
"Xəftər silahlı quruplaşmasına Rusiya və digər ölkələr, Sərrac hökumətinə isə Türkiyə, Qətər və bir neçə ölkə dəstək verir. Hazırda iki tərəf arasında davam edən toqquşma beynəlxalq müstəviyə, regional münaqişəyə və böyük fövqəl dövlətlərin maraq toqquşmasına gətirib çıxarır. Xüsusilə burada Rusiya "Vaqner" qruplaşmasının muzdlu döyüşçüləri ilə Xəlifə Xəftərə, Türkiyə isə öz silahlı qüvvələri vasitəsilə Sərrac hökumətinə dəstək verir. Demək olar ki, artıq Rusiyanın muzdlu əsgərləri Tripoli yaxınlığında Xəlifə Xəftərə dəstəyini artırıb. Türkiyə öz regional siyasəti baxımından məhz Sərrac hökumətini dəstəkləyərək eyni zamanda Türkiyə Böyük Millət Məclisindən razılıq alaraq öz hərbiçilərini artıq Liviyaya göndərib. Göründüyü kimi, Suriyada iki dövlətin koordinasiyalı şəkildə birgə fəaliyyətinə baxmayaraq Liviyada tərəflərin hərbi toqquşması üçün artıq real mənzərə yaradıb. Baxmayaraq ki, Rusiya Liviyada rəsmən iştirakını təkzib etsə də "Vaqner" muzdlu ordusunun burada iştirakı hər şeyi aydın şəkildə göstərir. Putinin yanvarın 8-də "Türk axını" qaz çəkilişində Türkiyəyə gəlişi və burada Ərdoğanla apardıqları danışıqlarda görünür ortaq məxrəc artıq əldə olunub. Xəlifə Xəftər ilə Sərrac hökuməti arasında artıq razılıq var və tərəflər bu gündən başlayaraq Moskvada danışıqlar aparacaqlar. Amma atəşkəs elan olunmasına baxmayaraq Xəlifə Xəftər hökuməti Türkiyəyə məxsus pilotsuz uçuş təyyarəsini vurdu. Bu da onu göstərir ki, Xəftər Türkiyəyə qarşı dirəniş göstərmək istəyir və Türkiyənin burada hərbi iştirakını özünün uğursuzluğu kimi görür. Hesab edirəm ki, Türkiyənin pilotsuz uçuş aparatının vurulması böyük bir miqyasda müharibəyə səbəb olmayacaq. Əlbəttə ki, Türkiyə də cavab addımları atır yəni müəyyən qədər Xəftərin muzdlu döyüşçülərinə zərbələr endirilib. Moskvada tərəflər arasında ciddi danışıqlar gedir. Hesab edirəm ki, tərəflər arasında atəşkəs əldə olunacaq və Rusiya ilə Türkiyə Suriyada olduğu kimi, burada da ortaq məxrəcə gəlib Liviyada yeni bir hökumət təsis edə bilərlər. Düşünürəm ki, Xəlifə Xəftər bir müddətdən sonra Sərrac hökumətini dəstəkləyə bilər, baxmayaraq ki, Türkiyəyə qarşıdır. Amma Rusiyanın güclü təziqi ilə Xəlifə Xətər müəyyən qədər geri çəkilməli olacaq".
XƏBƏR LENTİ