10:10 Oxunub: 254

Şanxayda Azərbaycanın da iştirak etdiyi II Çin Beynəlxalq İdxal Sərgisi işə başlayıb

Şanxayda Azərbaycanın da iştirak etdiyi II Çin Beynəlxalq İdxal Sərgisi işə başlayıb

Çinin maliyyə və biznes mərkəzi hesab olunan Şanxay şəhərində II Çin Beynəlxalq İdxal Sərgisi işə başlayıb.

AZƏRTAC xəbər verir ki, 155 ölkə və regionun, 26 beynəlxalq təşkilatın qatıldığı sərgi idxal məhsullarının Çin bazarına girişini təşviq etmək və bu işə dəstək məqsədi daşıyır. Sərgidə 62 ölkənin milli pavilyonu fəaliyyət göstərir. Ümumi ekspozisiya sahəsi 360 min kvadratmetr olan sərgidə 3893 şirkət iştirak edir.

Azərbaycan bu il sərgidə milli pavilyonla təmsil olunur. Qida məhsulları, o cümlədən şərab və spirtli içkilər, qənnadı məmulatları, meyvə şirələri və kompot, quru meyvələr, mineral sular, konservlər istehsal edən 26 şirkətimiz məhsullarını yerli idxalçılara təqdim edir. Azərbaycan məhsulları həm sərginin milli pavilyonlar, həm də biznes bölməsində nümayiş olunur.

Bir neçə ölkənin dövlət və hökumət başçısının, yüksək vəzifəli rəsmilərin iştirak etdiyi sərginin açılış mərasimində çıxış edən Çin Xalq Respublikasının Sədri Si Cinpin Şanxay sərgisinin hökumətin daxili bazarın idxal məhsullarına daha açıq olmasını təmin etmək istiqamətindəki səylərinin bir hissəsi olduğunu deyib.

Sərgidə Azərbaycandan Baş Nazirin müavini, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərliyi ilə nümayəndə heyəti də iştirak edir. Nümayəndə heyətinin tərkibinə Azərbaycanın Çindəki səfiri Əkrəm Zeynallı, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, Kənd Təsərrüfatı nazirinin müavini Elçin Zeynalov və digər şəxslər daxildir. Nümayəndə heyətinin üzvləri sərgi çərçivəsində təşkil olunacaq forumlarda iştirak və çıxış edəcəklər. Bundan başqa, ikitərəfli görüşlərdə Azərbaycan ilə Çin arasında iqtisadi-ticari əlaqələrin inkişaf məsələləri müzakirə olunacaq.
XƏBƏR LENTİ